Respublika qəzeti, N:021(4310) 28 yanvar, 2012
Görkəmli torpaqşünas alim və şair

Font:      

İstərəm gəldiyim qoca-cahana
Sadəcə olaraq baxıb keçməyim
Bulağın, kəhrizin, çayın suyunu
Qiymətin bilmədən alıb içməyim.

Muxtar Rzaqulu oğlu Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində bağban ailəsində anadan olmuşdur. O valideynlərini gənc yaşlarından itirmişdir. Anası 1940-cı ildə, atası isə 1942-ci ildə vəfat etmişdir.
Gənc Muxtarın böyüməsində böyük bacısı Afərdə xanımın əməyi çox olmuşdur. O, 1941-ci ildə Ağdaşda 3 saylı orta məktəbi, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məktəbini bitirmişdir. O hərbi borcunu iki il Bakıda “Qaradağneft”də fəhlə işləməklə ödəmişdir. Fəhlə işləyərkən ali təhsil almaq haqqında düşünmüş və bu arzusuna öz əzmkarlığı və gərgin əməyi ilə nail olmuşdur. Onun həyatının ən ağır illəri, demək olar ki, bu dövrə təsadüf edir. Böyük çətinliklərə baxmayaraq, istəyinə nail olmuş və 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini coğrafiya ixtisası üzrə bitirdikdən sonra müsabiqə yolu ilə “Torpaqşünaslıq” ixtisası üzrə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaq meliorasiyası laboratoriyasında aspirant olmuşdur. Onun elmi rəhbəri SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvi Vladimir Radionoviç Volobuyev olmuşdur. Elmi rəhbər gənc Muxtarın əməksevərliyi və elmə həvəsinə görə daim ondan razı qalmışdır. 1956-cı ildə Ermənistan Kənd Təsərrüfatı İnstitutunda (İrəvan ş.) “Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluluğun dinamikası” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi adını almışdır. O danışırdı ki, bir gecə ərzində mən yatmayaraq çoxsaylı cədvəllərimi karandaşla yazaraq səhər elmi şura qarşısında çıxış etmişəm və mənim müdafiəm çox mübahisəli keçdi. O dövrdə elmi rəhbərim V.R.Volobuyev o şurada iştirak etmişdir. Z.M Abduyev 1957-ci ildə namizədlik dissertasiya işini monoqrafiya şəklində nəşr etdirmişdir. “Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri”adlı bu kitabçanı səlis Azərbaycan dilində çox izahlı yazmışdır. Burada o, Şirvan düzü torpaqlarının qısa təsvirini, torpaqların şorlaşmasının səbəblərini, duzların kimyəvi tərkibini, şorlaşma dərəcəsinə və tipinə görə qruplaşdırmış və izahını vermişdir. Şirvan düzündə ağır gilli şorlaşmış torpaqların yuyulmasını, yuma normasını və şorlaşmaya qarşı aqrotexniki tədbirləri öz tədqiqatları əsasında əsaslandırmış və çox yerindəcə əsaslı tövsiyələr yazmışdır.
Muxtar müəllim aspiranturanı bitirdikdən sonra 1954-1956-cı illərdə kiçik elmi işçi, 1956-1968-ci illərdə baş elmi işçi vəzifəsində çalışmışdı.
M.Abduyev 1955-1965-ci illərdə “Dellüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri” mövzusunda elmi iş aparmış və 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə həmin dissertasiyanı monoqrafiya şəklində rusca nəşr etdirmişdir.
SSRİ Ali Attestasiya Komissiyası 1971-ci ildə ona professor rütbəsi vermişdir. O, V.V.Dokuçayev adına SSRİ Torpaqşünaslar Cəmiyyətinin medalı və mükafatı ilə təltif olunmuşdur.
Azərbaycanda, xüsusən Kür-Araz ovalığında Siyəzən-Sumqayıt massivində, Abşeronda və Gəncə-Qazax zonasında torpaqların dellüvial formada əmələ gəlməsi və şorlaşması məsələlərinin dərindən, əsaslı surətdə öyrənilməsi Muxtar müəllimə məxsusdur. Bu, Azərbaycanın torpaqşünaslıq elmində beynəlxalq səviyyədə yeni istiqamətdə aparılan elmi işdir. Nəinki Azərbaycanda, eyni zamanda dünyada torpaq əmələgəlmənin, şorlaşmanın, şorakətləşmənin yaranması, dellüvial formalaşması dünya elmi üçün bir yenilik, bir kəşfidir.
Torpaqların allüvial, prollüvial, dellüvial formada əmələ gəlməsi, şorlaşması və şorakətləşməsi Muxtar müəllimin adı ilə bağlıdır. Bu işdə o ağır bir elmi-tədqiqat işinin öhdəsindən təkbaşına məharətlə gəlmişdir. Belə torpaqların fiziki, su-fiziki, kimyəvi xassələrini əsaslı surətdə daimi meydançalarda öyrənmiş, belə torpaqların ağır mexaniki tərkibə malik olmasını sübut etmiş və duzlardan yuyulması üsullarını, yuma normasını təyin etmişdir.
Muxtar müəllimin, əsərlərindən biri rus dilində yazdığı “Azərbaycanın gilli şoranlarının sürətli meliorasiyası” adlı kitabıdır. Bu kitabı onun meliorasiya sahəsində topladığı, işlədiyi elmi-praktiki təcrübənin istehsalata tətbiqi kimi qiymətləndirmək olar. Şoran torpaqların duzlardan yuyulmasında bütün bilik və bacarığını bu işdə əks etdirmişdir. Bu kompleks iş həyata keçirilərkən 4 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır. Kimyəvi meliorantlar tətbiq etməklə Qarabağ düzündə ağır gilli şoran torpaqların yuyulmasında torpaqların su-fiziki və fiziki-kimyəvi xassələrinin dəyişməsi (V.A.Əhmədov) kimyəvi meliorantlar fonunda duzların torpaqdan yuyulması (N.K.Mikayılov), yuma prosesində şoran torpaqlarda mikroorqanizmlərin dəyişməsi (T.Babayeva), yumadan sonra torpaqların kənd təsərrüfatı bitkiləri altında mənimsənilməsi və uzun müddətli istifadəsi prosesləri (Ə.M.Quliyev) ətraflı öyrənilmişdir. Göründüyü kimi, Qarabağ düzündə (150 ha sahədə) kimyəvi meliorantlar tətbiq etməklə şoran torpaqları sürətlə yuma işi aparmaq (peyin, gips, üzvi-mineral turşulaşdırıcı, sulfat turşusunun 0,8-1,0 faizli məhlulu və s. tətbiq etməklə) onun son elmi ideyası oldu. Bu işdə, yəni şoran torpaqların yuyulmasında yüksək nailiyyətlər əldə etdi. Beləliklə Muxtar müəllim 1957-1978-ci illər ərzində Kür-Araz ovalığında şorlaşmış və şorakətləşmiş torpaqlar, onların genezisi, coğrafiyası, fiziki-kimyəvi xassələri, həm də onların meliorasiyası haqqında Azərbaycan dilində 3, rus dilində 2 ədəd iri kitab yazmış, gələcək nəslə onları yadigar qoymuşdur. Həm də böyük alim 1974-cü ildən fəaliyyət göstərən rekultivasiya laboratoriyasının müdiri olmuşdur. M.Abduyev 1968-ci ildən 1979-cu ilə kimi, yəni ömrünün sonuna qədər AEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.
Muxtar müəllim 10 elmlər namizədi və bir elmlər doktoru yetişdirmişdir. İşlədiyi illərdə o, öz bilik və bacarığını ali məktəblərdə dərs apararkən tələbələrindən əsirgəməmişdir. ADU-da, Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Politexnik İnstitutunda, torpaqşünaslıq və torpaq meliorasiyasından dərs demişdir. O həmişə təbiətin qanunauyğunluqlarına xüsusi diqqətlə yanaşmağı, alınan mənfi nəticələrə biganə olmamağa və analizlərin düzgün aparılmasına fikir verməyi tövsiyə edirdi. Hərdənbir su çəkimi analizini bir-birindən xəbərsiz 3 nəfərə verirdi. İki nəfərin analiz nəticəsi eyni olanda çox sevinir və onu düzgün hesab edirdi.
Şoran torpaqların məhsuldarlığının bərpası uğrunda çalışan tanınmış alim Muxtar müəllim elm fədaisi olmaqla bərabər, həm də həssas qəlbli bir insan—vətənpərvər şair idi. Onun yazdığı “Dağlarım mənim” adlı şeir kitabı 2003-cü ildə nəşr olunmuşdur. Bu kitab 80 səhifə olmaqla üç hissədən ibarətdir.
Birinci hissə gözəl təbiətə, onun düzlərinə, dağlarının yazda kükrəyən çaylarına, yaşıl meşələrinə və gül-çiçəyinə həsr edilmişdir. “Dağlarım mənim” şeirində şair belə yazır:
Geniş düzlərimə bərəkətsiniz
Adı əzəmətli dağlarım mənim!
Ana torpağıma gərəksiniz siz,
Əzəldən qüdrətli dağlarım mənim!
Bu şeirdə Muxtar müəllim təbiətin sirrini necə ustalıqla açıqlayır. Dağların düzlərə qida mənbəyi olduğunu, düzlərin torpaq qatının dağ çayları tərəfindən gətirilən çöküntülər vasitəsilə artdığını, qalınlaşdığını çox məharətlə açır, dağların vətənə sipər olduğunu göstərir.
Kitabın ikinci hissəsi “Keçən ömür” adlanır.
Burada şair sanki keçdiyi ömür yoluna nəzər salır. Bu zaman xəyalın, fikrin keçmişlərə qayıtdığını, həyatın şirin olduğunu, kəsdiyi duz-çörəyə düz olmağı və həyatda xeyirxah olmağı tərənnüm edir.
Kimdir xəbis bu dünyada,
Hətta çatsa yüksək ada,
Yetişməsə bərkdə dada,
Ölsə düşməz, bil ki, yada.
Şair 1968-ci ildə yazdığı “Buruqlar” şeirində gənclik illərini xatırlayır. Neft buruqlarını təmir etdiyini, buruqların mənzərəsini təsvir edir.
Elə ki çıxıram Bayıl dağına
Qarşımda yüksəlir uca buruqlar,
Azacıq enəndə dağın yalına
Sanıram meşədir qoca buruqlar.
Kitabın üçüncü hissəsi “Yanar, heç vaxt sönməz qəlbim” adlanır. Burada şair gözəlliyi, məhəbbətdə etibarlığı, qadın gözlərini, baxışını və incə təbəssümünü müxtəlif şeirlərində tərənnüm edir.
Muxtar müəllimin həyatı torpağını, vətənini hərarətlə sevən bir alim, incə qəlbli bir şair idi. Bu yazının başlığında yazılan “İstərəm” şeirində şair həyatı duymağı, təbiəti dərk etməyi necə də sadə və uyğun yazır. Həyatının 1978-1979-cu illərində o ürəyindən şikayət edirdi. 1979-cu ildə amansız ölüm 53 yaşında onu həyatdan, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun kollektivindən və dostlarından, tələbələrindən, ailəsindən ayırdı. Lakin institutun torpaq muzeyində ona xüsusi guşə ayrılmışdır. Orada onun şəkli və yazdığı əsərlər nümayiş etdirilir. Onun xatirəsi həmişə dostları, tələbələri tərəfindən yad edilir.

Məhərrəm BABAYEV,
AMEA-nın Torpaqşünaslıq və
Aqrokimya İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor.

Vəzir ƏhmƏdov,
Rekultivasiya laboratoriyasının
müdiri, kənd təsərrüfatı elmləri
namizədi, böyük elmi işçi.



Oxunub: 1467

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim