Podzol zonası

Font:      

Podzol zonası çox nəmişli olduğuna görə burada yağış soxulcanı, köstəbək və çöl siçanları daha çox yayılmışdır.
Zonanın relyefi çox mürəkkəbdir. Buranın səthi çox alçaq və hündürlüklərdən ibarətdir. Relyefin belə dəyişikən olması torpağın üzərinə düşən nəmliyin müxtəlif şəkildə yayılması üçün əlverişli şərait yaradır. Daha doğrusu, alçaq çala yerlərdə nəmlik çox, hündür təpələrdə isə nisbətən nəmlik az tutulur. Bu səbəbdən də, də biz podzol zonasında çox müxtəlif tipli torpaq dəyişmələrinə təsadüf edirik. Yuxarıda qeyd etdiyimiz torpaq əmələ gətirən amillərdən asılı olaraq, burada ancaq podzol torpaqlar inkişaf tapmışdır. Ümumiyyətlə, bu zonanın podzol torpaqlarının bəzən meşə bitkilərinin altında, bəzən çəmən bitkilərinin altında inkişaf tapmasından asılı olaraq buranın torpaqları:1. meşə podzol torpaqlar.2. çəmən podzol torpaqlar adlanan iki böyük qrupa ayrılır. Bundan başqa bu torpaqlarda podzollaşma prosesinin keçməsi ilə əlaqədar olaraq, hər iki qrup torpaqlar yarım tiplərə də ayrılır:
1. Çimli – podzol torpaqlardır: - Bu kimi torpaqlarda podzol qatı daha çoxdur.
2. Zəif və orta podzollaşmış torpaqlardır: bu kimi torpaqlarda podzol qatı ayrı-ayrı ləkə şəklində gözə çarpır.
3. Şiddətli podzol torpaqlardır: - bu kimi torpaqların ellüvial qatı tamam ağımtıl podzol qatından ibarətdir.
Mexaniki tərkibinə görə podzol torpaqlar gilli, gillicə qumsal və qumlu torpaqlar olaraq, biri-birindən fərqlənirlər. Podzol zonasında ümumən torpaqlar iki əsas süxurlar üzərində inkişaf tapmışdır. Bunların birincisi gillicə moren çöküntülərdir. İkincisi isə kristallik süxurların alınma məhsuludur. Qeyd etmək lazımdır ki, podzollaşma prosesi torpağın mexaniki tərkibi və ana süxurların xarakterindən asılıdır. Mexaniki tərkibinə görə yüngül qumsal torpaqlarda gilli torpaqlara nisbətən podzollaşma prosesi şiddətlə keçir. Moren çöküntüləri üzərində törəmiş olan torpaqlarda podzollaşma prosesi lös süxurları üzərində törənən torpaqlara nisbətən şiddətlə keçir. Nəhayət bitki örtüyündə xarakterik podzollaşma prosesinin gedişatına bilavasitə təsiri vardır. Aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur, ən tipik podzollaşmış torpaqlar meşə bitkilərinin altında inkişaf tapmışdır. Çəmən bitkiləri isə podzollaşma prosesini nisbətən zəif keçirir.

Podzol torpaqlarının morfolojisi.
Tipik podzol torpaqlarda torpağın ümumi görünüşündə aydın, bir-birindən kəskin sürətdə ayrılmış genetik qatlara təsadüf etmək olur. Burada yuxarı “A” qatına çürüntü-ellüvial, “B” qatı ellüvial, “C” qatı isə-illüvial qatıdır. Podzol torpaqlarda iki aşağıdakı “B”, “C” qat, xarakterik qatlardan sayılır. Ellüvial “B” qatı podzol torpaqlardan ağımtıl qar rəngində olub, yuxarı çürüntü qatdan kəskin sürətdə ayrılır. İllüvial “C” qatı isə yuxarıdan yuyulmuş dəmir birləşmələrinin bu qatda çökməsidir. Buna görə də, dəmir birləşmələri ayrı-ayrı yuvacıqlarda illüvial qatda səpələnmişdir.Bu qata ortşteyin qatı deyilir. Şübhəsiz ki dəmir birləşmələrindən asılı olaraq illüvial qatın rəngi sarımtıl, bəzən qırmızımtraq olur. Orta hesabla humusun miqdarı bir-4%-ə qədər olur. Torpaq məhlulunun reaksiyası turşudur. Podzol zonasında, xüsusən bu zonanın şərq hissəsində introzonal torpaqlardan olan bataqlıq torpaqlarını qeyd etmək olar. Burada bu kimi torpaqların törəməsi relyefin çox girintili-çıxıntılı olması və yağıntının üstünlüyündən asılıdır. Bataqlıq torpaqlar podzol torpaqların arasında yayıldığı üçün, bunlarda az və ya çox dərəcədə podzollaşdırılmışdır. Bu tipdə torpağa podzollaşmış bataqlı torpaqlar deyilir. Podzollaşmış bataqlı torpaqları xüsusiyyətlərindən biri, illüvial “C” qatında qalan (Fe O) qatı olmasıdır.

Podzollaşma prosesinin mahiyyəti.
Podzol zonasının təbii şəraitindən asılı olaraq burada torpaq əmələ gəlmə prosesi də xüsisi bir xarakter alır. Bu torpaqlar meşə altında inkişaf edərək daimi yağıntı və buxarlanma təsirindən il boyunca bu torpaqlar nəmlik ilə doymuş və yuyulma prosesi təsiri altında məruz qalırlar. Torpaqlar daimi yuyularkən bir tərəfdən podzol torpaqların tərkibində olan mineral maddələr o biri tərəfdən üzvü maddələrdə üst qatlardan aşağı qatlara yuyulur. Birinci növbədə həll olunan birləşmələr və daha sonra CaCO3 və Mg CO3 kimi çətin həll olunan birləşmələr yuyulur. Bu kimi meşələrdə bitki qatları çürümə nəticəsində turş humus əmələ gətirir. Tədricən buna bənzər turş məhlulların torpaq qatından süzülməsi ilə, Ca, Mg kationlarının torpaqdan yuyulması şiddətlənir. Beləliklə, torpaq layında Ca, Mg birləşmələri azaldıqca, sular vasitəsilə torpağa keçən hidrogen ionunun təsiri daha da artır. Hidrogen ionu torpağın daxilində özünə əks kationa rast gəlmədiyinə görə, torpağın udma kompleksinə yerləşir və beləliklə bu kimi torpaqlar əsaslarla doymamış torpaq tipinə çevrilir. Hidrogen ionu torpaq mühitində turşuluq reaksiyası yaradır. Bu turşuluq torpağın udma kompleksinə təsir edərək, onun möhkəmlənməsini itirib get-gedə parçalanmasına səbəb olur. Udma kompleksinin mineral hissəsi dərin dəyişmələr keçirir. Burada olan alimo və Fe silikatlar parçalanaraq sadə Fe2 O3, Al2 O3 və Si O2 birləşmələrə ayrılır. Üzvü turşuların təsirindən allüminium və ferrum birləşmələri və Ca, Mg, K birləşmələri torpağın üst qatından aşağı qatlara yuyulur. Bu birləşmələr xüsusən dəmir birləşmələri podzol torpaqların illüvial qatında çökərək, dediyimiz ortşteyin birləşmələrini törədirlər. Si O2 birləşməsi isə yuxarı qatda (ellüvial) amorf şəklində cökərək, xüsusi ağımtıl rəngində podzol qatı əmələ gətirir. Beləliklə demək olar ki, bu torpaqların podzol qatlarının əmələ gəlməsi ancaq udma kompleksinin parçalanmasından və Si O2 maddəsinin toplanmasından irəli gəlmişdir. Podzol torpaqların turşuluq reaksiyası torpaqda üzvü maddələrin və humusun da itkisinə səbəb olur. Bu səbəbə görə də podzol torpaqların üzərində yatan bitki qalıqlarına baxmayaraq humusun miqdarı birdən -4% qədər olur. Podzol torpaqlar kənd təsərrüfatında böyük rol oynayır. Buna görə də, bu torpaqların xassəsini yaxşılaşdırmaq üçün bir çox kimyəvi tədbirlər keçirirlər. Kənd təsərrüfatı bitkiləri üçün zərərli olan podzol torpaqların yüksək turşuluğudur. Buna görə də, bu turşuluğu neytrallaşdırmaq üçün udma kompleksində oturan hidrogen ionunu başqa bir kation ilə əvəz etmək lazımdır. Aparılan təcrübə nəticəsində tapılmışdır ki, podzol torpaqları yaxşılaşdırmaq üçün onları müəyyən vaxtdan-vaxta əhəngləşdirirlər. Əhəngdə olan Ca kationu hidrogen ionunu udma kompleksində əvəz edərək tədricən torpaq strukturunun yaxşılaşdırılmasına, reaksiyanın neytrallaşmasına səbəb olur. Beləliklə, podzol torpaqlar kənd təsərrüfatı üçün yararlı mədəni torpaqlara çevrilir.

Qara tipli torpaqlar.
Podzol zonasının cənubi şərq hissəsində düzənlik zonası yerləşmişdir. Bu zonada əsas inkişaf edən qara tipli torpaqlardır. Bozqır zonanın sahəsi 2 milyon yarın km2 bərabərdir. Buna görə də, qara tipli torpaqlar podzol tipli torpaqlara nisbətən SSRİ ərazisində az yer tutur. Bu zonanın iqlim şəraiti müxtəlifdir. Şimal yarım hissəsi mülayim soyuq, cənub yarım hissəsi isə mülayim isti nisbətən quraqlıq iqliminə malikdir. Orta hesabla yağıntının miqdarı 420-500 mm-ə qədər, orta illik temperaturu isə 6°-8° olur. Bu zonanın iqlim şəraiti torpaqda olan maddələrin yağıntı vasitəsilə yuyulmasına şərait yaradır. Buna görə də qara tipli torpaqlarda bəzən aşağı qatlarında NaCl, KCl və Na2 SO4 kimi duzlara təsadüf olunur. Bundan başqa “ağ gözcüklər” içində CaCO3 birləşmələri yayılmışdır. Qara torpaqlar əsasən lös və lösəbənzər süxurlar üzərində inkişaf tapmışdır.
Zonanın şimal hissəsində isə moren çöküntüləri qara torpaqlar üçün ana süxuru sayılır. Nəhayət zonanın kənar cənub hissəsində Azov dənizi sahilində şorakət gilli süxurlar və Zaqafqaziyada (Ermənistan) bazalt kristallik süxurlar üzərində qara torpaqların törəməsi qeyd olunmuşdur. Lös və lösə bənzər süxurlar qara torpaqlar üçün ən tipik süxurlardan sayılır. Çünki lös süxurları CaCO3 birləşmələri ilə zəngin olduğuna görə bu süxurlar üzərində törənən torpaqlarında da udma kompleksi daima kalsi kationu ilə doymuş halda olur. Zonanın relyefinə gəlincə, şimal hissəsi, çox girintili-çıxıntılı, cənub hissəsi isə hamar düzgün relyefə malikdir. Bu zonanın bu kimi sakit olması torpaqların yuyulması üçün əlverişli şərait yaradır. Geniş tədqiqatlar nəticəsində tapılmışdır ki, bu zona qədim zamandan bəri meşəsiz olmuşdur. Buna görə də qara torpaqların əmələ gəlməsində meşə bitkisi deyil steb bitkisi əsas rol oynayır. Zonanın düzənlik bitkiləri çox müxtəlifdir. Bitki örtüyünə görə iki yarım zonaya ayırırlar. Şimal yarım zonasında çəmən bitkiləri, cənub yarım zonasında isə tipik bozqır bitkilərdən “düzənlik” bitkiləri yayılmışdır. Qara torpaqların humus maddəsi ilə zəngin olması bu zonada il boyunca otlu bitkilərin çox miqdarda qalıqları ilə izah oluna bilər bundan başqa düzənlik bitkilərin çox geniş kök sistemi olduğuna görə üzvü qalıqların miqdarına daha da artırır. İqlimin əlverişli şəraiti bu kimi zərif bitki qalıqlarını tədricən çürüdərək tamamilə humusa çevirir. Düzənlik bitkilərin geniş kök sistemi torpaq layını enindən və dərinliyindən keçərək, torpağın dənəvarı strukturunun əmələ gəlməsində böyük rol oynayır. Tipik qara torpaqlar üçün aşağıda qeyd etdiyimiz əlamətlərdən sayılır.
1. Qara torpaqların çürüntü maddələrlə zəngin olmasıdır. Tipik qara torpaqların humusu bəzən 18-20% qədər olur. Bu torpaqda humusun yüksək olması, bir tərəfdən bitki qalıqlarının il boyunca torpaq üzərinə düşməsi, o biri tərəfdən isə bu zonanın iqlim şəraitindən asılı olaraq humuslaşma prosesinin üstün keçməsi ilə izah olunur. Qara torpaqların humusunun tərkibində çox yer tutan humin turşularıdır. Bildiyimiz kimi, humin turşusu ümumilikdə humusa müəyyən davamlıq verdiyinə görə qara torpağın humusu yuyulma prosesinə məruz qalır.
2. Qara torpaqların mineral maddəsi ilə zəngin olmasıdır. Yuxarıda qeyd etdiyimiz kimi qara torpaqlar lös və ya lösə bənzər süxurlar üzərində törənmişdir.
Buna görə də qara torpaqlar bu kimi ana süxurun səciyyəsindən asılı olaraq tərkibinə də mineral maddələri ilə zənginləşirlər.
3. Qara torpağın əsaslarla doymuş olmasıdır. Bu torpaqların udma kompleksində Ca kationu yerləşmişdir. Qara torpaqların əsaslarla doymuş olması CaCO3 birləşmələri ilə zəngin olan ana süxuru ilə izah oluna bilir. Bütün qara torpaq zonası qərbdən cənub şərqə hərəkət etdikcə müxtəlif təbii şəraitə malik olur. Bu şəraitdən asılı olaraq ümumən bütün zonanı aşağıda qeyd etdiyimiz ayrı-ayrı qara torpaq tiplərinə parçalamaq mümkündür:
1. Dəyişilmiş qara torpaqlar.
2. Yuyulmuş qara torpaqlar.
3. Tipik qara torpaqlar.
4. Adi qara torpaqlar.
5. Cənubi qara torpaqlar.
6. Azov sahili qara torpaqlar.

Yuyulmuş qara torpaqlar.

Yuyulmuş qara torpaqların humusu 4-6%-ə qədər olur. Humus qatının qalınlığı isə 30-40 sm-dən qalın olmur. Yuyulmuş qara torpaqlar zonanın şimal hissəsində nazik bir qurşaq şəklində yerləşmişdir. Buranın iqlim şəraiti nisbətən nəmli olduğuna görə, ilin çox hissəsi bu torpaqlar yuyulma prosesinə məruz qalırlar. Buna görə də, bu torpaqlar tədricən humus maddəsini itirib, Ca, Mg birləşmələri baxımından zəifləyirlər. Ona görə də, belə torpaqlara yuyulmuş qara torpaqlar deyilir.
Tipik Qara Torpaqlar.
Bu torpaqlar zonanın böyük bir sahəsini tutur. Bu torpaqlara əsasən Belorusiya, Ukrayna, Voronej, Penza kimi vilayətlərdə təsadüf etmək olur. Tipik qara torpaqların xarakterik əlamətləri yüksək miqdarda humusun olmasıdır.
Orta hesabla humusun miqdarı bu kimi torpaqlarda 14-16%-ə qədər humus qatının qalınlığı 1-1,5 metrə çatır. Karbonat birləşmələrinin çox az halda tip qara torpaqların ancaq aşağı qatında təsadüf etmək olar. Reaksiya neytraldır. Həll olunan zərər verici duzlara tipik torpaqlarda təsadüf olunmur.

Adi qara torpaqlar.
Bu torpaqlar tipik qara torpaqlar ilə, cənubi qara torpaqlar arasında keçid zonasını təşkil edir. Buna görə də bu torpaqların morfoloji əlamətlərində bəzən tipik, bəzən cənubi qara torpaqlara aid olan morfoloji əlamətlər gözə çarpır. Adi qara torpaqlar tipik qara torpaqlara görə, istər humusun miqdarı və istərsə də humus qatının qalınlığına görə çox kəskin sürətdə fərqlənirlər. Belə ki, humusun miqdarı 6-10% ,humus qatının qalınlığı 40-50 sm-dən artıq olmur.


Cənubi qara torpaqlar.

Bu torpaqlar qara torpaqlar zonasının cənub quraqlıq hissədə yerləşmişdir. Təbii şəraitdən asılı olaraq, cənubi qara torpaqların humusu 4-5%-dən yüksək olmur. Humus qatının qalınlığı isə 40-45 sm-ə qədərdir. Cənubi qara torpaqlarda karbonat birləşmələrinə üst qatda belə təsadüf etmək olur. Torpağın reaksiyası isə zəif qələvidir. Səciyyəvi olaraq cənubi qara torpağın “C” qatında gips çöküntülərinə təsadüf etmək olur. Bu kimi yeni törəmələr bəzən kristallik nöqtə şəklində, bəzən isə nazik damar şəklində yayılmışdır. Cənubi qara torpaqlar əksər halda lösə bənzər və bəzən şorakətli gillər üzərində törəməsi qeyd olunmuşdur. Buna görə də, cənubi qara torpaqlar üzərində ayrı-ayrı ləkə şəklində şorakətli qara torpaqlar da yayılmışdır.

Azov sahili qara torpaqlar.
Bu kimi qara torpaqlar Azov dənizi şərq sahilində başlayaraq, Qafqaz dağlarının şərq ətəklərinə qədər uzanır. Humusun miqdarı 5-6% və humus qatının qalınlığı isə 1,5-2 metrə qədər olur. Nisbətən humusun azlığından asılı olaraq, Azov sahili qara torpaqlarda qonur və tünd boz rəngdə olur. Cənubi qara torpaqlar kimi torpaqlarda da CaCO3 birləşmələri ilə zəngindir. Belə ki, ayrı-ayrı nöqtə və yaxud damar şəklində CaCO3 birləşmələrinə torpağın üst qatında təsadüf etmək olur. Bu kimi torpaqlar əksərən Rostov və şimali Qafqazda yayılmışdır.

Dəyişilmiş qara torpaqlar.
Qara torpaqların dəyişilməsi xarici amillərin təsirindən irəli gəlmişdir. Dəyişilmiş qara torpaqlar zonanın şimali kənar hissəsində podzol zonasının qonşuluğunda yerləşmişdir. Podzol zonasında meşəliklər tədricən bozqır zonasını basdığına görə burada olan torpaqlarda meşə bitkiləri dərindən dəyişdirir.
Bildiyimiz kimi, meşə örtüyü birinci növbədə zonanın iqlimi, şəraitini dəyişdirəcəkdir. Meşə örtüyü torpaqda olan nəmliyi artırır, eləcə də torpaq üzərinə düşən yağıntının torpaq tərəfindən tamam mənimsəməsi üçün əlverişli şərait yaradır. Buna görə də, bu nəmliyi keçmiş qara torpaqlarda dərin dəyişmələr yaradır. Birinci növbədə nəmliyin təsiri altında qara torpaqların çürüntü maddələri daha da parçalanaraq yuyulmağa başlayır. Torpaqların humusu get-gedə azalır, üst qatın isə bu səbəbdən rəngi daha da açılır. Daha sonra nəmliyin təsirindən podzol torpaqlarda olduğu kimi, qara torpaqlarda da neytral reaksiyasa turş reaksiyaya çevrilir. Bu reaksiyanın təsiri altında udma kompleksinin silikat və alimo silikat hissəsi sadə birləşmələrə ayrılır. (SiO2 Al2 O3 , Ca, Mg və ilaxır). Burada parçalanmış Al, Fe birləşmələri yuxarı qatdan yuyularaq aşağı qatda toplana bilir. SiO2 birləşməsi isə yuxarı elüvial qatda toplanması başlayır. Bu hal podzol torpaqların əmələ gəlmə prosesi kimi oxşar bir haldır. Bu proses davam etdikcə, SiO2 birləşməsi dəyişilmiş qara torpaqda artdıqca, bu torpaqlar podzol torpaqlara çevrilə bilir. Buna görə də, dəyişilmiş qara torpaqlardan törənən podzol torpaqlara təkrar podzol torpaqlar deyilir.
Əhəmiyyəti: (qara tipli torpaqların) qara tipli torpaqlar maddələrlə zəngin olduğuna görə, eyni zamanda hava su rejimi kifayət qədər olduğuna görə, başqa torpaqlara nisbətən ən məhsuldar torpaqlardan sayılır. Bu torpaqların müsbət cəhətlərindən biri də, çox qalın humus qatının olmasıdır. Buna görə də, bitki kökləri öz inkişafı üçün müvafiq şərait tapmışdır. Qara torpaqlar istər üzvü və istərsə mineral maddələr ilə zəngin olduğuna görə süni gübrələrə ehtiyacı yoxdur. Bu torpağın məhsuldarlığını artırmaq üçün mümkün qədər torpağın nəmliyini mühafizə etmək lazımdır. Bu da süni sürətdə torpağın üzərində qar örtüyünü saxlamaq və vaxtında şumlama aparmaqla mümkün olur.

Səhra düzənlik tipli torpaqların əmələ gəlməsi.
Qara torpaq zonasının cənub və cənub şərq hissində geniş bir yulaq şəklində sərha-düzənlik və yaxud quru düzənlik zonası yerləşmişdir. Bu zonanın iqlimi kontinental iqlimdir. Belə ki, yay uzun müddət isti, qış ayları isə qısa soyuq olur. Havanın mütləq nəmliyi də, nəmliyi də azdır. Burada çox əsən daimi küləklər zonanın quraqlığını daha da artırır. SSRİ ərazisi daxilində səhra-düzənlik zonası aşağı Volqa boyu, Qazağıstan və Azərbaycanın şərq hissəsini tutur. Bundan başqa bu zona Qafqaz dağlarının ətəklərində və Krımda da kiçik ərazini tutur. Bu zonanın torpaq örtüyü müxtəlifdir. Əsas yayılmış torpaq tiplərindən, səhra düzənlik zonasında şabalıdı, qonur və boz torpaqları qeyd etmək olar.
Coğrafi cəhətdən qeyd etdiyimiz torpaq tipləri zonanın içərisində müxtəlif sahə tutur. Səhra-düzənlik zonasının ən şimal kənarında şabalıdı torpaqlar, nisbətən cənubda qonur və zonanın cənub kənarında isə boz torpaqlar yerləşmişdir. Bunda başqa zonanın iqlimi şəraitindən və ana süxurun tərkibindən asılı olaraq bu torpaqlar üzərində tala-tala, şoran və şorakət torpaqlarında yayılmışdır.

Şabalıdı və qonur torpaqlar.
Bu tipli torpaqlar səhra düzənlik zonasının böyük bir hissəsini tutur. Bu tipli torpaqlara Krımın şimal hissəsində, Azov və Qara dəniz sahilində, Şimali Qafqazın şərq hissəsində, aşağı Volqa boyunda, Şimali Qazağıstan və Özbəkistanda rast gəlinir.
SSRİ ərazisinin şərq hissəsində isə bu torpaqlar Ural, Altay, Balxaş gölü ətrafında, Turan düzündə və daha sonra Buryatiyada və Monqoliyada yayılmışdır. Düzənlik yerlərdən başqa qonur, şabalıdı tipli torpaqlara Türkmənistanın və Qırğızıstanın dağlıq hissəsində də təsadüf olunur.
Qonur şabalıdı tipli torpaqların yayıldığı sahə aşağıdakı təbii şəraitlə səciyyələnir. Burada yağıntının miqdarı nisbətən azdır (200-350 mm). Ən yüksək orta illik temperatura malikdir. (20-25º) əsas ana süxuru qırmızı qonur gil, lös və Xəzər dənizinin çöküntüləridir. Bu süxurlar lös süxurlarından başqa tərkiblərində çox həll olunan duzlar vardır. Bitki örtüsü qara torpaq zonaya görə çox zəifdir. Şabalıdı torpaqlar üzərində düzənlik bitkiləri, qonur torpaq üzərində isə səhra bitkiləri yayılmışdır. Bitki qalıqlarının azlığından və iqlimin quraqlığından asılı olaraq bu qalıqlar tamamilə çürümə prosesinə məruz qalmayıb tez minerallaşdığına görə bu torpaqlarda da humus nisbətən az əmələ gəlir.
Yer səthinin quruluşu hamar və zəif dalğalı düzənliklərdən ibarətdir.
Bu düzənliklər üzərində çarpmaz, xırda eniş, çala və təpəciklər də ayrılmışdır. Bu kimi xırda relyeflər şabalıdı və qonur torpaqların törəməsində böyük rol oynayır. Çünki xırda çala və təpəciklər nəmliyin hər bir yerdə bərabər miqdarda yayılmamağına səbəb olaraq çox müxtəlif torpaq dəyişmələri ələ gətirir. Buna görə də bu zona üçün səciyyəvi torpağın kompleksliyidir. Yəni çox qısa məsafələrdə bir torpaq başqa bir torpağı əvəz edir. Şabalıdı torpaqlar öz adını torpaqların rəngindən almışdır. Buna görə də şabalıdı tipli torpaqlar üçün səciyyəvi rəng tünd qəhvəyi və qəhvəyi rəng sayılır. Humusun miqdarı 3-3%-dir. Humusun miqdarından asılı olaraq, ümumən şabalıdı tipli torpaqlar: tünd şabalıdı, şabalıdı və açıq şabalıdı olaraq, bir-birindən fərqlənirlər. Kimyəvi tərkibinə görə tünd şabalıdı torpaqların səciyyəvi əlamətlərindən, humusun miqdarının ayrı-ayrı genetik qatlarda tədricən azalmasını göstərmək olar. Məsələn:
“A”, qatında humus 4,2 %
“A2” qatında 3,2%
“A3” qatinda 2,8 %
“B” qatında 2,2 %
“C” qatında isə 0,9%-dir
Humus qatının qalınlığı tünd şabalıdı torpaqlarda 40-60 sm-ə çatır. Şabalıdı torpaqların udma kompleksi Ca, Mg kationları ilə doymuşdur. Bəzən udulmuş halda Na kationuna da təsadüf etmək olur.
Bu da şabalıdı torpaqların şorakətliyini göstərir. Udma kompleksində Na kationun olması torpaqların strukturuna təsir edir. Şorakətli şabalıdı torpaqlarda torpağın strukturunun davamsız olmasına görə, suyun təsiri altında tez pozulub, bəzən layvari, bəzən isə təmiz struktursuz şəklinə çevrilir. Qonur torpaqlar şabalıdı torpaqlardan humusun azlığı və rənginin açıqlığı ilə fərqlənir. Humus qatının qalınlığı qonur torpaqlarda 30-35 sm, humusun miqdarı isə 2-3% yüksək olur. Humusun qonur torpaqlarda miqdarı, şabalıdı torpaqlarda olduğu kimi yuxarı qatlardan aşağı qatlara keçərkən, tədricən azalır. Məsələn: “A” qatında 1,8%, “B” qatında 1,2%, “C” qatında isə 0,8%-ə qədər olur.
Humusun miqdarından asılı olaraq, qonur torpaqlar: tünd qonur, qonur, açıq qonur olaraq, torpaq dəyişmələrinə ayrılırlar. Qonur torpaqlar şabalıdı torpaqlara nisbətən təsərrüfat cəhətdən daha zəifdir. Bu torpaqların səmərəli sürətdə istifadəsi üçün, mütləq süni gübrələnməyə və suvarmaya böyük ehtiyacı vardır.

Boz torpaqlar.
Bu torpaqlar düzənlik zonasının ən cənub kənarında yerləşmişdir. Xüsusən boz torpaqlar orta Asiyada və Zaqafqaziyada geniş yayılmışdır. Boz torpaqların təbii şəraiti aşağıda qeyd etdiklərimizdən ibarətdir. Burada yağıntının miqdarı 100-120 mm., buxarlanma isə çox yüksəkdir. Bitki örtüyü nəmliyin azlığından kserofit bitkilərdən ibarətdir. Xüsusən burada dəvə tikanı, yovşan və duz sevən bitkilər inkişaf etmişdir. Burada bitkilər tamam bir örtük təşkil etməyib tala-tala inkişaf etmişdir. Ana süxur isə burada lös və şorakətli dəniz çöküntülərindən ibarətdir. Morfoloji cəhətdən boz torpaqlar çox zəif inkişaf tapmışdır. Təbii şəraitdən asılı olaraq, boz torpaqlarda torpaq əmələgəlmə prosesi çox zəif keçir. Buna görə də, xarici görünüşünə görə, boz torpaqların profilində, ayrı-ayrı genetik qatları seçmək mümkün deyildir. Boz torpaqların rəngi açıq boz, ağımtıl olur. Bu da bu torpaqlarda humusun azlığı ilə izah olunur. Orta hesabla boz torpaqların humusu bir, iki faiz qədər olur. Bəzi halda isə 1% -dən də az olur. Boz torpaqlar əsaslarla doymuş torpaqlardan sayılır. Buna görə də bunların udma kompleksində kalsi kationu yerləşmişdir. Ancaq boz torpaqların məhlullarında Na kationu da böyük rol oynayır. Bəzi halda Na kationu üstün olursa boz torpaqları şorakətli-boz torpaqlara çevirə bilir. Xarakterik olaraq səhra düzənlik zonasında şoran və şorakət torpaqlar yayılmışdır. Bu torpaqlar buranın introzonal torpaqlardan sayılır. Şorakət və şorakət torpaqların burada əmələ gəlməsi çox duzlu qrunt sularının və duzlu süxurların olması ilə fərqlənir.
Boz torpaqlarda qonur torpaqlar kimi zəif torpaqlardan sayılır. Xüsusən boz torpaqların qida ehtiyatı qonur və şabalıdı torpaqlara nisbətən daha da azdır. Bu səbəbdən də boz torpaqların suvarılmaya və azotlu, fosforlu gübrələrə böyük ehtiyacı vardır.

Şoran və şorakət torpaqların əmələgəlmə prosesləri.
Düzənlik və səhra düzənlik zonasında istər qara və istərsə şabalıdı, boz, qonur torpaqlar üzərində şoran və şorakət torpaqların törəməsini yuxarıda qeyd etmişdik. Akademik Prosolovun apardığı tədqiqata görə, şoran və şorakət torpaqlar SSRİ ərazisindəki torpaq sahəsinin 10%-ni təşkil edir. Şoran-şorakət torpaqlar SSRİ ərazisində olan quraqlıq zonalarda yayılmışdır. Bu torpaqlar 1 milyon km2 qədər sahə tutur. Əsasən böyük sahə tutan Zaqafqaziya və orta Asiyanı qeyd etmək olar. Şoran-şorakət torpaqların öyrənilməsində mühüm yer tutan akademik Hedroyds, Prasolov, Kovda, Dimo kimi alimlərin əsərlərini qeyd etmək olar. Şoran-şorakət tipli torpaqlar çox müxtəlif torpaq dəyişmələrinə malikdirlər. Bunlardan ən çox yayılanlar: şoran, şorakət və solod torpaqlarıdır.
Şoran torpaqlar: Şoran və yaxud duzlu torpaqlar yuxarı qatda ən çox duzlu olan torpaqlara deyilir. Bu kimi duzlar mədəni bitkilərə çox böyük zərər verir. Ümumiyyətlə, şoran torpaqların üst qatında duzların miqdarı 3%-dən artıq olur. Şoran torpaqların əmələ gəlməsi çox müxtəlif şəraitdə keçir. Birinci növbədə şoran torpaqlarda bu miqdarda duzların əmələ gəlməsində duzlu ana süxurların təsiri vardır. Bu kimi ana süxurlara Orta Asiyada və Azərbaycanda Kaspi və Aral dənizinin çöküntülərini qeyd etmək olar. Bundan başqa bu kimi quraqlıq yerlərdə əsən küləklər duz tozlarını dəniz sahilindən sovurub, torpaqların üstlərinə çökdürməsinə, bu isə öz növbəsində duzların artmasına böyük şərait yaradır. Nəhayət aran yerlərdə şoran torpaqların törəməsində duzlu qrunt sularının da böyük rolu vardır. Bu kimi quraqlıq yerlərdə yüksək buxarlanmanın təsiri altında çox dərində olmayan duzlu qrunt suları torpaq kapilyarları vasitəsilə duzları yuxarı qatlarda çökdürüb, şoran torpaqları əmələ gətirir.



Oxunub: 1911

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim