Şərqi Şirvan düzünün geomorfologiyasına dair

Font:      

Xülasə Şirvan düzünün geomorfologiyasına dair ilk sxematik məlumat S.İ.Tyüremnov, S.A.Zaxarov və V.A.Priklonskinin əsərlərində verilmişdir. Bunlardan əlavə, V.R.Volobuyev, L.N.Qorodetski, Y.P. Lebedev, M.D. Qavrilov, A.Preobrajenski və başqa müəlliflərin də əsərlərində bu haqda bəzi məlumatlara rast gəlmək olur.Dərc olunmuş bütün geomorfoloji xəritələrdə Kür-Araz ovalığı, xüsusilə Şirvan düzü ilə bir qədər dərindən tanış olduqda həmin sahənin geomorfologiyasının çox müxtəlif olduğu nəzərə çarpır. Şərqi Şirvan stasionarında apardığımız ikiillik müşahidələrin nəticələri bunu sübut edir. Şirvan düzündə torpaqların şorlaşması, şorəkətləşməsi, bataqlaşması və qaysaq bağlaması hallarına geniş miqyasda təsadüf edilir. Bu hallar düzənliyin ayrı-ayrı yerlərində müxtəlif dərəcədə ifadə olunmuşdur ki, bu da sahənin mezorelyefinin (səth quruluşunun) müxtəlifliyindən, geoloji yaşından və orada torpaq əmələ gəlmə prosesinin hansı istiqamətdə olmasından asılıdır. Bu məqələdən məqsəd Şərqi Şirvan düzünün geomorfoloji quruluşunu bir qədər izah etməkdir. Rayonun geomorfoloji xəritəsini tərtib edərkən əvvəlcə həmin sahənin mezorelyefinin xəritəsi tərtib olunmuş və bu ərazinin torpaq-quruntunun şorlaşma xəritəsilə götürülmüşdür. Geomorfologiyasına görə Şərqi Şirvanın bir-birindən kəskin surətdə fərqlənən iki əsas hissəyə bölürük.: 1) skulptur –tektonik destruktiv dağ relyefi: 2) akkumliyativ düzənlik relyefi. Dağlıq hissədə qarışıq strukturalı dar relyefi rayona ayrılır ki, bu da özlüyündə iki kiçik yarımrayona bölünür. Həmin rayonlara Qaraməryəm yaylası, Ləngəbiz, Qalamədin və Hərami dağları daxildir. Dağlıq hissənin ərazisi isə dörd geomorfoloji rayona bölünür və bunların da hər biri ayrı-ayrı kiçik yarımrayonlara ayrılır. Qeyd etmək lazımdır ki, geomorfoloji xəritə ilə geomorfoloji təsvir arasinda bəzi uygunsuzluqlar vardir. Belə ki, xəritədə göstərilən bütün bölgülər ayrı-ayrılıqda məqalədə təsvir olunmur. İşin həcmini genişləndirməmək məqsədilə məqalədə yalnız böyük rayonları təsvir edirik ki, bunlar da aşağıdakılardan ibarətdir: I. Terraslaşmış delüvial-prolüvial düzənlik. II. Dağətəyi çay gətirmə konusaları. III. Kontakt depressiyaları. IV. Palçıq vulkanlanları və onların gətirmə konusları. Delüvial-prolüvial düzənlik burada zəif və aydın ifadə olunmuş külli miqdarda adsız axınların gətirmə konuslarının varlığı ilə xarakterizə olunur. Çayların gətirmə konuslarının əmələ gəlməsi Bakı və Xəzər dövrlərinin sonlarına aiddir. Çayların gətirmə konusları çoxlu miqdarda tirələrlə mürəkkəbləşmişdi. Kontakt depressiyasına Qarasuyun çayı və başqa çayların gətirmə konusları arasında yerləşən depressiyalar daxildir. Dördüncü rayona Şirvan düzünü şimal-şərqdən əhatə edən dağlarda mövcud olan palçıq vulkanları və onların gətirmə konusları daxildir. Palçıq vulkanlarının püskürdüyü maddələr həmin sahədən əlavə, ətraf hissələrdəki torpaqların da kimyəvi tərkibinə böyük təsir edir. Siyəzən-Sumqayıt massivində delüvial formada şorlaşmış torpaqların kimyəvi-coğrafi səciyyəsi. Delüvial formada şorlaşmış torpaqlar haqqında ilk anlayış V.A. Kovda və V.R.Volobuyev tərəfindən verilmişdir. Müəllif özünün çoxillik tədqiqatlarına əsasən həmin torpaqların əsas xüsusiyyətlərini müəyyənləşdirmişdir. Məqalədə Siyəzən-Sumqayıt massivində delüvial formada şorlaşmış torpaqların kimyəvi-coğrafi səciyyəsindən bəhs edilir. Tədqiqatlar nəticəsində müəyyən etmişik ki, delüvial formada şorlaşmış torpaqların əmələ gəlməsində delüvial axınlar, qarağan-yovşan bitkiləri və duzların diffuziyası əsas rol oynayır. Siyəzən-Sumqayıt massivində delüvial formada şorlaşmış torpaqlar, hər şeydən əvvəl, özünəməxsus mexaniki tərkibi olması ilə səciyyələnir. Bu torpaqlar mexaniki tərkibinə görə ağır olub torpaq profilində gillicəli və gilli təbəqəvari qatların mövcudluğu ilə seçilir. Təbəqəvari qatlar delüvial yamacların yuxarı zonasında yayılmış torpaqlar üçün xarakterikdir. Yamacların aşağı şleyf zonasında torpaqlar, demək olar ki, başdan-başa ağır gillidir. Burada ancaq torpaqların dərin qatlarında mexaniki tərkib nisbətən yüngülləşir. Bu da zənnimizcə, həmin sahədə qumlu dəniz çöküntülərinin delüvial yığınlarla qarışması ilə izah olunur. Siyəzən-Sumqayıt massivində duzların yamac boyu paylanmasında da müəyyən qanunauyğunluq vardır. Burada duzların miqdarı delüvial yamacların yuxarı hissəsindən aşağı hissəsinə doğru tədricən artır. Qeyd etmək lazımdır ki, delüvial yamacların bütün hissəsində duz profilləri çökmüş formadadır. Bu halda duzların çökmüş forma alması yamacların yuxarı hissəsində böyük dərinlikdən (120 sm) , aşağı hissəsində isə olduqca kiçik dərinlikdən (10-15sm) başlanır. Digər tərəfdən torpağın nisbətən az şorlaşmış üst layındakı duzların miqdarı yuxarı zonada az (0,1-0,2%), aşağı zonada isə xeyli çoxdur (1%). Xlor ionu delüvial yamacların yuxarı hissəsində az toplanmışdır. Həmin ion yamaclarin aşağı hissəsinə doğru tədricən artaraq şleyf zonasında maksimum miqdara çatır. Belə bir qanunauyğunluğu eyni zamanda sulfat ionu haqqında da demək olar. Burada fərq yalnız ondan ibarətdir ki, sulfat ionunun maksimum miqdarı delüvial yamacların orta zonasının alt, şleyf zonasının isə orta qatlarında toplanmışdır. NA+K ionların paylanması, demək olar ki, xlor ionunun paylanmasına uyğundur. Natrium birləşməli duzlar ərazinin bütün hissəsində müşahidə edilir. Lakin buna baxmayaraq profil üzrə nisbətən çətin həll olunan duzların, yamacların yuxarı zonasında, asan həll olunan duzların isə aşağı zonada toplanması xarakterikdir. Siyəzən-Sumqayıt massivində duzların kimyəvi-coğrafi qanunauyğunluqları haqqında deyilənlərdən belə nəticəyə gəlmək olar ki, həmin torpaqlardan səmərəli istifadə etmək üçün onlarda torpaqların mexaniki tərkibinin yüngülləşdirilməsi və duzların yuyulmasına yönəldilmiş mürəkkəb meliorasiya işlərinin həyata keçirilməsi vacibdir.



Oxunub: 3631

Şərhlər: 20
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim