525-ci qəzeti, N:025(3581) 14 Fevral, 2012
Torpağa həsr olunan və torpaq qədər əbədi ömür

Font:      

Hər bir insanın həyatında onun gələcək taleyinə təsir edəcək əhəmiyyətli məqamlar, dönüş nöqtələri olur. Mən də... həkim olmaq istəyirdim. Ali məktəblərə test imtahanlarında topladığım bal Tibb Universitetinə “yetmədi”. Qismət məni BDU-ya gətirdi: biologiya fakültəsinin torpaqşünaslıq ixtisasına. Sözün düzü, ilk vaxtlar çox darıxdırıcı idi. Sonra bu sahəyə necə bağlandımsa, sonadək davam etməyi qərara aldım. Çünki təbiəti, torpağı, bitkiləri, heyvanları çox sevirəm. Təbiətin böyük səxavətlə insana bəxş etdiklərinin vurğunuyam. Torpağın möcüzələri həmişə heyrətləndirir məni. Bircə çiçəyə belə saatlarla baxıb düşünə, ondan zövq ala bilirəm. Və yaxud, adi, amma adi olduğu qədər də “dahi” bal arısının hərəkətlərini izləyib həyatın fəlsəfəsinə vara bilirəm...
Bu ixtisasa bağlanmağımda müəllimlərimin də rolu az olmadı. Onlardan biri haqqında danışacağam. O, indi həyatda yoxdu. Fevralın 14-də 86 yaşı tamam olur. Bunun cəmi 53 ilini cismən yaşayıb. 33 ildir haqq dünyasındadı. Amma xatirələri canlıdı, elmi isə əbədidi. Mən də onun elmindən “dərs almışam”, bəlkə, elə bu elmin ardınca da düşüb onun yolunu getdim... Bu, həm də alimlərin böyüklüyü və ölümsüzlüyüdü...
Abduyev Muxtar Rzaqulu oğlu. Torpaqşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor. O, elmin, tarixin yaddaşında belə qalıb və belə də qalacaq: torpaqşünaslıq, kənd təsərrüfatı, meşəçilik, üzümçülük, coğrafiya, təbiəti mühafizə sahəsində gərgin elmi fəaliyyəti, ciddi uğurları ilə...
O, torpaq adamı olub: torpağı öyrənib, torpağı qoruyub, torpağı sevib. Elmi axtarışları və tədqiqatları ilə sübut edib ki, sıradan biri deyil. Az ömründə çox yerdə birinci olmaq qismətini yaşayıb. Tək bircəciyini xatırlatsaq, yetərlidir: o, Azərbaycanda meliorativ torpaqşünaslıq və torpaqların meliorasiyası elmlərinin əsasını qoyub, torpaqların rekultivasiyası laboratoriyasının yaradıcısıdır, torpaq meliorasiyası sahəsində ilk azərbaycanlı elmlər doktoru, professordur. Alimin ömür yolu bir çox maraqlı məqamları ilə diqqətimi çəkdi...

ABDUBƏYLİLƏR NƏSLİNİN BUMDAN BAŞLANAN YOLU
Muxtar Abduyev 14 fevral 1926-cı ildə Ağdaş rayonu, Üçqovaq kəndində anadan olub. Yeri gəlmişkən, Ağdaş da, ağdaşlılar da mənim üçün elə ulu babalarımın yurdu Ağdam qədər əzizdi, məhrəmdi. Ona görə ki, ermənilər yurdumuzu işğal edəndə əzizlərimin üz tutduğu ilk yer Ağdaş olub və az vaxtda ağdaşlılardan elə böyük mənəvi dayaq görüblər ki, bu günədək heç birinin dilindən düşmür. (Çox sonralar biləcəyəm ki, Muxtar müəllim Ağdaşda doğulub.) Amma Muxtar müəllim əslən Qəbələnin Bum kəndindəndi, halal bir ocağın, əsilli-nəsilli bir şəcərənin nümayəndəsidi. Oğlu, kənd təsərrüfatı elmləri namizədi İlham Abduyevin “Mənim atam” kitabında oxuyuruq: “Atam Şıxməmmədbəylilər nəslinə mənsubdu. Bu nəslin nümayəndələri arasında öz dövrünün tərəqqipərvər ziyalıları, hərb xadimləri, elm adamları, peşə sahibləri olub. Atam bu nəslin böyük şəxsiyyətlərindən olan Abdu bəyin oğlu Rzaqulu bəyin ailəsində dünyaya gəlib.” Müəllif daha sonra babası Rzaqulu bəyin ibrətamiz ömür yolundan, onun torpağı sevən, soyadını uca tutan bir şəxs olmasından danışır. Qeyd edir ki, sovet dövründə bəylər ”sinfi düşmən” kimi təqib olunanda babamın Qəbələdəki mal-mülkünü də talan edirlər, o da külfətini götürüb Ağdaşa köçür. Atam Muxtar və kiçik əmim Tofiq Ağdaşda anadan olur. “Abdubəylilər nəsli hara köç etsə də, kökü Bum kəndinə gedir. Vaxt gələr, ata-baba yurdunun nə demək olduğunu yetişməkdə olan Şıxməmmədbəylilər nəslinin nümayəndələri özləri başa düşər. Başa düşərlər ki, ora hər şeyin başlanğıcıdır...” deyə müəllif ata-baba yurdunun əzəliliyini, ilkinliyini bir daha xələflərinə xatırladır...

“MƏN TALESİZLİYİ ÖZ GÜCÜMÜN SAYƏSİNDƏ MƏĞLUB ETDİM...”
Muxtar Abduyev uşaqlıq illərindən təbiətin vurğunu olub, gününün çoxu bir əli torpaqda, bir əli gül-çiçəkdə, bağ-bağatda olan atası Rzaqulunun yanında keçib. Bu, onun sənət seçiminə də təsirsiz qalmayıb. Valideynlərini tez itirib: 14 yaşında anasını, 16 yaşında atasını. Belə böyük itkinin həyatda bərkdən-boşdan çıxmayan bir yeniyetmə üçün nə demək olduğunu söyləməyə gərək yoxdu. Sarsılsa da, möhkəm iradəsi ilə ayaq üstə dayana bilib. Sonralar belə deyəcəkdi: “Mən talesizliyi öz gücümün sayəsində məğlub etdim. O qədər əziyyət çəkmişdim ki... Nəhayət, tale üzümə güldü.”
1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbi, 1944-ci ildə Ağdaş Pedaqoji Məktəbini bitirib, ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsinə daxil olub. İlləri havaya sovurmayıb, ciddi çalışıb, elm, bilik qazanıb, seçdiyi sahəni mükəmməl öyrənib. 1951-ci ildə ali təhsilini başa vuraraq, torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olub. Və Bakıda qalası olub...

DOĞMA TORPAQLARI MÜNBİTLƏŞDİRMƏK ARZUSU
Bakıda böyük müəllimlərdən dərs alması, düşdüyü elmi mühit, nüfuzlu alimlərlə birgə çalışması, cəsarəti, özünə güvəni və tələbkarlığı sabahkı uğurlarında mühüm rol oynayır. O, böyük uğurlara iddialı idi və buna layiq olduğunu da hər addımında təsdiq etməyə can atırdı.
Azərbaycan Milli Elmlər Akademiyası. Ömrünün çox hissəsi bu elm məbədi ilə bağlı olub. Bura ilk gəldiyində bu qarabəniz, suyuşirin, istiqanlı gənc məsuliyyəti, intizamı, ünsiyyəti, insani keyfiyyətləri ilə hər kəsin diqqəni çəkir. Bu gənc mütəxəssisə böyük inamla baxırlar. Onu Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmin daha aktual problemlərinin tədqiqinə yönəldirlər. Kür-Araz ovalığı torpaqlarının prolüvial formalı növündə şoranlaşma mövzusunda elmi tədqiqat işi aparmaq ona tapşırılır. Əslində, Şirvan düzlərinin quruluğu onun özünü də çox düşündürürdü, doğma torpaqları münbitləşdirmək ən böyük arzusu idi. Gənc Muxtar ciddi tədqiqatlara başlayır, elmi axtarışlar onun üçün bir növ həyat tərzinə çevrilir. Gənc alimin çöl və laboratoriya şəraitində apardığı tədqiqat işləri, çoxsaylı torpaq kəsimlərinin analizi zəngin material toplamağa imkan verir. O, torpaqşünaslıq elmi üçün vacib elmi nəticələr əldə edir. Əvvəlcə namizədlik dissertasiyası müdafiə edir. 1955-1965-ci illərin gərgin elmi araşdırmaları nəticəsində isə ”Delüvial formalı şoranlaşmış torpaqlar və onların meliorasiyası məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir, torpaq meliorasiyası sahəsində ilk azərbaycanlı elmlər doktoru olur, 1971-ci ildə professor elmi dərəcəsi alır. Dünya miqyasında torpaqların şorlaşmasının delüvial formasının mənşəyini, diaqnostikasını, nəzəri problemlərini ilk dəfə məhz azərbaycanlı professor Muxtar Abduyev öyrənib və onların meliorativ yaxşılaşdırılması yollarını tədqiq edib. Bu sahədə fundamental monoqrafiyası 1968-ci ildə işıq üzü görür. Bu əsəri onun elmi yaradıcılığının zirvəsi hesab edirlər. Həmin monoqrafiya, eləcə də müxtəlif ölkələrdə nəşr olunan elmi məqalələri dünya alimləri tərəfindən də böyük maraqla qarşılanır, əcnəbi professorlar S.V.Oprya və Q.Sandu bu əsərlərin elmi mahiyyətini yüksək qiymətləndirirlər, keçmiş SSRİ EA-nın “Torpaqşünaslıq” və Azərbaycan SSR EA-nın biologiya elmlərinin “Xəbərlər” jurnalında bu əsər haqqında məqalələr çap etdirirlər. Akademik Budaq Budaqov torpağın sağalmaz xəstəliyinə – şoranlaşmaya həsr olunun bu monoqrafiyanı professor Muxtar Abduyevin Azərbaycan elminə böyük töhfəsi hesab edir, alimi “şoran torpaqlarının unudulmaz tədqiqatçısı” adlandırır...

TƏXMİNƏN BİR VƏRƏQƏ SIĞAN QISA TARİXÇƏ
O, bacarıqlı elm təşkilatçısı olduğunu da fəaliyyəti ilə sübut edir. Kiçik elmi işçidən baş elmi işçi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlir, ömrünün sonuna qədər bu vəzifədə çalışır, eləcə də İnstitutun rekultivasiya laboratoriyasına rəhbərlik edir. EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvü kimi respublikada elmi-tədqiqat işlərinin təşkili və inkişafında da fəal iştirak edir. Ancaq vəzifə onu dəyişmir, o, ziyalılğını həmişə qoruyub saxlayır...
Professor Muxtar Abduyev keçmiş İttifaqda, bir sıra xarici ölkələrdə öz sahəsi ilə bağlı mötəbər toplantılarda: qurultay, simpozium, konfranslarda iştirak edib. 1974-cü ildə Moskvada 10-cu Beynəlxalq Torpaqşünaslar Konqresinin iştirakçısı və məruzəçisi olub, dünyanın məşhur torpaqşünüs alimləri ilə sıx əməkdaşlıq edib.
Alimin torpaqşünaslıq və torpaq meliorasiyası üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanmasında xidmətləri də minnətdarlıqla qeyd olunmalıdır. O, paralel olaraq Pedaqoji İnstitutda, Azərbaycan Dövlət Universitetində, Politexnik İnstitutunda mühazirələr oxuyur, onun rəhbərliyi ilə neçə-neçə namizədlik dissertasiyası müdafiə olunur, neçəsi də müdafiəyə hazırlanır.
“Onun o qədər yetişdirmələri vardı ki... Çoxu da kasıb uşaqları...” “Mənim atam” kitabında oxuduğum bu fikir alimi bir başqa yöndən də yaxşı tanıdır...
Professor Muxtar Abduyevin elmi məktəbi bu gün də “fəaliyyət göstərir”. Onun qiymətli sərvətimiz olan torpaqların mühafizəsi, onlardan səmərəli istifadə məsələləri, təbii və antropogen təsirlər nəticəsində istifadədən çıxan torpaqların yaxşılaşdırılması, əkin sahələrinin və məhsuldarlığın artırılması problemlərindən bəhs edən “Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri”, ”Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması”, “Azərbaycanın gilli şorəkətlərinin sürətli meliorasiyası”, “Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri”, ”Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları”, “Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması” adlı kitabları, 150-dən artıq elmi məqaləsi tələbələr, bu sahəni öyrənənlər üçün dəyərli mənbədir...
Professor Muxtar Abduyevin halal əməyinin və işıqlı təfəkkürünün bəhrəsi olan elmi irsi gənc alimlər üçün sanballı tədqiqat obyektidir. Düşünürəm ki, bu zəngin irsi araşdıranlardan biri də elə mən olacağam. Akademik Budaq Budaqov haqlı olaraq hesab edir ki, Muxtar Abduyevin yarım əsr bundan əvvəl apardığı elmi tədqiqatlar, gəldiyi nəticələr, verdiyi tövsiyyələr bu gün də olduqca aktualdır, onun elmi və praktiki əhəmiyyəti uzunömürlüdür, bu elmi istiqamət davam etdirilməlidir.
Mənim bir şansım da odur ki, əgər professor Muxtar Abduyevin “qiyabi” tələbəsiyəmsə, alimin yolunu davam etdirən qızı Sevinc xanımdan BDU-da “əyani” dərs almışam...
lll
Budur, 53 illik cismani ömrün təxminən bir vərəqə sığan qısa tarixçəsi. Sadalanan və sadalanmayan digər nailiyyətlər vur-tut 53 illik bir ömrün payına düşüb. Amma insan ömrü təkcə sıralanmış rəqəmlər deyil, axı. İndi bu faktları sıraya düzərək sadalamaq çox asandır. Onların arxasında dayanan gərgin əməyi, gecəli-gündüzlü çalışmaları, elmi axtarışları, çox təəssüf ki, belə asanlıqla bir-birinin arxasına düzmək mümkün deyil. Bunların hər biri ayrı-ayrılıqda bir ömür hekayəsidir, bir alimin, bir müəllimin, bir sadə insanın ömrüdür...
Heç şübhəsiz, hər bir alimin uğurların arxasında istedadlı bir insanın qayğıları dayanır. Professor Muxtar Abduyev Azərbaycanın elmi mühitində, ictimai-siyasi, mədəni həyatında izi qalan bir insan, bir vətəndaş, bir ziyalı olub. Onun həyat plrinsipi bu idi ki, insan ona verilən ömrü ləyaqətlə başa vurmalıdır. “Muxtar Abduyev məqsədi, mövqeyi, münasibəti aydın görünən alim və şəxsiyyət idi” onu tanıyanlar bu fikirdədirlər. Akademik Budaq Budaqov xatırlayır ki, Muxtar Abduyevin dostları arasında böyük nüfuzu vardı, o, heç vaxt “mənəm-mənəm” demirdi, sakit təbiətli, son dərəcə səmimi, təvazökar bir insan idi. Səbr və təmkinlə, yorulmadan öz elmi araşdırmaları ilə məşğul idi...
Dostluqda da təmənnasız olub, bəzən nəyisə üzə vurmayıb, içində saxlayıb. Çox ürəyiumşaq insan imiş. Bu da təbiidir: havanı, suyu, bitkiləri, torpağı sevən insan zalım, qəddar, kobud ola bilməz. Kənd təsərrüfatı elmləri namizədi Səyyaf Xəlilov da sağlığında öz dostunu böyük məhəbbətlə xatırlayar, “o, vüqarlı bir ömür yaşadı” deyərmiş...

“AYRILIĞIN ÜZÜ DÖNSÜN...”
...Muxtar müəllimin 46 yaşında, 9 noyabr 1972-ci il tarixdə yazdığı və imzaladığı bir tərcümeyi-halı var. Harasa təqdim etmək üçün yazıb, yeni bir uğurun sevincinə kökləyibmiş özünü. Bir neçə il sonra ömrünün yarı yolda qırılacağını ağlından belə keçirməyib onda...
Ölüm isə apxasınca gəzirmiş. Özü də elə bir vaxtda ki, böyük bir uğurunun astanasında, ikicə addımlığında idi. 55 də yaxında idi. Qoşa beşinin hesabatını verəcəkdi. Gördüyü işlərin davamı gəlirdi, hələ çox tədqiqat aparacaqdı. Özü belə düşünürdü, belə düşünməyə haqqı da vardı. Geriyə boylananda özünə tələbkarlıqla qazandığı uğurları ilə öyünür, qarşıda isə bu uğurların davamını görürdü. Amma heyf! İnsan gələcəyi naminə elə hey çalışıb-vuruşur, ağlına belə gətirmir ki, can atdığı gələcəyin son ucunda ölüm gözləyir onu...
Onun da ömrü bura qədərmiş. Qisməti, alın yazısı belə imiş. Alın yazısını isə müzakirə etmirlər. Amma ömrü elə bir vaxtda qırıldı ki... Böyük fədakarlıqla açdığı çığırlar geniş yola qovuşmaqda idi. Şöhrətinin ən yüksək zirvəsinə yaxınlaşırdı. Akademiyaya müxbir üzv seçilməsinə az qalırdı, lap az. Azərbaycan SSR EA-da keçiriləcək seçkilərdə müxbir üzvlüyə namizədliyi irəli sürülmüşdü. Özü də bu elmin patriarxı, akademik Həsən Əliyev tərəfindən. Akademik Budaq Budaqov: “Akademik Həsən Əliyev Muxtar Abduyevin Azərbaycan SSR EA müxbir üzvlüyünə layiq olduğunu tövsiyə edir. Bu, alimin hərtərəfli fəaliyyətinə verilən yüksək qiymət idi. Elmə gəldiyi vaxtdan 15 il sonra Respublika EA-nın müxbir üzvü kimi şərəfli elmi rütbəyə layiq görülməyin kökündə də yüksək elmi göstəricilər dururdu...”
16 iyul 1979-cu il hər şeyə qara nöqtə qoydu. Bu vaxtsız gediş onu tanıyanların hər birinin qəlbində böyük bir boşluq yaratdı. Bu itkidən əsl sarsıntı yaşadılar. Axı, çox tez idi: 53 yaş. Bu rəqəm tarixin fonunda çox kiçikdir, çox. Bu məqamda Muxtar Abduyevin ”Mən və o” hekayəsini xatırlayıram. Həmin hekayə bu cümlə ilə başlayır: “İnsan həyatını xoş arzularla yaşayıb, onu səadətlə başa vurmağa çalışırsa da, lakin bu, əksər hallarda mümkün olmur.” Sanki hər şey özünə agah imiş...
Ağrılı olan bir də o idi ki, hələ övladlarını yan-yön eləməmişdi, hələ oğul toyu görməmişdi, hələ qız köçürməmişdi, dünyanın ən dadlı kəlməsini – “baba” sözünü eşitməmişdi...
Bir həqiqəti də unutmayaq: insan var, 100 il yaşayır, adı heç kimin yadında qalmır, insan da var... “Mən bu dünyada yaşamışam!” onun bu dünyada qoyduğu iz belə deməyə haqq qazandırır. Bu iz zəngin elmi irsi, bir də onun ocağından su içən övladlarıdır. Bu iki həqiqət onun taleyinin ən parlaq səhifəsidir. O, ad-sanı, əməlləri ilə övladlarına da bu torpaqda məğrur yaşamaq haqqı verdi. İndi hər birində bir parçası, bir zərrəsi olan üç övladı, nəvələri Azərbaycan adına çox böyük və unudulmaz işlər görürlər. Bu övladlar gözəl bir atanın övladı olmaq xoşbəxtliyini də dərk ediblər, onun adını və ömür yolunu örnək kimi yaşadıblar, təsdiq ediblər ki, nəsil şəcərəsinin taleyi etibarlı əllərdədir...
Oğlu, torpaqşünas alim, kənd təsərrüfatı elmləri namizədi İlham Abduyevin dediklərindən: “Yazıya pozu yoxdur, bu, həyatın qəbul olunmuş gerçəkliyidir. Amma hərdən elə istəyirəm ki, atam övladlarının, nəvələrinin bu gününü, uğurlarını görəydi. Buna çox haqqı vardı. O, bizim üçün yalnız ata deyildi, ilk müəllim idi, dost idi, sirdaş idi. Xoşbəxtik ki, iki bacım və mən atamın böyük nəsil şəcərəsinin adını həmişə uca tutduq, ona layiq övladlar olduq. Hər üçümüz, həm də onun sənət yolunu davam etdirdik...“
O özündən sonraya yalnız məhəbbət saxladı, nifrət yox. Övladları üçün gözəl ad, gözəl xatirələr qoyub getdi. İşıqlı xatirələri aradan ötən bu 33 ildə heç köhnəlməyib. Amma əzizləri, doğmaları, övladları, onu sevənlər və onun sevdikləri bu günün özündə də həmin işıqlı xatirələrin ağuşunda həzin bir ağrını həmişə dilə gətirirlər: “Axı niyə belə az... Axı niyə belə tez...”
Bir təsəlli də odur ki, Abduyevlər nəslində, İlham Abduyevin ocağında bir Muxtar da böyüyür: İlham müəllimin oğlu...

MƏNƏVİ ABİDƏLƏR
İlham Abduyevin “Mənim atam” kitabını isə bir övladın, ümumilikdə, öz əsil-nəcabətinə, nəsil şəcərəsinə “ucaltdığı” mənəvi abidə adlandırmaq olar. Müəllif özü də bu fikirdədir: “Hər gecə yuxuma gələn nağılları qələmə almaqla ürəyimi boşaltmağa, tarix boyu, zaman boyu səpələnib, intizar-intizar, nigaran-nigaran, həsrətlə yol gözləyən ruhların da borcunu qaytarmağa cəhd eləmişəm bu kitabda. Bu yazıları kağıza köçürdüm ki, borcların, heç olmasa, az qismini də olsa, verə bilim. ...Çox istərdim ki, bu qeydləri atam sağ olanda yazaydım. Amma, yəqin ki, o da başqa ovqatda olacaqdı. Bu gün yazılanlar isə mənim keçmişim, elim, obam və məndən sonra gələn nəslin qarşısındakı mənəvi borcumdur.”
Professor Muxtar Abduyev haqqında digər mənəvi abidə isə onun saytıdır (abduyev.info 4 dildə fəaliyyət göstərən bu sayt istifadəçilərin ixtiyarındadır, alimin elmi və bədii yaradıcılığı artıq müasir texnologiya vasitəsilə də böyük oxucu kütləsinə açıqdır.
Övladları alimin kitablarını da təkrar-təkrar nəşr etdirirlər ki, onun mənəvi ömrü qırılmasın. 86 yaşı ərəfəsində isə alimin biblioqrafik məlumat toplusu da işıq üzü görüb.
Oğlu İlham Abduyev hesab edir ki, bu, sadəcə övladlarının Muxtar Abduyevin xatirəsinə hörmət borcudur. “Məqsədimiz həm də odur ki, qoy onun halal əməyinin və işıqlı təfəkkürünün məhsulu olan zəngin elmi irsindən bəhrələnənlər çox olsun. Yəqin ki, bütün bunlar atamın ruhuna rahatlıq bəxş edir...“

“QƏLBİMDƏ BOY ATAN BU İKİ BUDAQ...”
Professor Muxtar Abduyevin bir kitabı da var: “Dağlarım mənim”. Alimin şeir və hekayələrindən ibarət bu kitab 2003-cü ildə çap olunub.
Muxtar müəllim poeziyanın, ədəbiyyatın da vurğunu olub, sözün qüdrətindən də təsirlənib, şeirlər, hekayələr yazıb. Şair Əli Tudə ilə möhkəm dostluğu olub. Əli Tudə dostuna həsr etdiyi şeirində onu “həkimlər içində torpaq həkimi” adlandırıb.
Aran qucağında, yaylaq üstündə,
Nə rütbə, nə də ki, şöhrətdir andı!
Yox, yox, bərəkətli torpaq üstündə,
Anamız torpağa xidmətdir andı!
Muxtar Abduyevin şeirlərini Azərbaycan təbiətinin simvolu saymaq olar. Bu şeirlərdə Tanrının Azərbaycana bəxş etdiyi min bir gözəlliklərə, doğma yurda sevgi var. Bu sevgidəndir ki, onları bir udum hava kimi ciyərlərinə çəkirsən, bir içim su kimi içirsən. Bu şeirləri duymaq da, qavramaq da cox asandır. Şairin torpağa, milli kökə bağlılıqdan doğan vətənpərvərliyi, qürur və mərdliyi də insanı düşündürür. “Dağ çayı”na müraciətlə yazdığı: “Mən sənə dünənim, gəncliyim deyim“ fikri doğma yurdun qədimliyinə vurduğu işarədirsə, ”Dağlarım mənim” şeiri, bütövlükdə Vətənin “əzəməti”nin parlaq təsviridir:
Məxmər çəmənlərdən önlüyün vardır,
Sırsıra buzlardan günlüyün vardır.
Min sözlü-söhbətli şənliyin vardır –
Möhtəşəm, qamətli dağlarım mənim!
Şair bu torpağın “Vətənə keşik çəkən əzəmətli dağlar”ının, “naxışlı xalı kimi düzləri”nin, “büllur sulu çayları”nın, “dərman havası”nın, təbiətimizin aynası olan meşələrin vurğunudur. Və sözlə onların möhtəşəm tablosunu yaradaraq bütün dünyaya göstərmək, öyünmək istəyir. “Durca yaylağı”, “Payız” təbiət möcüzələrinin böyük məhəbbətlə sözə çevrilməsidir. Şair “ağsaçlı dağlara kədərli yorğandan duman salan” son payızı elə ustalıqla təsvir edir ki, bu mənzərə uzun zaman oxucunun gözü önündən çəkilmir:
...Yarpaqlar saralıb yerə tökülüb,
Ağaclar soyunub çılpaq qalıbdır.
Nəğməkar quşların səsi kəsilib,
Meşələr qüssədən fikrə dalıbdır.
və ya

Arabir boylanıb günəş çıxsa da,
Torpağı, çəməni isindirmir o.
Dibçəkdə güllərin çiçək açsa da,
Qəlbimi oxşayıb sevindirmir o...
Şairin şeirlərinin gözəllliyi bir də ondadır ki, o, hər birimizin gördüyü və bəzən yanından biganə ötdüyü təbiət ünsürlərinə, əslində Allahın yaratdığı kamilliyə, füsunkarlığa fərqli baxa bilir, bu fərqli baxış isə nəticədə gözəl şeir parçalarına çevrilir. “Söyüdlər” şeiri məhz bu fərqli yanaşmanın məhsuludur. Salxım “Söyüdlər”ə böynubükük bənövşə kimi o qədər şeir yazılıb ki. Amma Muxtar Abduyevin ona yanaşması çox orijinaldır. “Çinar”a münasibət isə həm də ibrətamizdir.
Dolandı çox illər, ötdü qərinə,
Nəhayət, sənin də sonun yetişdi.
Çürümüş kökünə, quru gövdənə,
Hər keçən sadəcə, baxıb ötüşdü.
Şümal duruşunla qürrələnərdin,
Sənin boy atdığın kollar içində...
Bu şeir bir atalar sözünü də yada salır: “Ağac bar verdikcə başını yerə dikər”. Yəni “barlı vaxtlarında” çox öyünmə, ətrafına biganə olma, bil ki, sabah bütün yaradılanlar kimi sənin də sonun gələcək. Şairin təbiətə qənim kəsilənlərin biganəliyindən kövrəldiyi anlar da az olmur:
Rəhmsiz ovçular pusqu quranda,
Ceyran ovlayanda, maral vuranda.
Gülləsinin səsi dinir aranda,
İllərin yasına batır meşələr...
Muxtar Abduyevə görə, simamız olan təbiəti qorumaq hər kəsin borcudur. Əslində, bu ekoloji yanaşma onun mənəviyyatından, mədəniyyətindən irəli gəlirdi. Professor Muxtar Abduyevi bir insan kimi tanımaq üçün onun şeirlərini oxumaq yetərlidir. Bu şeirlərdə nəcib, həssas bir insanın xarakteri üzə çıxır. Daha bir məsələ. Şeirlərdəki uğurlu təsvir və bənzətmələr, dolğun ifadələr Ana dilinin zənginliyindən xəbərdar olan bir şairin obrazını da xəyalımıza gətirir...
Kitabda ana, övlad məhəbbəti, dostluq, sevgi duyğuları da səmimi əks olunub. “Ana məhəbbəti” şeiri olduqca təsirlidir. Uşaqkən anasını itirən, anasızlığı, ana borcundan çıxa bilməməyi özünə dərd edən Muxtar müəllim bu ağrını “həsrətin könlümün sızlayan teli” deyə böyük ağrıyla sözə çevirib. “Ana məzarı” şeiri də çox orijinaldır.
Deyirəm, taleyin sən işinə bax,
Anamı udmuşdur öz anam torpaq.
Qəlbimdə boy atan bu iki budaq,
Vurdu ürəyimə hərəsi bir dağ...
Şairin ”Qızım”a, “Oğluma” nəsihəti də çox ibrətamizdir:
Dünyada aldanma vara, dövlətə,
Mənasız tərifə, ucuz şöhrətə.
İnsanı alçaldıb salar möhnətə...
Şairin bədii yaradıcılığındakı sevgi duyğuları isə alimin romantikasının ifadəsidir. “Mən və o” hekayəsinin qəhrəmanı rəfiqələrindən uzaq gəzən, təkliyə qapılan, heç kimə ovuşmayan 20 yaşlı bir qızdır. Amma sevgi bu qızı o qədər dəyişdirir ki, nəinki ətrafındakı insanlar, hətta illərdir yaşadığı şəhər belə onun gözlərində tamamilə dəyişir. Müəllif qızın öz məhəbbəti uğrunda çəkdiyi iztirabları, eləcə də sevginin gücünü çox böyük ustalıqla təsvir edir. Oxucu bu hekayədə Bakıya məhəbbəti də hiss edir, çünki müəllif Bakının da vurğunudur. Axı, Bakı onun üçün Ağdaşdan sonra sığındığı, ucaldığı, ad-san qazandığı doğma bir şəhər idi...
Professor Muxtar Abduyevin bədii yaradıcılığı ilə tanışlıq belə bir təəssürat yaradır ki, sanki o, elmi araşdırmalarının yorğunluğunu gözəl şeirləri və hekayələri ilə canından çıxarırmış...

“ÖLÜMÜN ÖZÜNDƏN SON DƏRƏCƏ GÜCLÜ VƏ QÜRURLU...”
Elmə müqəddəs məbəd kimi baxan professor Muxtar Abduyev elə elmi ilə də yaşadığı dövrün parlaq zərrəsinə çevrilə bilib. Bu zərrənin işığı isə illər keçdikcə daha da artır. Başa çatan ömrün cismani hissəsidir. Əməllərindən yaranan ömrü isə hələ çox-çox uzun olacaq. Dünya durduqca yaşamaq alimlərə xasdır...
“Müəllimim” haqqında yazımı başqa cür bitirmək istəyirdim. İlham Abduyevin “Mənim atam” kitabındakı bir qənaəti məni elə tutdu ki, fikrimdən daşındım. Qoy görkəmli alimimiz haqqında hələlik son nöqtəni elə bu cümlə qoysun: ”Mən onun nikbin və məğrur vücudu qarşısında beləcə donub qalmışdım. Hətta bu vücuduyla da o, həyatını tükənməyə doğru aparmış ölümün özündən son dərəcə güclü və qürurlu görünürdü...” Deyəsən, axı, bu, elə az əvvəl dediyim fikrin davamıdır...

Sitarə CABBARLI



Oxunub: 2203

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim