Əlyazma-8

Font:      

Duzlu torpaqların əmələ gəlməsinə qrunt sularının,iqlimin, torpağın mexaniki tərkibinin bilavasitə təsiri vardır. Daha doğrusu, iqlim nə qədər quraqlıq olarsa, torpağın mexaniki tərkibində ağır gilli nə qədər çox olarsa torpaqların duzlaşması bir o qədər sürətlə keçər. Aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, qrunt sularının səviyyəsi 1,5-3 metr olarsa, bu halda şoran torpaqların törəməsi şərtdir.
Bundan başqa, şoran torpaqlar süni suvarılma vasitəsilə də əmələ gələ bilir. Belə şoran torpaqlara “təkrar şoran torpaqlar” deyilir. Təkrar şoranların əmələ gəlməsi təbiətdə iki cür keçir:
1) Suvarma üsulları torpağa süzüldükcə qrunt suları ilə əlaqəyə girərək, yüksək buxarlanma nəticəsində həll olunan duzları torpağın üst qatında toplayır.
2) Duzlu suvarma suları buxarlanma nəticəsində tədricən torpaqda duzları toplayıb, təkrar şoran torpaqlar əmələ gətirirlər.
Şoran torpaqlarda duzların tərkibi çox müxtəlifdir. Ən çox yayılmış duzlardan:
Na Cl, Na2 SO4, Na2 CO3, Na H CO3, Mg Cl2, Mg SO4, Mg CO3, Ca Cl2, Ca CO3 və Ca SO4 göstərmək olar.
Bu duzların torpaqda toplanması şoran torpaqların əmələ gəlməsi üçün zəruri şərtlərdən sayılır. Qeyd etmək lazımdır ki, yuxarıda göstərdiyimiz duzların bəziləri bitki həyatı üçün zəruri sayılırsa, bəziləri bitkinin inkişafına zərər verici təsir edir. Xüsusən xlorid duzları bitkinin inkişafına böyük maneçilik göstərir. Aparılan tədqiqatlar nəticəsində tapılmışdır ki, əgər torpaqda xlorid və sulfat duzlarının miqdarı 0,1% olursa bu halda bitkilər çox zəif cücərir. Bu duzların faizi 0,3, 05% olarsa, bitkilər tamamilə tələf olur.
Bitkilərin tələf olması bəzi duzların bitki köklərinə zərərli bir maddə kimi təsirindən irəli gəlir. Bitkilər üçün xüsusən zərərli olan maddələrdən sodanı (Na2 CO3) göstərmək olar. Təcrübələr nəticəsində tapılmışdır ki, əgər torpaq məhlulunda Na2 CO3 miqdarı 0,005%-dən artıq olursa bu halda bitki tələf olur. Bu duzlardan başqa Na Cl, , Mg Cl2, Ca Cl2-də Cl birləşmələri olduğuna görə, bunlar da bitkilər üçün zərərli duzlardan sayılır. Ca CO3 və Ca SO4 duzu isə bitki üçün zərərsiz birləşmələrdəndir. Torpağın şoranlıq dərəcəsinin göstəricisi torpaqda olan ümumi duzların miqdarıdır. Bu duzların miqdarı bəzən torpaqda 3-5%, bəzi isə 30-40%-ə yüksələ bilir. Buna görə də, ümumən şoran torpaqları şoranlıq dərəcəsinə görə: zəif şoran, orta şoran, şiddətli şoran və şoran torpaqlar olaraq biri-birindən fərqləndirirlər. Şoran torpaqlar ayrı-ayrı duzların tərkibinə görə, xüsusilə duzların ionlarına görə aşağıdakı növlərə ayırırlar:
1) Xloridli şoran torpaqlar.
2) Sulfatlı şoran torpaqlar.
3) Karbonatlı şoran torpaqlar.
Kationlara görə isə Na şoranı, Mg şoranı və Ca şoranı olaraq daha 3 yerə ayırırlar. Ümumilikdə şoran torpaqların tərkibində, bəzi duzların az və ya çox olması bunların morfoloji quruluşuna da təsir edir. Bu səbəbə görə şoran torpaqları 3 genetik növə ayırırlar.
1) Yumşaq şoran torpaqlar.
2) Yaş şoran torpaqlar.
3) Qara şoran torpaqlar.
Yumşaq şoran torpaqlar: quraqlıq rayonlarda torpaq yüksəkliklərində yayılmışdır. Bu torpaqların üst qatı duzlu, çox quru qatdan ibarətdir. Adi insan hərəkəti zamanı şoran torpaqların üzəri tozlana bilir.
Yumşaq şoran torpaqlarının əmələ gəlməsi, bu torpaqlarda çoxlu miqdarda Na2 SO4 duzunun olması ilə əlaqələlidir.
Yaş şoran torpaqlar: Bu torpaqlar, şoran torpaqlardan yuxarı tozlu qatın olması ilə fərqlənir. Əksinə yaş şoran torpaqların üst qatı daima nəmiş və qaramtıl halda olur. Ən isti havalarda bu torpaqların üst qatında 2-4 sm qalınlığında duz qaysağı əmələ gəlir. Yaş şoran torpaqların tərkibində ən çox Ca Cl2 duzları yayılmışdır. Bu duzun əsas xüsusiyyəti, o da duzun hiqroskopikliyidir . Yəni nəmişli havada nəmliyi özündə tutur və torpağın üst qatını daima nəmli halda saxlayır. Bu kimi torpaqlara yaş şoran torpaqlar deyilir.
Qara şoran torpaqlar: Xarici görünüşünə görə yaş torpaqlara çox oxşayır. Ancaq bu torpaqların üst qatı qaramtıl rəngdədir. Qara şoran torpağın əsas xüsusiyyətlərindən biri, onu tərkibində Na2 CO3 duzunun başqa duzlara nisbətən daha çox olmasıdır.
Sodanın bu torpaqlarda olması qələvi reaksiya yaradır və torpaqda olan azacıq üzvü maddələri həll edib torpağın üst qatına qaramtıl rəng verir. Ümumilikdə şoran torpaqlar bitkilər üçün əlverişli olmadığına görə, çox v buaxt torpaqlar istifadə olunmamış halda qalır.

Şorakət torpaqlar.
Bu torpaqlar udma kompleksində natrium kationunun olması ilə xarakterizə edilir. Bundan başqa şorakət torpaqların üst qatları həll olunan duzlardan yuyulmuş olurlar. Ümumilikdə, şorakət torpaqlar şoran torpaqların yuyulmasından əmələ gəlir. Bəzi halda şorakət torpaqlara duzlu qrunt sularının təsiri nəticəsində, şorakət torpaqlar şoran torpaqlara keçə bilir. Buna görə də, sahənin iqlim şəraitindən, qrunt sularının təsirindən və ana süxurun xarakterindən asılı olaraq,bəzi vaxtlarda ilin nəmişli mövsümlərində şoran torpaqlar müvəqqəti yuyularaq şorakət torpaqlara, quraqlıq fəsillərdə isə əksinə şorakət torpaqlar şoran torpaqlara çevrilə bilir. Şorakət torpaqların tərkibində Na kationunun olması onun kimyəvi tərkibinə və fiziki xassəsinə təsir edir. Buna görə də, birinci növbədə Na kationu bu torpaqlarda qələvi reaksiya yaradır, daha doğrusu şorakət torpaqlarda qələvilik reaksiyasını yaradan qeyd etdiyimiz kimi onların tərkibində Na2 CO3 (sodanın) olmasıdır.
Şorakətli torpaqlarda sodanın əmələ gəlməsini aşağıda qeyd etdiyimiz reaksiya ilə izah etmək olar. (udma kimp) Na + H 2 O + CO 2 = (udma kimp) H + NaHCO 3
Şorakət torpaqlarda H + NaHCO 3 birləşməsinin olması torpaqda olan kolloid zərrələri sabitliklərini itirirlər,bu onların yuyulmasına səbəb olur və torpaqlar da strukturunu itirərək tozlaşmağa başlayırlar. Qələvi reaksiyası nəticəsində torpağın üzvi maddələri yuyularaq, aşağı qatlara aparılır. Əgər bu proses uzun davam edərsə, şorakət torpaqların üst qatı açıqlaşmağa başlayır.
Fiziki xassəcə şorakət torpaqların bir çox mənfi əlamətləri də ortaya çıxır. Nəmişli halda palçıqlı olan üst qat qurularkən, nazik qaysaq əmələ gətirir. İllüvial qatda duzların çox olması ilə əlaqədar olaraq, bu qat şaquli vəziyyətdə yarıqlara parçalanaraq sütunvarı struktur əmələ gətirir. Bu da şorakətli torpaqların səciyyəvi əlamətlərindən sayılır.
Ellüvial qat isə yuyulma prosesinin təsiri altında açıq boz kül rənginə çevrilir. Bəzən bu qatın strukturu da belə olmur. Yuxarıda qeyd etdiyimiz kimi, şorakətli torpaqların üst qatı tamamilə duzlardan yuyulmuş, illüvial qat isə bu duzlarla zəngin olmuşdur. Bu torpaqların şorakətlik dərəcəsi Na kationunun miqdarı ilə təyin edilir. Buna görə də, ümumiyyətlə şorakətli torpaqlar:
şiddətli şorakətli, şorakətli və zəif şorakətli olaraq, biri-birindən fərqlənirlər.

Solod torpaqları.
Şorakət torpaqların təbii şərait içərisində dərindən dəyişilməsi nəticəsində əmələ gəlmiş torpaqlara “solod torpaqları” deyilir. Akademik Hedroits solod torpaqlarının törəməsini aşağıda qeyd etdiyimiz kimi təsvir edir. Şorakətli torpaqlarda Na kationunun olması ilə əlaqədar olaraq, qələvi reaksiyası yaranır. Bu qələvilik birinci növbədə torpağın üzvü maddələrini həll edici vəziyyətə keçirərək, torpağın yuyulması üçün şərait yaradır və tədricən şorakətli torpaqların üzvü maddəsi azalmağa başlayır. Bundan başqa qələvi reaksiya torpağın kolloidlərinə də təsir edir. Daha doğrusu Na kationunun təsiri ilə püxtələşmiş “Hel” kolloidləri “Zol” kolloidlərinə keçərək torpaqdan yuyulmağa başlayır. Daha sonra şorakətli torpaqların udma kompleksi zəif quruluşa malik olduğuna görə (Na kationuna görə,) suyun təsiri altında şorakətli torpaqların udma kompleksi parçalanmağa başlayır. Bu səbəbdən də udma kompleksinin humat birləşmələri yuyulduqdan sonra alimo silikat hissəsində (mineral hissəsi) sadə birləşmələrə parçalanır. Bu parçalanma nəticəsində silikat, dəmir hidratları və alüminium hidratları əmələ gəlir. Suyun təsiri nəticəsində dəmir və alüminium hidratı aşağı qatlara yuyulur. Silikat birləşmələri isə amorf şəklində torpağın ellüvial qatında toplanır. Belə ki, şorakətli torpaqlar istər morfoloji cəhətdən və istərsə kimyəvi tərkibinə görə tamamilə başqa torpağa çevrilir. Yuxarıda qeyd etdiyimiz şorakətli torpaqların bu proses nəticəsində yeni bir torpaq tipinə çevrilməsinə “solodlaşma prosesi”, əmələ gələn torpaqlara isə “Solod” torpaqları adı verilmişdir.
Solod torpaqlarının xüsusi morfoloji quruluşu vardır. Bu kimi torpaqların “A” qatı açıq boz rəngində, allüvial qat isə (B) ağımtıl rəngə malikdir. İllüvial (C) qatında çox nadir hallarda dəmir birləşmələrinə də təsadüf etmək olur. Bu cəhətdən solod torpaqların az-çox podzol torpaqlara oxşarı vardır. Nəhayət solod torpaqların daha bir xüsusiyyəti, onların udma kompleksində “H” kationunun olmasıdır.
Beləliklə, duzlu torpaqların təkamül sxemini aşağıda qeyd etdiyimiz kimi təsəvvür etmək olar.
Şoran torpaqların yuyulmasından şorakətli torpaqlar, şorakətli torpaqların dəyişilməsindən isə solod torpaqlar əmələ gəlir. Bu hər üç torpaq növü duzlu torpaqların ayrı-ayrı mərhələsidir və bunların bir-biri ilə genetik əlaqəsi vardır.

Şoran və şorakət torpaqların yaxşılaşdırma üsulları.
Şoran və şorakət torpaqların təsərrüfatda istifadəsi üçün müəyyən tədbirlər görmək lazımdır. Şoran torpaqların yaxşılaşdırılması üçün birinci növbədə bu torpaqlarda olan çoxlu miqdarda həll olunan duzların suvarılma suları vasitəsilə yuyulması zəruridir. Buna görə də, şoran torpaqları qış mövsümlərində yumaq məsləhət görülür. Bundan başqa xüsusi mühəndislik üsulları ilə də şoran torpaqları yaxşılaşdırmaq mümkün olur.
Birinci növbədə şoran torpaqların duzlaşmasının qarşısını almaq üçün duzlu qrunt sularının təsirini kəsmək lazımdır. Əgər qrunt sularının torpağa təsiri davam edərsə, həmin suvarılma suları vasitəsilə müvəqqəti olaraq duzlar yuyulur, quraqlıq vaxtlarda isə torpaqlar təkrar duzlaşa bilir. Şoran torpaqlarda aparılan mühəndislik tədbirləri zamanı onların yaxşılaşdırılması üçün müəyyən “drenaj” üsulları təklif olunmuşdur. Bu halda duzlaşmış sahədə müəyyən məsafə və dərinlikdə xüsusi kanallar (drenajlar) qazılır və suvarma vaxtında sahədə olan duzlu sular torpaq layından süzülərək bu kanallara toplanır. Ayrı-ayrı drenajlar böyük bir maqisrtal (əsas) kanala (kollektor) birləşərək, duzlu suvarma və qrunt suları xüsusi dizellər vasitəsilə kanaldan kənar yerlərə axıdılır. Şoran torpaqlar bir neçə dəfə bu cür yuyulduqdan sonra, orada çox illik bitkilərin becərilməsi lazımdır. Bu bitkilərin kökləri torpağın strukturunu yaxşılaşdıraraq, onların fiziki xassəsini, daha doğrusu havalanmasını, su keçirməsini və bu kimi xassələrini normal hala keçirir. Şorakət torpaqları yaxşılaşdırmaq üçün müəyyən kimyəvi tədbirlər aparmaq lazımdır. Bildiyimiz kimi, şorakət torpaqlar udma komplekslərində Na kationunun olması ilə xarakterizə edilir və torpaqda şorakətliyi yaradan Na kationudur. Buna görə də, şorakət torpaqları gipsləşdirirlər. Bundan məqsəd Na kationunu kalsium ilə əvəz etməkdir.
[udma kopmp] Na + Ca SO4 = [udma komp.] Ca + Na2 SO4
Beləliklə, şorakət torpaqların udma kompleksi kalsium ilə əvəz olunduqdan sonra birinci növbədə bu torpaqların strukturu yaxşılaşır və suya davamlığı artır. Struktur xırda qozavarı şəklə keçdikdən sonra orada baş verən biokimyəvi proseslər də normal vəziyyət alır və torpaqlar get-gedə üzvü maddələrlə zənginləşirlər. Bu kimi kimyəvi tədbirlərdən sonra torpaqlar mədəni və məhsuldar torpaqlara çevrilə bilirlər.

Laterit tipli torpaqların əmələgəlmə prosesi.
Lateritlər, qırmızı və sarı torpaqlar.
Laterit tipli torpaqlar yer kürəsində böyük sahə tutmuşdur. Bu torpaqlar öz adını “later” sözündən almışdır. Yunan dilində “kərpic” deməkdir. Həqiqətdə bu torpaqların rəngi qırmızı kərpici rəngdə olur. Laterit tipli torpaqlara: lateritlər, qırmızı torpaqlar və sarı torpaqlar daxildir. Laterit torpaqların yayıldığı tropik zona aşağıda qeyd etdiyimiz iqlimə malikdir. Burada yağıntı 1500-2000 mm qədər, orta illik temperatur isə 25-30°-ə çatır. Atmosfer də yüksək nəmliyə malikdir. Qeyd etdiyimiz bu iqlim şəraitinin torpağın əmələ gəlməsinə bilavasitə təsiri vardır. Bu, birinci növbədə üzvü maddələrin şiddətlə parçalanmasına şərait yaradır. Demək olar ki, yer kürəsində heç bir zona tropik zona kimi üzvü maddələri şiddətlə parçalamır. Yüksək temperatur və nəmliyin təsiri altında bitki qalıqları tamamilə minerallaşırlar və nəticədə CO2, azot və kükürd turşusu əmələ gəlir. Bitkin qalıqlarının cüzi bir hissəsi humusa çevrilir. Bu kimi üzvü maddələrin şiddətli parçalanması nəticəsində torpağın mineral birləşmələrində şiddətlə aşınma başlayır. Bəzən bu proses o qədər davam edir ki, laterit torpaqları ana süxurdan ayırmaq çətin olur. Bitki örtüyü tropik zonada bir tərəfdən otlu bitkilərdən, digər tərəfdən isə daimi yaşıl meşəliklərdən ibarətdir. Tipik laterit torpaqlar meşə bitkiləri altında inkişaf tapmışdır. Ana süxurlarına gəlincə, burada silikat və alimo-silikatlarla zəngin süxurlar yayılmışdır. Burada xüsusən qneys, qranit, diabaz, diorit və bazalt kimi süxurları göstərmək olar. Lateritləşmə prosesi və laterit torpaqlar alimo silikatlardan zəif olan qumsal, mergel və qum çöküntüləri üzərində zəif inkişaf tapmışdır. Tropik zonanın relyefi nisbətən girintili-çıxıntılıdır. Laterit tipli torpaqların torpaq əmələgəlmə prosesi əsasən üzvü və mineral maddələrin parçalanması təsiri altında keçir. Kimyəvi cəhətdən tipik laterit tipli torpaqların üst qatı dəmir birləşmələri ilə (oksidləri) ilə zəngin olurlar, SiO2 və Ca, Mg maddələrinin miqdarı isə az olur. Bitki qalıqlarının çoxluğuna baxmayaraq, laterit torpaqlarda humus maddəsi az olur. Orta hesabla laterit torpaqların humusu 6-7%-dən yuxarı qalxmır.
Laterit torpaqların illüvial qatında dəmir birləşmələri nazik qaysaq və konqresiya şəklində gözə çarpır. Rixtqofenin göstərdiyinə görə, laterit torpaqların qalınlığı bir necə 10 metr qalınlığında olur. Buna görə də bu torpaqlar qədim törəmiş torpaqlardan sayılır. Laterit torpaqlar, podzol torpaqlar gilli əsaslarla doymamış torpaqlardan sayılır. Buna görə də udma kompleksində hidrogen ionu kalsiumu, Mg görə üstün olur. Torpaq məhlulunun reaksiyası turşdur.
Laterit tipli torpaqların daha başqa bir növü qırmızı torpaqlardır. Onları bəzən başqa cür, “Terra-rossa” adlandırılar. Bu torpaqlar laterit torpaqlardan dəmir birləşmələrin olmaması ilə və torpaq layının qalınlığının az olması ilə fərqlənirlər. Bu kimi torpaqlara Qara dəniz sahilində, xarici ölkələrdən isə Macarıstan və Rumıniya ərazisində təsadüf etmək olar. Kimyəvi tərkibinə görə, qırmızı torpaqlarda ən çox Mn birləşmələri yayılmışdır.
Torpağa qırmızımtraq rəng verən elə bu birləşmələrdir. Laterit torpaqlar kimi qırmızı torpaqlar da əsaslarla doymamış torpaqlardan sayılır, onların da reaksiyası turşdur. Bu torpaqlarda humusun miqdarı 2-3%-dən yuxarı qalxmır. Bəzən qırmızı torpaqlarda podzollaşma əlamətlərinə də təsadüf etmək olur. Nəhayət laterit torpaqlarla qırmızı torpaqlar arasında keçid olan sarı torpaqlardır. Bu torpaqlar Zaqafqaziyada- Gürcüstan və Azərbaycanın ərazisisndə geniş yayılmışdır. Kimyəvi tərkibinə görə sarı torpaqlar dəmir oksidləri ilə zəngindirlər və humusun azlığı ilə xarakterizə olunurlar.
Sarı torpaqlar yüksək nəmliyin təsiri altında podzollaşma prosesinə məruz qalırlar. Buna görə də sarı torpaqlarda bəzən aydın bəzən isə gizlin podzol qatına təsadüf etmək olur. Əgər biz yuxarıda qeyd etdiyimiz laterit torpaqlar haqqında verdiyimiz məlumatı nəzərdən keçirmiş olsaq, demək olar ki, laterit tipli torpaqlar podzol torpaqların əks profilidir. Əgər podzol torpaqlarda bir yarım oksidlərin birləşmələri (Al2 O3 – Fe2 O3) aşağı qatlarda toplanırsa, laterit tipli torpaqlarda bu birləşmələr əsasən üst qatda toplaşmışdır. Bu misal SiO2 birləşmələrinə də aiddir. Buna baxmayaraq, laterit tipli torpaqların törəməsi podzol torpaqların törəməsinə oxşar bir proses altında keçir. Yüksək nəmliyin təsiri altında podzol torpaqlar kimi laterit torpaqlarda da üzvü maddələrin yuyulması, udma kompleksinin parçalanması və suyun təsiri altında bu torpaqların əsaslarla doymamış torpaqlar halına çevrilməsi baş verir və podzollaşma prosesində olduğu keçir. Buna görə də laterit tipli torpaqlarda torpaq əmələgəlmə prosesi podzol torpaqlarda gedən prosesə uyğun baş verir. Təsərrüfata yararlılıq baxımından, laterit tipli torpaqlar qiymətli torpaqlardan sayılır.Bu torpaqlarda xüsusilə sitrus bitkiləri özləri üçün əlverişli şərait tapmışlar.

SSRİ ərazisində yerləşən dağlıq ölkələrin torpaqları.
SSRİ torpaqlarında dağlıq ölkələr böyük bir ərazini tutmuşdur. Bu ölkələrin xüsusi relyefi, iqlim şəraiti olduğuna görə burada torpaq əmələgəlmə prosesi və torpaq örtüyü düzənlik rayonlardan fərqlidir. Dağlıq rayon üçün ən səciyyəvi olan torpaqların yayılmasında-şaquli yayılma qanunudur. Daha doğrusu tədricən hündürlüklərə qalxdıqca müxtəlif torpaq qurşaqları bir-birini əvəz edir. Ayrı-ayrı dağlıq rayonlarında torpaq tiplərinin xarakteri və yayılması çox müxtəlifdir. Bu səbəbdən də SSRİ ərazisində olan bütün dağlıq rayonlarının bu ərazilərə ayrılması vacibdir: Qafqaz, Krım, Ural və Orta Asiya.
Qafqaz: Qafqazın torpaq örtüyü olduqca mürəkkəb və müxtəlifdir. Çünki bu dağ ölkəsi istər öz relyefinə görə, istərsə də geoloji quruluşuna görə, iqlim şəraiti, bitki örtüyü və başqa bu kimi təbii şəraitləri ilə torpaq əmələgəlmə prosesinin müxtəlif şəkildə keçməsinə şərait yaradır. Qafqazda hündür dağlar çox olduğuna görə, burada torpağın şaquli zonal qanunu daha çox inkişaf etmişdir. Demək olar ki, Qafqazda SSRİ ərazisində olan bütün torpaq tiplərinə təsadüf etmək olur. Hətta bəzi torpaq dəyişmələri SSRİ ərazisinin düzənlik hissəsində daha geniş yayılmışdır. Məsələn: Bitki örtüyünə gəlincə, burada tundra zonasına nisbətən zəngin otlaqlardan ibarət alp zonaya, daha sonra yüksək dağlıq meşə zonasına, düzənlik zonasına, səhra düzənlik zonasına və subtropik zonaya təsadüf etmək olur. Professor Zaxarovun apardığı tədqiqatlar nəticəsində bütün Zaqafqaziyanı qərb, şərq və cənub torpaq vilayətlərinə ayırırlar.

Qərbi Zaqafqaziya.
Bu ərazidə Qara dəniz sahilindən yüksək dağ rayonlarına qalxdıqca qeyd etdiyimiz torpaq zonaları yerləşmişdir:
1) bataqlıq podzol zonası: bu zona əsasən Kolxid düzənliyində yerləşmişdir. Buranın iqlimi nəmişli olduğuna görə, burada bataqlıq, yarım bataqlıq və bataqlıq podzol torpaqlar daha geniş inkişaf etmişdir.
2) podzol–qırmızı torpaq zonası: Qərbi Zaqafqaziyanın aşağı dağlıq hissəsində və dağ ətəklərində yerləşmişdir. İqlimi nəmişli mülayim istidir . Burada meşə bitkiləri inkişaf tapmışdır. Ana süxurlarına gəlincə, əhəng daşı və delüvial çöküntülərə təsadüf etmək olur. Torpaq örtüyü müxtəlif qırmızı və podzollaşmış qırmızı torpaqlardan ibarətdir.
3) Dağ–meşə zonası: 600-2000 metr hündürlüyündə geniş bir sahə tutur. Çox girintili-çıxıntılı relyefə malik olub, iqlimi də nəmişli mülayim soyuqdur. Müxtəlif kristallik süxurlar inkişaf tapmışdır. Torpaq örtüyü qonur podzollaşmış meşə torpaqlarından, podzollaşmış və çürüntülü karbonatlı torpaqlardan ibarətdir.
4) Dağ-çəmən və dağ-tundra zonası: 2000 metr yüksəkdə tamamilə meşəsiz sahəni işğal etmişdir.
Burada az çox daimi buzlaq ləkələrinə də təsadüf etmək olur. İqlim çox soyuq, biti örtüyü isə subalp çəmən bitkilərindən ibarətdir.Burada əsasən geniş yayılmış torpaq bitkilərini və torflu dağ-çəmən torpaqlarını qeyd etmək olar.

Şərqi Zaqafqaziya (Azərbaycan)
Şərqi Zaqafqaziya təbii şəraitinə görə tamamilə qərbi Zaqafqaziyanın əksidir. Buranın iqlim şəraiti qərbi Zaqafqaziyadan nisbətən daha çox fərqləndiyinə görə tamamilə başqa torpaq zonaları inkişaf tapmışdır.
1) Boz torpaq zonası: Bütün Kür-Araz ovalığını işğal etmişdir. Relyefi düzənlikdir, iqlimi quraqlıq olub kontinental xarakterə malikdir. Yağıntının miqdarı 200-300 mm. Orta illik temperatur isə 13-15°-dır. Ana süxurları qədim və müasir allüvial çöküntülərdən ibarətdir. Kür-Araz ovalığının kənar hissəsində delüvial çöküntülərə də təsadüf etmək olur. Bitki örtüsü Efemer (qısa müddətli bitki) və kserofit bitkilərdən ibarətdir. Torpaq örtüsü müxtəlif boz torpaqlardan ibarətdir. Yerin bəzi enişliklərində şoran və şorakət torpaqlar da inkişaf tapmışdır. Nəhayət Kürün sahillərində zəif bataqlaşmış torpaqlar da yayılmışdır.
2) Şabalıdı və qonur torpaq zonası: Bu zona dağ ətəklərinin az hissəsini əhatə edir. İqliminə görə Kür-Araz ovalığına nisbətən nəmişlidir. Yağıntının miqdarı 400 mm-ə çatır.
Bitki örtüyü düzənlik bitkilərindən ibarətdir. Ana süxurlarına gəlincə burada lösə bənzər gilləşmiş merkollər və qumsal şistləri qeyd etmək olar. Əsas yayılmış torpaq tiplərindən şabalıdı və qonur torpaqları göstərmək olur. Kür-Araz ovalığında qeyd etdiyimiz kimi bu zonanın da enişliklərində şoran və şorakət torpaqlar inkişaf etmişdir.
3) Qara torpaq zonası: Bu zona, şabalıdı qonur torpaqların zonasının yuxarı hissəsini əhatə edir və meşə zonası ilə səhra düzənlik zonasının arasında yerləşir. Azərbaycanda qara torpaq zonası ancaq Kiçik Qafqaz dağlarının yuxarı hissəsində inkişaf tapmışdır. İqlimi nisbətən nəmişli olub, çox müxtəlif və zəngin düzənlik bitki örtüyünə malikdir.
Şərqi Zaqafqaziyada qara torpaqların törəməsi keçmiş meşəlik massivlərdə əmələ gəlir. Meşə örtüyü istər təbii və istərsə süni sürətdə insanlar tərəfindən qırıldıqca bu sahələri tədricən düzənlik bitkiləri örtməyə başlayır. Bu bitki örtüyün təsirindən keçmiş meşə torpaqları morfoloji və kimyəvi tərkibinə görə dərindən dəyişərək qara torpaqlara çevrilir. Bu səbəbə görə də Azərbaycanın qara torpaqlarının aşağı qatlarında meşə torpaqlarından miras qalmış gilləşmiş qatlara da təsadüf etmək olar. Qara torpaq zonasın üçün, karbonatlı qara torpaqların da yayılması xarakterikdir.
4) Dağ-meşə zonası: Bu zona qara torpaq zonası ilə dağ-çəmən zonası arasında 2000-2600 metr hündürlükdə yerləşmişdir. Yağıntının miqdarı 500-1200 mm, temperatur isə 6°-12°-dir. Bitki örtüyü çox müxtəlif meşə bitkilərindən ibarətdir. Torpaq örtüyü isə boz, qonur meşə torpaqlarından və zonanın yuxarı hissəsində isə skeletli meşə torpaqlarına təsadüf etmək olur.
5) Dağ-çəmən və dağ-tundra zonası: Bu zona şərqi Zaqafqaziyanın 2800 metr hündürlüklərində yerləşmişdir. Başqa zonalarda olduğu kimi dağ-çəmən zonanın da iqlimi çox soyuq və qısa yay fəslinə malikdir. Dağ-tundra zonası şərqi Zaqafqaziyada ancaq yüksək dağ zilvələrini əhatə edir. Burada tipik alpik və subalp bitkilər inkişaf tapmışdır. Təbii şəraitdən asılı olaraq, burada torpaq əmələ gəlmə prosesi çox zəif keçir. Buna görə də dağ-çəmən zonasında zəif inkişaf tapmış ibtidai torpaqlara təsadüf etmək olur. Xüsusən, bu zona üçün xarakterik torflu və çimli dağ-çəmən torpaqlarını göstərmək olar. Birincilər torflu zonanın yuxarı hissəsini, ikincilər isə zonanın aşağı hissəsini əhatə edir. Ümumilikdə, bu torpaqlar üçün xarakterik əlamətlərdən birisi də skeletli olmalarıdır.

Cənubi Zaqafqaziya (Ermənistan)
Bu zona Ermənistan dağ yaylasını və Arazın orta vadisini əhatə edir. İqlim cəhətdən kontinental, yağıntının miqdarı azdır. Ana süxurlarından əksərən vulkanik süxurlar yayılmışdır. Bitki örtüsünə gəlincə bu zona daimi meşəsiz zonadır. Zonanın hündürlüklərində tipik düzənlik bitkiləri, subalp və alp bitkiləri, cənub hissəsində isə kserofit bitkilər yayılmışdır. Torpaq örtüyü dağ-çəmən, qara torpaqlardan, cənub hissəsi isə boz torpaqlardan ibarətdir.

Dağıstan.
Dağıstan dağlıq vilayətində təbii şərait Qafqazdan kəskin sürətdə fərqləndiyinə görə torpaq örtüyü tamamilə başqadır. Bildiyimiz kimi, Dağıstanın relyefi çox mürəkkəb olduğuna görə yüksək dağ zonalarında zəif inkişaf tapmış skeletli dağ-çəmən torpaqları yerləşmişdir. Bu zona üçün səciyyəvi olaraq, bəzən torpaq örtüyündəki çılpaq sıldırım qayalara və yuyulmuş torpaq tiplərinə təsadüf etmək olur. Dağıstanın orta dağlıq hissəsində boz meşə torpaqları və çürüntü karbonatlı torpaqlar daha geniş inkişaf etmişdir. Dağ-meşə zonası bilavasitə səhra düzənlik zonasına keçdiyinə görə, buranın dağ ətəklərində qonur torpaqlar, düzənlik hissəsində isə boz torpaqlar yayılmışdır. Boz torpaqlar üzərində şoran və şorakət torpaqların yayılması xarakterik hallardan sayılır. Nəhayət,Xəzər dənizi sahilində isə dar zolaq şəklində qumsal və qumlu təpələrə təsadüf etmək olur.

Ural.
Ural dağları nisbətən az hündürlüyə malik olub, 2500 km-ə qədər uzanır. Buna görə də, dağ ölkələri üçün xarakterik olan torpağın şaquli yayılma qanunu burada gözə aydın çarpmır. Əksər hallarda buranın torpaq örtüyü podzol tipli torpaqlardan ibarətdir. Ural dağlarının şimal qurtaracağı dağ-tundra torpaqlarından və torflu bataqlı torpaqlardan ibarətdir. Ayrı-ayrı yüksək dağların zirvələrində, meşə zonasında yüksək tala-tala daşlı, çimli torpaqlara və çimli çəmən torpaqlara təsadüf etmək olur. Nəhayət, Ural dağlarının aşağı dağ ətəklərində qara torpaq və dəyişilmiş qara torpaqlar inkişaf tapmışdır.

Krım.
Krım yarımadasının sahəsinin azlığına baxmayaraq, oranın torpaq əmələgəlmə prosesi və torpaq örtüyü çox müxtəlifdir. Krımın şimal hissəsi tipik düzənlik sahələrindən ibarətdir. Bu bitkilərin altında şabalıdı torpaqlar inkişaf tapır. Düzənlik zonası cənub hissədə Krımın dağ zonası ilə yanaşı olaraq burada meşə-düzənlik zonası yerləşmişdir. Dağlıq zonasında aşağıda qeyd etdiyimiz torpaqlar inkişaf etmişdir:
I Subalp torpaqlar.
1) Subalp qaramtıl dağ-çəmən torpaqları
2) Subalp tünd rəngli meşə torpaqları
3) Qonur meşə torpaqları

II Qonur meşə torpaqları
1) Qonur meşə podzollaşmış torpaqlar
2) Qonur meşə tünd rəngli torpaqlar
3) Qonur meşə karbonatlı torpaqlar.

III Dağ qara torpaqlar
1) Yuyulmuş qara torpaqlar
2) Karbonatlı qara torpaqlar.

IV Krımın qara dəniz sahili qırmızı rəng torpaqlar.
V Karbonatlı çürüntülü torpaqlar.

Krımda yuxarıda qeyd etdiyimiz torpaq tipləri şaquli yayılma qanununa uyğun olaraq, aşağıdan yüksəkliklərə qalxdıqca bu torpaqlar növbə ilə bir-birini əvəz edir. Krım yaylasında subalp torpaqlar inkişaf tapmışdır. Burada əsasən qaramtıl və dağ-çəmən torpaqları yerləşmişdir. Bu torpaqların çox aydın dənəvarı strukturu var, humusun miqdarı isə 16-20%-ə çatır. Yaylanın qərb hissəsində dağ-çəmən torpaqları inkişaf etmişdir. Krımın dağlıq hissəsində də böyük sahə tutan qonur meşə torpaqlarını qeyd etmək olar. Bu torpaqlar əsasən fıstıq meşələri altında yerləşmişdir. Nəhayət, şərqə hərəkət etdikcə iqlimin quraqlığı artdıqca yaylaın şərq hissəsində qara torpaq tiplərindən yuyulmuş və karbonatlı qara torpaqların dəyişmələri təsadüf olunur. Nəhayət, Krımın kənar cənub hissəsində qırmızı rəngli subtropik torpaqlar da yayılmışdır.



Oxunub: 2231

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim