Şərqi Şirvan torpaqlarının şorlaşma şəraiti və tipləri

Font:      

XÜLASƏ
Hazırda Şirvan düzü torpaqlarının çox hissəsi (70%-ə qədəri) kənd təsərrüfatında istifadə edilmir. Ərazinin torpaqlarının istifadə olunmasına burada mövcud olan çayların az sulu olması nəticəsində suvarma suyunun çatışmaması, torpaqlarda təkrar şorlaşmanın əmələ gəlməsi və s. səbəblər maneçilik törədir.
Mingəçevir su hövzəsinin tikilməsilə əlaqədar olaraq Yuxarı Şirvan kanalının çəkilməsi burada suvarılacaq əkin sahələrinin xeyli genişlənməsinə imkan yaradacaqdır ki, bu da Şərqi Şirvanda torpaqların meliorativ xüsusiyyətlərinin öyrənilməsini birinci dərəcəli vəzifə kimi qarşıya qoyur. Şərqi Şirvanda belə bir tədqiqatla-torpaqların su-duz rejiminin öyrənilməsilə məşğul olunmadığından 1952-ci ildən biz bu məsələnin öyrənilməsinə başladıq. Həmin tədqiqatı apararkən hər şeydən əvvəl ərazinin, o cümlədən onun həm dağətəyi, həm də düzənlik zonasının fiziki-coğrafi, kimyəvi-coğrafi şəraitini xarakterizə etməyi vacib bildik. Bunun əsasında tədqiq etdiyimiz rayonda duzların coğrafi yayılmasını, ərazinin ayrı-ayrı hissələrində duzların kimyəvi tərkibini və torpağın profilində duzların necə yayılmasını müəyyən etdik. Bunlardan əlavə şərqi Şirvanda 2 il müddətində 16 stasionar meydançada torpaqların su-duz rejimini öyrəndik. Nəhayət, Şərqi Şirvan düzü torpaqlarının şorlaşmasının genezisinə görə ərazinin meliorativ rayonlaşma xəritəsini tərtib etdik.
Yuxarıda adlarını çəkdiyimiz məsələlərin ayrı ayrılıqda izahını verməzdən əvvəl meliorativ rayonlaşma xəritəsinin tərtib olunma metodunu aydınlaşdırmağı və ayrılmış melioratnv rayonların hər birinin ayrılıqda xarakteristikasını verməyi məsləhət bildik. Çünki bunların izahında yuxarıdakı məsələlər qısa da olsa aydınlaşdırılacaqdır.
Şərqi Şirvan torpaqlarının meliorativ rayonlaşma xəritəsini aşağıdakı amilləri nəzərə alaraq tərtib etmişik. Hər şeydən əvvəl, biz rayonun mümkün qədər dəqiq geomorfoloji və geoloji xarakteristikasını, torpaq və süxurlarının litoloji və kimyəvi tərkibini, qrunt sularının qidalanma mənbəyi və onların axım şəraitini, dərinliyini, minerallaşma dərəcəsini və kimyəvi tərkibini verməyi daha vacib bildik. Sonra biz ayrı-ayrı duz komponentlərinin (HCO4, Cl, SO4, Mg, Na+K) miqdarının və mövcud şorlaşmış torpaqların növlərini və duz profilinin ərazidə paylanması qanunauyğunluqlarını, daha sonra duzların sahəvi yayılması və onların təbii şəraitlə əlaqədar olaraq təkamülü qanunauyğunluqlarını və duz sistemləri rayonlarını müəyyən etdik.
Bundan əlavə ayrı-ayrı mənbələrin duzların toplanmasında olan rol və əhəmiyyətini də müəyyən etməyə çalışmışıq. Bundan ötrü ikiillik stasionar muşahidələrində qrunt sularının səviyyəsinin, onların minerallaşması dinamikasının və torpaqların su-duz rejiminin dəyişməsi yollarını da müəyyən etmişik.
Bütün yuxarıda göstərilən amilləri nəzərə alaraq, Şərqi Şirvanda aşağıdakı meliorativ rayonlar olduğu qənaətinə gəlirik.
1. Qaraməryəm platosunu əhatə edən yüksəklik rayonu. Buranın torpaqları şor deyildir. Sahə drenləşmişdir (plotokonionabənzər dərin antesedent dərələrlə parçalanmışdır).
Torpağın üst 70 sm-lik qatında rütubət çox dinamikdir. Bu qat uzun zaman (kış-yaz ayları) yüksək miqdarda (25-30%) rütubətin olması ilə xarakterizə olunur.
İlin fəsilərindən asılı olaraq torpağın üst 70 sm-lik aktiv qatında duzların miqtarı 0,1-0,2% arasında dəyişir. Bu qatdan aşağıdakı torpaq profilində duzlar az miqdar (0,1%.) təşkil edir.
2.Çayların gətirmə konuslarının yuxarı hissəsi rayonu. Buranın torpaqları şoran deyildir. Yeraltı suları dərində yerləşir. Torpaqlar çox hallarda gilli və şorakətlidir. Bu da onun beçərilməsin bir qədər çətilik yaradır. Torpaqda olan az miqtarda duzlar profil üzrə, bərabər paylanmışdır. Toprağın şoranlaşması duzların tərkibinə görə hidrokarbonatlı-kalsiumlu, hidrokarbonatlı-sulfatlı və kalsiumlu-natriumludur. Fəsillər üzrə xam torpaqlarda duzlar az dinamikdir. Onların miqdarı adətən 0,1-0,2%. arasında dəyişir ki, bu da ancaq torpağın üst 20 sm-lik qatı üçün xarakterikdir. Dincə qoyulmuş sahələrdə isə duzların dinamikliyi torpağın alt qatlarında da muşahidə edilir. Belə bir hal ancaq ilin ayrı-ayrı fəsilləri üçün xarakterikdir. Suvarma sahələrinin torpaqları onların üst qatlarının duzlardan yuyulması və alt qatlarında duzların toplanması ilə xarakterizə edilir.
Torpağın su rejimi haqda onu demək olar ki, yüksək rütubətlilik (20-35%) bu rayonda torpağın üst 50 sm-lik qatında muşahidə edilir ki, bu da payız, qış və yaz ayları üçün səçiyyəvi bir haldır. 50-200 sm-lik qatda isə rütubətin miqdarı, demək olar ki bütün il müddəti 10-20%. arasında dəyişir.
Bütün bu göstərilən xüsusiyyətlər təsvir etdiyimiz meliorativ rayonun torpaqlarının geniş miqyasda istifadə edilməsi üçün imkan yaradır, sahənin torpaqlarının çox hissəsi pambıq, taxıl və bağçılıq üçün istifadə edilir.
3. Çayların gətirmə konuslarının orta qurşağı rayonu. Burada qrunt suları yerin yarımüst qatına yaxın sahədə yerləşir. Sahənin relyefi aydın ifadə olunub və torpaqları şordur. Torpağın sukeçirmə qabiliyyəti yaxşı olduğu üçün bəzi sahələrdə qrunt sularının dayazda (0,5-2,5 m dərinlikdə) yerləşməsinə səbəb olmuşdur. Eyni zamanda qrunt suları şiddətli şorlaşmışdır (20-80% q/l). Burada şoran və şoranlı torpaqlara təsadüf edilir. Torpaqlar çox sulfatlı-maqneziumlu, kalsiumlu-natriumlu duzlarla şorlaşmışdır.
Qrunt suları dayazda yerləşən sahələrdə rütubətliliyə görə, demək olar ki, il boyu torpağın bütün profili rütubətlə doymuş halda olur. Belə bir hal hətta yay aylarında da muşahidə edilir. Torpağın rütubətliliyə görə belə bir vəziyyətdə olması onun yay aylarında çox şorlaşmasına səbəb olur, Lakin yağmurlu illərdə apardığımız muşahidələrin nəticələrinə əsasən, torpağın yay aylarında çox şorlaşmasına baxmayaraq, qış aylarında həmin duzlar asanlıqla yuyulur. Belə bir vəziyyət həmin torpaqların yuyulub yaxşılaşdırılmasının asanlıqla mümkün olduğunu göstərir.
4. Çayların təkrar alluvia-prolüvial gətirmə konusları qurşağı rayonu. Burada qrunt suları nisbətən dərinlikdə muşahidə edilir və onlar dərində yerləşdikləri üçün az şorlaşmışlar. Həmin sahədə torpaqların üst qatlarının az şorlaşmasına baxmayaraq, çox hallarda onların alt qatlarında duzların xeyli miqdarda (0,5-1,5%) olduğu qeyd edilir. Torpaqları hidrokarbonatlı-sulfatlı-kalsiumlu və natrium duzları ilə şorlaşmışdır. Torpaqların su dinamikası göstərir ki, dincə qoyulmuş sahələrdə torpağın rütubətliliyi impermasid xarakterdədir. Belə ki, bu sahənin torpaqlarının 80-200 sm-lik qatında mineral rütubətin miqdarı, demək olar ki, bütün il müddətində 5-10%-dən artıq olmur. Odur ki, bu torpaqları məhsuldar istifadə etmək üçün suvarma yolu ilə həmin torpaqlarda vegetasiya müddətində rütubətin miqdarını 20-30%,-ə çatdırmaq lazımdır. Bu rayonun suvarma şəraitində olan sahələrindəki torpaqların su dinamikasının göstərdiyi kimi, bu halda torpaqdan yaxşı məhsul götürmək olur. Təsvir etdiyimiz sahədə geniş miqyasda pambıq, taxıl və üzum bitkiləri əkilir.
5. Nisbətən ağır mexaniki tərkibi və şorlaşmış torpaqları olan şleyf qurşağı rayonu. Bu rayonun torpaqları meliorativ xüsusiyyətlərinə görə çox ağırdır. Burada geniş miqyasda qaysaqlı və bərk torpaqlar yayılmışdır. Eyni zamanda buranın torpaqlarının illüvial qatı bərkləşmişdir. Belə bir xüsusiyyətə malik olan torpaqların becərilməsi çox çətin olub kənd təsərrüfatı bitkilərinin inkişafına maneçilik töredir. Torpağın bitki kökləri qidalanan qatında duzların miqdarı 0,12-0,77%. arasında tərəddüd edir. Torpağın alt qatında isə bu miqdar daha artıq olur (1-2%). Stasionar muşahidələrin nəticələri göstərir ki, buranın torpaqlarının üst 1 sm-lik qatında duzların miqdarı tədricən, ildən-ilə artır. Bu, Qarasuyun müəyyən vaxtdan-vaxta həmin sahəni basmasıyla izah edilir. Bu rayonun torpaqlarının sukeçirmə qabiliyyəti aşağıdır. Torpağın kimyəvi tərkibi müxtəlif olur, əsasən sulfatlı-xloridli-natriumludur; il müddətində torpaqda rütubətin miqdarı 10-20%-dən artıq olmur.
Bütün bu deyilənlər təsvir etdiyimiz rayonun torpaqlarından tamamilə istifadə etmək üçün əsaslı meliorasiya işlərinin görülməsini tələb edir. Bizim fikrimizcə, burada torpaqların yuyulması işini aparmaq məqsədəuyğundur. Bu halda həmin torpağa gips verməli və torpağın şum qatını bir qədər dərinləşdirmək lazımdır ki, torpağın gillənmiş qatı tədricən şum qatına çevrilmiş olsun. Çünki bu torpaqların illuvial qatında şorakətlik vardır. Belə bir tədbir həyata keçirilən zaman torpaq və qrunt gilli olduğu üçün burada xırda drenajların da çəkilməsi lazım gələcəkdir.
Bu yuyulma prosesində torpağa keçmiş suyu kənar etmək üçün tələb olunur.
6. Aydın ifadə olunmuş mezorelyefli ağır mexaniki tərkibli və çox şorlaşmış torpaqları olan Qarsuətrafı depressiya rayonu. Buranın torpaqları, demək olar ki, bütün sahədə ağır gilli olub, sukeçirmə qabiliyyəti zəifdir. Eyni zamanda çox şordurlar, əksər hallarda şoran torpaqlara da təsadüf edilir. Şorakət torpaqların olması da bura üçün xarakterikdir. Qrunt suyu dayazda yerləşib (2,3-5 m dərinlikdə), çox şorluru ilə (25-40 q/l) fərqlənir. Qarasuyun bu sahəni müəyyən vaxtlarda basması ilə əlaqədar olaraq buranın torpaqlarında müxtəlif formalı duz profillərinə rast gəlinir. Torpaqların daim qrunt sularının kapilyar təsiri altında olması, onların qatlarının demək olar ki, bütün il müddətində su ilə doymuş vəziyyətdə (20-30%) qalmasına səbəb olur.
Qrunt sularının və torpaqların şorluğunun dinamikası göstərir ki, yay ayları zamanı qrunt sularının səviyyəsi yuxarı qalxarkən qrunt sularının şorluğu artır və torpaqda bitkilərin qidalandığı qatda duzların miqdarı çoxalır. Qış və yaz aylarında nisbətən çox miqdarda yağmurun düşməsilə əlaqədar olaraq bitkilərin qidalandığı qatda yay zamanı toplanan duzlar alt qatlara yuyulur.
Bu rayonun torpaqlarının da əsaslı meliorasiya işlərinə ehtiyacı vardır.
7. Ağır mexaniki tərkibli, şorlaşmış torpaqları olan və aydın ifadə olunmuş relyefli Qarasuətrafı depressiya rayonu. Bu rayon lilləşmiş şleyf qurşağının şərq hissəsini əhatə edir, Rayonun torpaqları meliorativ xüsusiyyətinə görə çox ağırdır. Torpaqları gillidir. Qruntsuları dayazda yerləşib çoxşorlaşmışdır. Bütün ərazidə şoranlı torpaqlar yayılmışdır. Bu torpaqlarda ayrı-ayrı vaxtlarda duzlar torpağın üst qatında toplanır. Burada torpaqlar xloridli-kalsiumlu-natriumlu və çox xloridli, çox natriumlu duzlarla şorlaşmışdır. Ərazinin torpaqları, onların gips xüsusiyyətlərinə görə, heç bir kənd təsərrüfatı bitkisi əkini üçün istifadə edilmir. Ərazinin təbii bitki örtüyündə şoran və bataqlıq bitkiləri üstünlük təşkil edir.
8. Şorlaşmış torpaqları olan delüvial-prolüvial maili düzənlik rayonu. Bu rayon dağətəyi qurşağın təpəli uçqar hissəsini, az maili delüvial düzənliyi və hündür delüvial-prolüvial terrasını əhatə edir. Rayonun bəzi hissələrində torpaqlar tektonik pozulmalarla üzə çıxmış şor qrunt suları ilə qidalanırlar. Bununla əlaqədar olaraq təsvir etdiyimiz rayonun torpaqları delüvial çöküntülərinin təsirilə xeyli sahədə əhəmiyyətli dərəcədə şorlaşmışdır. Torpağın duz profilində 30-60 sm-lik dərinlikdən aşağıda duzların miqdarı kəskin sürətdə artır. Torpaqları əsasən sulfatlıdır. Ayrı-ayrı sahələrdə şorakətli torpaqlar da yayılmışdır. Maqneziumlu-kalsiumlu və xloridli-sulfatlı, kalsiumlu-natriumlu duzlarla şorlaşmışdır. Axırıncı növlu şorlaşmış torpaqlar əsasən ərazinin alçaq yerlərində yayılmışdır. Xarakterizə etdiyimiz rayonun torpaqlarının çox hissəsi suyun çatışmamazlığına və torpaqların şorluğuna görə kənd təsərrüfatı bitkiləri üçün istifadə edilmir. Bu torpaqların tamamilə istifadəsi üçün onların yuyulması tələb olunur. Lakin torpaqların yuyulması, onların gilli, bərk və şorakətli olmasına görə, demək olar ki, bir qədər çətinlik törədir. Bu torpaqların yaxşı istifədə edilməsi üçün fikrimizcə, torpağın şum qatını çevirmədən şumlanması və sonra isə yuyulması məqsədəuyğundur. Belə ki, şum qatını çevirərkən torpağın alt qatlarında çox miqdarda olan duzlar torpağın üst qatına keçir və üst şorlaşmamış qat isə şum qatının altına düşür və nəticədə torpağın üst qatına keçmiş duzlar təkrarən yuyulmalı olur. Odur ki, bu torpaqların alt qatı çox şor, üst qatı isə şor olmadığı üçün onların yuyulmasında şum qatının çevrilməməsi məqsədəuyğundur.
9. Qədim Xəzər terrası-Padar ovalı rayonu. Burada qrunt suları dərində yerləşir, torpaqda solodlaşma prosesi müşahidə edilir. Buranın torpaqlarının üst qatları şor deyildir, dərin qatları isə şorlaşmışdır. Ərazi biçənək üçün istifadə edilir. Suyun çatışmamazlığı buranın torpaqlarından kənd təsərrüfat bitkiləri əkini üçün istifadə etməyə mane olur.
10. Padar (kontakt) depressiyası rayonu. Buranın torpaqları çox şorlaşmışdır. Torpağın duz profilində üst 30 sm-lik qat şor deyildir. Alt qatlarda isə duzlar üstünlük təşkil edir. Suyun çatışmamazlığı və torpaqların çox şor olduğuna görə ərazidə demək olar ki, heç bir kənd təsərrüfatı bitkiləri əkilmir. Lakin çox illərdə buradan biçənək kimi istifadə edirlər.
Beləliklə, Şərqi Şirvan torpaqlarının meliorativ xüsusiyyətinin çox müxtəlif və mürəkkəb olduğu müəyyən edilir. Bu, hər şeydən əvvəl, şor torpaqların geniş yayılması, torpaqları şorlaşdıran və bataqlaşdıran amillərin və hidrogeoloji şəraitin müxtəlifliyi, torpaqların pis aqrofiziki xüsusiyyətə malik olması və s. ilə izah olunur.
Bütün bunlar tədqiq etdiyimiz rayonun böyuk bir hissəsində müxtəlif və kompleks meliorativ işlərin aparılmasını tələb edir.



Oxunub: 3262

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim