Torpağın quruluşu

Font:      

Torpaq kütləsi hər bir təbii cisim kimi xarici görünüşə malikdir. Torpağın ümumi görünüşü rəngdən, srtukturdan, kiplikdən və yeni törəmələrdən asılı olaraq ayrı-ayrı genetik qatlara ayrılır. Tam inkişaf etmiş torpaqda bu kimi qenetik qatlar 4 cür olur. Torpağın ən üst qatı böyük (“A”) hərfi ilə işarə olunur. Bu qata “akumlyativ” çürüntü qatı deyilir. Ümumilikdə, torpağın üst qatında bildiyimiz kimi üzvi çürüntü maddələri toplandığına görə bu torpağa yuxarıda qeyd etdiyimiz adı vermişlər. Müstəsna hal kimi, podzol tipli torpaqlarda torpağın üst qatına çürüntü ellüvial qatı deyirlər. Bəzi hallarda xüsusən meşə torrpaqlarında toplanmış ən üst qatda nazik meşə döşəməsinə təsadüf olunur ki, bunu “Ao” hərfi ilə işarə edirlər. Torpağın ikinci qatına “ellüvial” qat deyilir. Ellüvio yunan sözü olub, “yuyulma” deməkdir. İkinci qat daima istər torpaq məhlulları tərəfindən, istərsə də yuxarı qatdan süzülən suların təsiri ilə yuyulma prosesinin təsirinə məruz qaldığına görə, bu qata yuxarıda qeyd etdiyimiz adı veririk. Torpağın 2-ci qatı “B” hərfi ilə işarə edilir.
3. 3-cü qat İllüvial qatıdır. İllüvio yunan sözü ilə toplama deməkdir. Daha doğrusu yuxardan yuyulmuş bir çox maddələr yuyularaq tədricən 3 cür qatı əmələ gətirir. Bu qat da “C” hərfi ilə işarə olunur.
Torpağın 4-cü qatı bəzən kristallik ana süxurlardan, bəzən isə aşınma çöküntülərindən, bəzən isə zəif aşınmış məhsullardan ibarətdir. Bu qata “ana” qatı deyilir və “D” hərfi ilə işarə olunur. Yuxarıda qeyd etdiyimiz hər bir genetik qat morfoloji əlamətlərdən asılı olaraq, ayrı-ayrı yarım qatlara bölünür. Bu halda onlar A1 A2 A3 -B1 B2-C1 C2 C3- D1 D2 hərfləri ilə işarə olunurlar.

Akumlyativ çürüntü qatı A I A1
A2
A3
Ellüvial B II B1
B2
İllüvial C III C1
C2
C3
Ana D IV D1
D2

Qeyd etdiyimiz qatların törəmə cəhətdən bir-biri ilə əlaqəsi olduğuna görə bu qatlara genetik qatlar deyilir.
Hər bir torpaq tipində 4 genetik qatın olması şərt deyildir.Ms: Dağ-çəmən torpaqlarıda akumlyativ çürüntü qat bilavasitə ana qatın üzərində törəyir. Bu tipli torpaqlarda iki, üç genetik qat ayırmaq mümkündür.
Şoran torpaqlarda əksər hallarda ellüvial qatlara təsadüf olunmur.Buna əsasən hər bir torpaq tipinin özünə aid xüsusi xarici görünüşü vardır.Ms: Podzol tipli torpaqlarda nazik akumulyativ qat, tamam inkişaf tapmış ağımtıl rəngdə ellüvial qata, dəmir oksidləri ilə zəngin olan ellüvial qata malikdir. Qara tipli torpaqlar çox qalın akumlyativ qata, aydın dənəvari struktura və Ca CO3 ağ gözcüklərinə malikdir.
Nəhayət, şabalıdı tipli torpaqlarda isə akumlyativ qat 20-30 sm qalığında olub, tədricən illüvial qata keçir. Xarakterik olaraq şabalıdı tipli torpaqların illivial qatında bəzən CaCO3, bəzən də gips yeni törəmələrinə təsadüf edilir.
Nəhayət, bataqlıq tipli torpaqlarda çox qalın torflu qata və yaşımtraq öd rəngində illüvial qata təsadüf olunur. Bu qatın tərkibində çoxlu dəmir bir oksidləri olduğuna görə qat xüsusi “Qley” yeni törəmələri əmələ gətirir ki, buna da qley qatı deyilir.

Torpağın skeleti.
Torpaq layında ana süxurdan miras qalmış süxur və mineral qırıntılarına təsadüf olunur ki, bunalara torpağın skeleti deyilir.
Skeletli torpaq- daşlı torpağa deyilir. Torpaqda skeletin olub olmamağını əsas tutaraq, ümumiyyətlə torpaqları skeletli, zəif skeletli və skeletsiz adlandıraraq biri-birindən fərqləndirirlər. Skeletli torpaqlar ən çox yüksək dağ rayonlarında və dağ ətəyi rayonlarda yayılmışdır. Aran rayonlarında isə skeletsiz torpaqlar inkişaf tapmışdır. Torpağın skeletini və onun petroqrafik tərkibini dərindən öyrənərək biz torpaqların genezisini və hansı süxurlardan əmələ gəlməsini asanlıqla tapa bilərik.

Torpağın təsnifatı.
Hər bir cisim kimi (bitki, heyvanat, mineral) torpaq kütləsi də müəyyən təsnifata tabedir. Torpağın təsnifatı 3 prinsip üzrə qurulmuşdur.
1.Yayılmış torpaqlar bir-birinin genetik əlamətlərini ortaya çıxarır.
2. Torpağın əsas xassəsi onun məhsuldarlığını əks etdirir.
3.Coğrafi vəziyyətindən asılı olaraq,torpağın inkişafını və dəyişməsini göstərir.
Birinci dəfə torpağın təsnifatını Qərbi Avropa alimləri irəli sürmüşlər. Qərbi Avropada torpaq təsnifatında 3 cərəyanı göstərmək olar. Bəzi alimlər torpağın petroqrafik tərkibini əsas tutaraq, ümumən torpaqları qranitli, traxitli, bazaltlı olaraq, bir necə qrupa ayırırlar. Buna görə də, bu təsnifata torpağın petroqrafik təsnifatı adı verilmişdir. Başqa bir alim Knop torpağın kimyəvi tərkibini əsas tutaraq torpaqları silikatlı, karbonatlı və dəmirli torpaqlar olaraq, ayrı-ayrı qruplara ayırmışdır. Buna görə də, belə təsnifata torpağın kimyəvi təsnifatı deyilir. Nəhayət 3 qrup alimlər:
Teyyer, Şubler torpağın fiziki quruluşunu əsas tutaraq torpaqları gilli, gillicə, qumsal, qumlu torpaqlar olaraq, bir-birindən fərqləndirirlər. Buna torpağın fiziki klasifikasiyası adı verilmişdir. Qeyd etmək lazımdır ki, yuxarıda adlandırdığımız Qərbi Avropa alimləri tərəfindən yaradılmış torpağın təsnifatı, torpaqşünaslıq elmində o qədər də bəraət qazanmadı, çünki bu alimlər torpaq təsnifatında ancaq torpağın bircə əlamətini nəzərdə tutmuşlar. Onlar bəzən petroqrafik, bəzən isə kimyəvi və fiziki tərkibləri nəzərdə tutmuşlar. Buna görə də, torpağın belə təsnifatı tezliklə öz etibarını itirdi. Torpağın əsas genetik təsnifatı ilk dəfə Rusiyada, professor Dokuçayev tərəfindən irəli sürülmüşdür. Bu alim torpağa bir təbii cisim kimi baxaraq, onu əmələ gətirən amilləri nəzərdə tutub torpağın genetik təsnifatını yaratmışdır. Geniş tədqiqatların əsasında professor Dokuçayev bütün torpaqları aşağıda qeyd etdiyimiz ayrı-ayrı tiplərə bölmüşdür:
1. Ağır boz şimali torpaqlar.
2. Boz torpaqlar.
3. Qara torpaqlar.
4. Şabalıdı torpaqlar.
5. Qonur-şorakət torpaqlardır.
Torpaq tədqiqatları genişləndikcə Dokuçayev tərəfindən yaradılmış torpaq tədqiqatı onun tələbəsi və yaxın əməkdaşı professor Sibirtsev tərəfindən təkmilləşdirilmişdir. Dokuçayev tərəfindən adlandırılmış əsas torpaqları professor Sibirtsev “Zonal” torpaqlar qrupuna salmışdır. Buna görə də Sibirtsev bütün torpaqları zonal, introzonal və azonal deyə 3 böyük qrupda birləşdirmişdir.
I-Zonal torpaqlar.
1) Laterit torpaqlar:-bu kimi torpaqlar isti- nəmli iqlimi olan tropik və subtropik ölkələrdə yayılmışdır. Xarakterik olaraq, bu torpaqların törəməsi tropik bitkilərin bilavasitə iştirakı ilə irəli gəlir.
2) Eol-lös torpaqlar:-bu tip torpaqlar əsasən kontinental ölkələrdə yayılmışdır. Morfoloji cəhətdən zəif inkişaf tapmış və humusu az olan torpaqlardır.
3) Səhra-bozqır torpaqlar:-bu tipli torpaqlara iqlimi quru olan və yağıntısı az olan ölkələr daxildir. Buraya əsasən boz- qonur və şabalıdı torpaqlar daxildir.
4) Qara torpaqlar: mülayim və isti mülayim iqlimi olan bozqır düzənliklərdə yayılmış torpaqlar sayılır. Bu kimi torpaqlar çox qalın humus qatına, aydın morfoloji görünüşünə malikdir.
5) Boz torpaqlar: mülayim qurşaqda yayılmış dağ meşə torpaqları daxildir.
6) Podzol və çimli torpaqlar: mülayim, soyuq qurşaqda yayılmış əsas torpaqlardan sayılır.
7) Tundra torpaqları: Bu kimi torpaqlar ən soyuq şimal zonasında yayılmışdır.

II-İntrozonal torpaqlar: (zonanın daxilində yayılmışdır)
1) Şorakət torpaqlar:- Bu kimi torpaqlar ana süxurda həll olan duzların iştirakı ilə əmələ gəlir.
2) Bataqlıq torpaqları:- çox nəmişli qrunt sularının bilavasitə iştirakı ilə törənən torpaqlardandır.
3) Çürüntülü karbonatlı torpaqlar (Rendzin):- Bu kimi torpaqlar ancaq karbonatlı süxurlar üzərində törənən torpaqlardır.

III- Azonal torpaqlar: (zonadan asılı olmayaraq yer üzərində yayılmışdır)
1) Skeletli torpaqlar.
2) Cavan torpaqlar daxildir.
Zonal torpaqlar yer üzərində geniş coğrafi yer tutaraq müəyyən qurşaqlar halında yayılmışlar. Bəzi hallarda zonanın daxilində yerli şəraitin dəyişməsindən asılı olaraq “yerin çökək olması, nəmişliyin artıq olması, ana süxurun çoxlu duzlu olması” zona daxilində ləkə şəklində başqa tipli torpaqlar əmələ gətirir ki, buna introzonal torpaqlar deyilir. İntrozonal torpaqların törəməsində bir əsas şərt,onun inkişafının zonaya uyğun gəlməsidir. Azonal torpaqlar isə zonaya uyğun olmaları və yayılmaları ilə, zonal yayılmaya olmayan torpaqlardır. Məsələn: Skeletli və zəif inkişaf tapmış cavan torpaqlara hər bir zonada təsadüf oluna bilər. Sibirtsevin təsnifatından sonra, 1925-ci ildə akademik Hedroyts öz təsnifatını irəli sürmüşdü. Hedroyts öz təsnifatının əsasına torpağın udma kompleksini qoymuşdur. Udma kompleksinin xarakterinə görə, bütün torpaqlar iki böyük sinifə bölünmüşdür:
1) Udma kompleksi əsaslarla doymuş torpaqlardır. Bu kimi torpaqların udma kompleksində Ca, Mg kationlar udulmuş halda olur.
2) Sinif torpaqları isə udma kompleksində əsaslarla doymamış torpaqlardır. Bu kimi torpaqların udma kompleksində hidrogen ionu olmuşdur. Hedroyts torpaqlarının təsnifatı aşağıdakı şəkildə verilir.
I Əsaslarla doymuş torpaqlar.
1) Tarla tipli torpaqlar - bu kimi torpaqların udma kompleksi daima Ca və Mg ilə ilə doymuş olur.
2) Şorakət tipli torpaqlar: Bu kimi torpaqların udma kompleksi Ca, Mg kationlarından başqa Na kationu da yerləşmişdir. Şorakət tipli torpaqları akademik Hedroyts 3 sinfə ayırır:
1) Mərhələ. Şoran və şoranvarı torpaqlar: bu kimi torpaqlar əksərən suda asan həll olunan duzlarla zəngin olur.
2) Mərhələ. Şorakət torpaqlar:- Bu kimi torpaqlar nisbətən suda asan həll olunan duzlardan zəif olaraq, udma kompleksində isə Na kationunun olması ilə xarakterizə olunur.
3) Mərhələ. Solodlı torpaqlar:- Bu kimi torpaqların udma kompleksində Na kationu olmayıb ən çox SiO2 birləşmələri ilə xarakterizə olur.

II-əsaslarla doymamış torpaqlar.
1) Laterit tipli torpaqlar:- Bi kimi torpaqların udma kompleksi parçalanmış halda olur. Ən çox bu torpaqların tərkibində dəmir və alüminium (Al2O3) yayılmışdır. SiO2 birləşməsi isə təsvir olunmur.
2) Podzol tipli torpaqlar:- Bu kimi torpaqların udma kompleksi H kationu ilə doymuş olur. Üst qatları SiO2 , aşağı illüvial qatı isə dəmir birləşmələri ilə zəngin olur. Hedroytsdan başqa professor Kasseyeyiç öz torpaq təsnifatını ortalığa çıxarmışdır. Bu alim öz təsnifatının əsasında torpağın fiziki-kimyəvi xassəsini nəzərdə tutmuşdur. Kasseyeviç torpaq məhlullarının reaksiyasına görə bütün torpaqları 2 tipə (torpaq əmələ gəlmə prosesində) ayırmışdır:
1) Qələvi tipli torpaqlar:-bura şorakət, şabalıdı, qara torpaqlar daxildir.
2) Turş tipli torpaqlar:- Buraya podzol, bataqlıq, meşə və tundra torpaqları daxil edilir. Son zamanlar torpaqların törəməsində iqlimin əsaslı rol oynamasını nəzərdə tutaraq professor K.D.Qlinka aşağıda qeyd etdiyimiz torpaq təsnifatını təklif etmişdir.
I-Laterit tipli torpaqlar.
1) Tipik lateritlər.
2) Subtropik ölkələrin qırmızı torpaqları.
3) Mülayim isti ölkələrin qırmızı torpaqları.
II-Podzol tipli torpaqlar.
1) Qonur meşə torpaqları.
2) Podzol kleyli (FO) torpaqlar.
3) Torflu podzollu torpaqlar.
4) Gizli podzollu torpaqlar.
5) İbtidai podzollu torpaqlar.
6) Çəmən podzollu və dağ çəmən torpaqlar.
7) Qaramtıl torpaqlar.
8)Təkrar podzollaşmış torpaqlar.
III Bozqır tipli torpaqlar.
1) Qara torpaqlar.
2) Şabalıdı torpaqlar.
3) Qonur torpaqlar.
4) Boz torpaqlar.
5) Subtropik və səhra ölkələrin qırmızı rəngli torpaqları.

IV- Bataqlıq tipli torpaqlar.
1) Torflu bataqlı torpaqlar.
2) Çəmən bataqlıq torpaqlar.
3) Şoran torpaqlar.
4) Şoranvarı torpaqları.
V-Şorakət tipli torpaqlar.
1) Yuyulmuş şorakət torpaqlar.
2) Şorakət və şorakətvarı torpaqlar. Qeyd etmək lazımdır ki, Qlinkanın təyin etdiyi bu təsnifat hələ də öz əhəmiyyətini itirməmişdir. Demək olar ki, Qlinkanın torpaq təsnifatında yer üzərində yayılmış olan bütün torpaq tipləri əhatə olunmuşdur.

Torpağın coğrafiyası.
Torpaq örtüyü öz coğrafi yayılmasında 2 əsas qrupa tabe olur.
1) Torpağın üfüqü yayılma qanunudur.
2) Torpağın vertikal yayılma qanunudur.
Əgər biz tədricən SSRİ-nin şimal rayonlarından cənub və cənub- şərq istiqamətinə hərəkət etdikcə torpaq örtüyü müəyyən xarici amillərin dəyişməsindən asılı olaraq, zolaq şəklində yayılmasını aydın görə bilərik. Bu zolaqlar müəyyən fiziki-coğrafi ərazilərdə yerləşmişdir.SSRİ ərazisində torpağın üfüqi yayılması müşahidə olunan aşağıdakı torpaq zolaqlarını qeyd etmək lazımdır:
1) Tundra torpaq zolağı.
2) Podzol torpaq zolağı.
3) Qara torpaq zolağı.
4) Şabalıdı qonur torpaq zolağı.
5) Boz torpaq zolağı:- burada ayrı-ayrı şorakət torpaqlar yayılmışdır. Torpağın yer üzərində belə dəyişməsinə torpağın üfiqi qanunu deyilir. Torpağın şaquli qanunu isə dağlıq rayonlarda müşahidə olunur. Bu qanunu birinci dəfə professor Dokuçayev Qafqaz ərazisində müşahidə etmişdir. Şaquli qanuna Qafqazdan başqa Türküstanda və Krımda təsadüf etmək olar. Əgər biz dəniz səviyyəsindən tədricən düzənlik dağ ətəyi, orta dağ zonası və yüksək dağ zonasına səyahətə çıxmış olsaq, torpaq örtüyünün ayrı-ayrı zolaq şəklində bir-birini əvəz etməsini müşahidə edə bilərik. Beləliklə, üfiqi qanunda qeyd etdiyimiz kimi torpağın dəyişməsi, bu halda da təsdiq olunur. Düzənlik rayonlarından dağlıq rayona keçdikcə qonur, şabalıdı, qara, meşə torpaqlarının və dağ-çəmən torpaqlarının yayılmasını görə bilərik. Torpağın bu əsas coğrafi yayılma qanununu nəzərdə tutaraq, SSRİ ərazisi daxilində aşağıda qeyd etdiyimiz zolaqları ayırmaq mümkündür:
1) Tundra zonası.
2) Meşə podzol zonası.
3) Meşə-bozqır zonası.
4) Bozqır və ya qaratorpaq zonası.
5) Quraqlıq bozqır zonası.
6) Səhra zonası.
7) Qırmızı laterit zonası.
I-Tundra zonasında-ən yayılmış torpaqlardan tundra və bataqlıq torpaqları sayılır. Bəzən bu zonanın cənub kənarlarında ayrı-ayrı ləkə şəklində podzol torpaqlar da yayılıb. Coğrafi cəhətdən tundra zonası Kolan yarım adasının şimal hissəsini və şimal dəniz (okeanı) sahilini tutub, daha sonra cənubi şərqə tərəf hərəkət edib Kamçatkanın çox hissəsini tutmuşdur.
II-Meşə podzol zonasında:- yayılmış əsas torpaqlardan, podzol tipli torpaqları qeyd etmək olar. Bu zonanın əsas hissəsi şimal-şərq hissəsində bataqlıq və yarım-bataqlıq torpaqlarda böyük sahələrdə yerləşir. Demək olar ki, podzol tipli torpaqlar SSRİ ərazisinin 3/4 hissəsini əhatə etmişdir. Podzol zonanın cənub hüdudu Jitomir, Kiyev, Tula, Ryazan, Kazan şəhərini keçərək Uralın şimal hissəsini tutur. Bundan başqa podzol torpaqlar Sibirdə, Uzaq Şərqdə və Yakutiyada ən çox yayılmış torpaqlardan sayılır.
III- Meşə bozqır zonası:- Bu zonada yayılmış torpaqlar təkrar podzollaşmış, şimali meşə torpaqlarından ibarətdir.Onların bəzən tala-tala şoran və bataqlıq torpaqlarında yayılması da qeyd olunur.
IV-Qara torpaq zonası:- Bu zonada əsas torpaq örtüyü qara torpaq tiplərindən ibarətdir. Xüsusən adi qara torpaqlar, tipik cənubi, Azov dənizi sahili qara torpaqları yayılmışdır. Qara torpaq zonası SSRİ-nin cənub və cənub- şərq hissəsini tutur. Bu torpaq zonası Qərbi Sibirdə də ən çox yayılan torpaqlardan sayılır. Bu zonanın şimal hüdudu Kiyev, Oryol, Penza, Ufa və Çelabinsk şəhərlərindən keçir, cənub hüdudu isə Qara dəniz və Azov dənizi sahillərindən Volqa boyu və Semipalatinsk şəhərlərindən keçir. Qara torpaqlar Ural, Başqırdıstan və Şimali Qafqazda da ən çox yayılan torpaqlardan sayılır.
V-Quru bozqır zona:- Bu zonada tünd, açıq şabalıdı və şabalıdı torpaqlar yayılmışdır. Zonanın quraqlığından asılı olaraq və bəzən isə süxurların xarakterindən asılı olaraq, bu torpaqların üzərində tala-şəklində şoran və şorakət torpaqlar inkişaf etmişdir. Coğrafi cəhətdən quru düzənlik zonası SSRİ-nin şərq hissəsində yerləşərək Xəzər dənizinin sahillərini və cənub- şərq hissəsində yerləşərək Xəzər sahilini, daha sonra cənub- şərq doğru Qazağıstanı əhatə edir. Şabalıdı tipli torpaqlara Zaqafqaziya və Orta Asiyada da təsadüf etmək olar.
IV-Səhra zonası:- Bu zonada böyük ərazini tutan boz tipli torpaqlardır. Bu zona da xarakterik olaraq, şoran torpaqlarda ən çox yayılan torpaqlardan sayılır. Səhra zonası Türkmənistanı, şərqi Azərbaycanı, Şimali Qafqazın bir hissəsini, Ermənistanın şimal-şərq hissəsini əhatə edir.
VII-Laterit və qırmızı torpaq zonası:- Bu zonada tropik və subtropik iqlim olduğuna görə əsasən çox qəribə laterit, sarı torpaqlar və qırmızı torpaqlar inkişaf tapmışdır. SSRİ ərazisi daxilində bu zona azacıq ərazini tutmuşdur. Bu tip torpağa ancaq Azərbaycanın Talış rayonunda və Qara dəniz sahillərində,xüsusilə Batumi və Soçi ətrafında təsadüf etmək olar.

I Tundra zonası.
Bu zona iqlim cəhətdən ən az öyrənilən zonalardan sayılır. Bu zonanın əsas xüsusiyyəti, çox vaxt mənfi temperaturun olması və uzun qış gecələridir. Bu zonanın orta illik temperaturu 0 (sıfırdan) aşağı olub, yağıntının miqdarı isə 200-300 mm-dir. Yağıntının bu qədər aşağı temperaturda düşməsi elə şərait yaradır ki, buranın torpaqları daimi nəmlikdən doymuş halda olur. Tundra zonasında ana süxurlardan dəniz çöküntüləri yayılmışdır. Relyefə gəlincə isə, bu zonada xırda təpəciklər yayılmışdır. Bir tərəfdən temperaturun aşağı, o biri tərəfdən günün uzun olması, orada bitkilərin də inkişafına imkan vermir. Şimal küləklərinin quruducu təsirindən bəzi qarlı çılpaq sahələrdə torpağın üst qatı nazik yarıqlarla örtülmüşdür. Belə tundraya ləkəli tundra və ya keçəl tundra deyilir. Bundan başqa, təpəli tundra adlanan bu ikinci növ tundra,birinci növ tundradan fərqlənir. Bu tundranın üst qatı müxtəlif ölçü və şəkildə olan torf təpələri ilə örtülmüşdür. Bu zonada təpələrin üzü mamırla örtülmüşdür. Nəhayət tundra zonasının ən xarakterik bir əlaməti, daimi buzlaq zonanın olmasıdır. Tundra zonasının şimal hissəsində donmuş buzlaq qatına 30-40 sm-də təsadüf etmək olar. Cənub hissəsində isə donmuş buzlaq qat nisbətən dərində yerləşmişdir. Ona görə də, tundra zonasının ən kənar cənub hüdudunda bəzi çayların vadilərində tək-tək ağaclı bitkilərə təsadüf etmək olar. Yuxarıda qeyd etdiyimiz kimi, təbii şəraitdən asılı olaraq, buranın torpaq örtüyü çox zəif inkişaf etmiş ibtidai torpaqlardan, torflu torpaqlardan, çay vadilərindən və bataqlıq torpaqlarından ibarətdir. Son vaxtlarda aparılan tədqiqatlar zamanı aşkar edilmişdir ki, burada əsas torpaq əmələgəlmə prosesi qleyli-bataqlıq torpaqlardan ibarətdir. Buna görə də bütün zonanın ərazisini iki yarım qrupa bölürlər:
1) Yarım zona faktiki tundra adlandırılır:- Burada daimi buzlaq olduğuna görə torpaq inkişaf tapmışdır.
2) Yarım zona, bu zonanın cənub hissəsini tutub. Burada qleyli bataqlıq torpaqları yayılmışdır. Bu torpaqların xarakterik morfoloji əlamətlərindən, qley qatının olmasını qeyd edə bilərik. Demək olar ki, bu torpaqlardan başqa heç bir torpaq tipində bu qədər aydın və tamam inkişaf etmiş qley qatına təsadüf olunmur. İkinci yarım zonada gizli qleyli tundra torpaqlarına təsadüf olunur. Bu torpaqlar yosun və mamır çimlərinin altında inkişaf tapmışdır. Gizli qleyli tundra torpaqları ikinci yarım zonanın tipik torpaqlarından sayılır. Nəhayət, çay vadilərində bəzən bataqlı podzol torpaqlarına da təsadüf olunur. Bu torpaqların qalınlığı “Profili” çox qısadır. “A” qatının qalınlığı 1-2 sm. “A2” qatının qalınlığı 2-3 sm və “B” qatının qalınlığı isə 5 sm-dən artıq olmur. Torpağın isə orta qalınlığı 30-40 sm olur.

II Podzol zona
Bu zonada ibtidai podzol torpaqlar yayılmışdır. Bu torpaqlar buranın zonal torpaqlarından sayılır. Zonanın iqlimi şəraiti aşağıda qeyd etdiyimizdən ibarətdir:
Orta illik temperaturun miqdarı 3,5°-4°, yağıntının miqdarı isə 500-580 mm qədərdir. Buranın atmosferində daimi nəmliklə doymuş haldadır. Bu iqlimi şəraitdən asılı olaraq podzol zonanın torpaqları nəinki daima nəmlik ilə doymuş halda olub, hətta ilin çox vaxtı nəmliyin təsiri ilə yuyulma prosesinə məruz qalır. Ana süxurlarına gəlincə, burada moren çöküntülərinə, qırmızı gil süxurlarına, lös süxurlarına və qumsal çöküntülərə təsadüf etmək olur. Bu süxurların tərkibindəki əsas xüsusiyyətlərdən biri onlarda Ca, Mg birləşmələrinin olmamasıdır. Buranın bitki örtüyü gah qarışıq meşələrdən (küknar, şam ağacı,qayın və s.) və çəmən bitkilərindən ibarətdir. Podzol torpaqların humusunun azlığı bitki qalıqlarının çox olmasına baxmayaraq, əmələ gəlmiş humus maddəsinin yuyulması ilə izah olunur.



Oxunub: 1991

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim