“Respublika” qəzeti, N:021(4361) 05 aprel 2012
Elmin zirvəsinə yeni cığırla yüksələn vətəndaş-alim

Font:      

Muxtar Abduyev işlədiyi Moskva şəhərində həm də dünya torpaqşünaslarının arid regionlarında işlər aparılmasını gözləyirdi. Şoran torpaqlarının şirinləşdiyi mövzuda alimlər çox düşünürdülər. Muxtar Abduyev öz işlərini şoran torpaqların şirinləşməsi marağı ətrafında elmi tədqiqat işi aparmışdı. Onun elmi nəticələrini şoran ərazilərdə gözləyirdilər. Muxtarın apardığı iş tədqiqatlarda böyük səbir tələb edirdi. Onu bu elmi işdə səhra və yarımsəhra ərazisində işləyən alimlər ordusu gözləyirdi. Bu səbəbdən də onun rəhbərliyi altında çıxan bütün məqalələr və kitablara ixtisasçı alimlər göz dikmişdilər.
Muxtar Abduyevin hər bir məqalə və ya kitabını Avstraliyanın ərazisində işləyən alimlər də gözləyir. Arid regionlarda şorlaşan torpaqlarda şirinləşmə haqda yazdığı kitablar alimdən ciddilik tələb edirdi.
Zaman gəldi. Onun istər namizədlik və istərsə də doktorluq dissertasiyası keçmiş SSRİ Ali Attestasiyasında vaxtında təsdiq edilmişdi.
Muxtar Abduyevin əsərləri keçmiş SSRİ ərazisində tez qəbul edilən işlərdən olmuşdur. Muxtar müəllimin dissertasiyaları onun elmi işlərində də öz əksini tapmışdı.
Muxtar Abduyevdə olan səbir onun həyat qalxanı idi. Onda olan səbir həm də ona uğurlar gətirirdi.
O vaxtlar Azərbaycan alimləri arasında konfliktlər də var idi. Muxtar bütün konfliktlərdən uzaq idi. O vaxt bizim Coğrafiya İnstitutu geomorfologiya şöbəsi AMEA Geologiya İnstitutunda yerləşirdi. Odur ki, mən Muxtarla tez-tez görüşə bilirdim. O bütün konfranslarda iştirak edirdi. Bu da onu yaxşı alim kimi tanıtdırmışdı.
Azərbaycana şöhrət gətirir və bu gün də onun təbliğində adı çəkilir. O, Elmi-Tədqiqat İnstitutunda da bu mövzu ilə məşğul olurdu.
1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini coğrafiya ixtisası üzrə bitirdikdən sonra müsabiqə ilə torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə Ermənistan Kənd Təsərrüfatı İnstitutunda (İrəvan ş.) “Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluluğun dinamikası” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi adını almışdır.
1955-1965-ci illərdə gərgin elmi- tədqiqat nəticəsində Abduyev ilk dəfə olaraq “Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri” mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor rütbəsi verilmişdir.
1954-1956-cı illərdə M.Abduyev kiçik, 1956-1968-ci illərdə baş elmi işçi vəzifəsində çalışmış, 1968-ci ildən 1979-cu ilədək Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.
M.Abduyev bir çox aspirant və dissertantın rəhbəri olmuşdur. O, ali məktəblərdə yarım ştat işləməklə ali təhsilli kadr hazırlığında da fəal iştirak etmişdir. M.Abduyev 1952-ci ilədək Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda, 1959-1961-ci illərdə ADU-da. 1966-1968- illərdə isə Azərbaycan Politexnik İnstitutunda torpaqşünaslıq və torpaq meliorasiyasından mühazirələr oxumuşdur. Bu yolla alim torpaqşünaslıq və meliorasiya üzrə yüksək ixtisaslı kadrlar hazırlanmasına yardımçı olmuşdur.
Kənd təsərrüfatı elmləri doktoru Muxtar Abduyev dostları və yoldaşları arasında nüfuza malik, heç vaxt, mənəm-mənəm” deməyən, sakit təbiətli, səmimi bir insan idi.
Muxtarla mənim münasibətim qarşılıqlı hörmət, səmimiyyət və dostluq əlaqəsi üzərində qurulmuşdu. Bizi birləşdirən amillərdən biri də elmə ciddi münasibətimiz və özümüzü, demək olar ki, sözün əsl mənasında elmə həsr etməyimiz idi. Elmi nailiyyət ancaq tədqiqatçıya, onun dostlarına və ya ailə üzvlərinə deyil, həm də çalışdığı Elmi-Tədqiqat İnstitutuna qürur hissi gətirir, uğurlar qazandırır.
1950-1970-ci illərdə Azərbaycan SSR EA-nın gənc alimləri arasında bir növ, yarış başlanmışdı. Onların hər biri özünü elmə fanatikcəsinə həsr etdiyi və düzgün elmi istiqamət götürdüyündən uğurları da təqdirəlayiq səviyyədə idi.
ADU-nu M.Abduyevlə birgə bitirmiş yoldaşları A.A.Nadirov akademik seçilmiş, Ş.Həsənov, Ə.C.Əyyubov, B.Əbdürəhmanov elmlər doktoru, professor, N.Vəliyev və digərləri (H.Babayev, Q.Qaramollayev və b.) elmlər namizədi alimlik dərəcəsi almışdılar. Yüksək səviyyədə elmi təhsil, elmə olan hədsiz maraq və işgüzarlıq onların elmin yüksək kürsüsünə qalxmasına imkan vermişdi.
M.Abduyevin nəşr etdirdiyi elmi əsərlər, elmin təşkilindəki uğurlu fəaliyyəti, gənc elmi kadrların hazırlanmasına işgüzar qayğısı sayəsində Azərbaycan SSR EA-da Muxtar müəllim dostlarının sevimlisinə çevrilmişdi. Bir insan, qayğıkeş elmi rəhbər və əməkkeş alim kimi həyatda dərin iz buraxmış alimin xatirəsi əbədidir. Vaxt baxımından insan xarakterinin müəyyən cəhətləri həyatdan tədricən silinsə də, onun özündən sonra qoyub getdiyi elmi irs əsla unudulmur. Atalar demişkən, yazıya pozu olmadığı kimi, alimin qələmindən çıxan faydalı əsərlərə də pozu yoxdur!
1951-ci ildə M.Abduyev Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutuna işə daxil olmuşdur. O dövrdə Azərbaycan SSR ərazisinin torpaqları əsasən aparıcı alimlər tərəfindən tədqiq olunmuş respublika torpaqlarına dair “Azərbaycan SSR torpaqları” (1953) adlı fundamental monoqrafiya nəşr edilmişdi.
Beləliklə, gənc torpaqşünasların bir qrupu bu elmin aktual problemlərinin tədqiqinə istiqamətləndirilmişdi.
M.Abduyev o dövrdə Kür-Araz ovalığının torpaqlarını təsdiq edən akademik V.R.Volobuyevin rəhbərliyi altında işlədiyindən ona Kür-Araz ovalığı torpaqlarının prolüvial formalı növündə şoranlaşma mövzusunda elmi-tədqiqat işi aparmaq tapşırılmışdı.
1953-cü ildən başlayaraq məqsədyönlü tədqiqatla məşğul olan M.Abduyev 1963-cü illər ərzində torpaqşünaslıq elmi üçün çox vacib elmi nəticələr əldə etmiş və bunun əsasında önəmli elmi təkliflər irəli sürmüşdü. Onun çöl və laboratoriya şəraitində apardığı gərgin elmi “təqiqat işləri, çoxsaylı torpaq kəsimlərinin analizi zəngin material toplamağa imkan vermişdi.
Alimin elmi uğurlarının yekunu olaraq 1968-ci ildə Azərbaycan SSR EA Nəşriyyatında “Delüvial formalı şoranlaşmış torpaqlar və onların meliorasiyası məsələləri” (rus dilində) adlı 25 çap vərəqi həcmində fundamental əsəri çap edilmişdir.
M.Abduyevin bu dəyərli monoqrafiyası elmi ictimaiyyət arasında yüksək qiymət almış, 1970-ci ildə keçmiş V.V.Dokuçayev adına mükafat üçün müsabiqə komissiyasına təqdim edilmişdi.
Əsərdə 484 adda ədəbiyyatdan istifadə edilməsi alimin öz ixtisası sahəsində elmi məxəzlər üzərində işləmək qabiliyyətini, onun dərin təfəkkürünü, alimlik istedadını və geniş dünyagörüşünü bir daha sübut edir. Professorun bu ədəbiyyat siyahısına xarici dillərdə çap olunmuş 23 adda əsəri daxil etməsi onun xarici dillərdən birini, əsasən ingilis dilini mükəmməl bilməsini göstərir.
Suvarma zamanı normalara riayət edilməməsi, relyefdə olan mikro kələ-kötürlüklərin düzəldilməməsi, çalaların su ilə doldurularaq bataqlaşması və digər amillər torpağın şoranlaşmasını sürətləndirmişdi.
Kür-Araz ovalığı (Mərkəzi Aran) respublika ərazisinin üçdə birini, suvarılan torpaqların isə əsas hissəsini təşkil edir. Ovalıqdan ibarət olan bu ərazidə relyefin təbii meyilliliyi son dərəcə az olduğundan drenaj sistemi çox zəif işləyir. Ovalığın geomorfoloji quruluşu da çox mürəkkəbdir.

M.Abduyevin ağır gilli şoranlıqların mənimsənilməsinə, meliorasiya fonunda yuyulmasına dair təklif etdiyi metod ilk növbədə Azərbaycanın bir sıra irriqasiya massivləri torpaqlarının sağlamlaşdırılması və istifadəsinə dair layihələrin hazırlanmasına zəmin yaratmışdır. Professor müəyyən etmişdir ki, şoranlaşmış və şoran torpaqların meliorasiyasında turşuluğu artırılan petrolatüm maddələri müsbət nəticə verir.

Onun bir sıra əsərləri xaricdə ingilis dilində çap edilmişdir.
M.Abduyev 1965-1968-ci illərdə yaratdığı, alim əməyi ilə başa çatdırdığı bu əsərində böyük həyəcan hissi ilə qeyd edirdi ki, “Suvarma qaydaları kobud surətdə pozulur”; “… suvarma suları drenaj və sutoplayıcılara axıdılır”; “Drenajları başdan-başa qamış, başqa susevər bitkilər və lil basmış, drenajın üzərində yol salmışdır. Bu vəziyyət drenajlardan şor suların axınına və torpaqların meliorativ yaxşılaşmasına maneçilik törətmişdir”… Muxtar Rzaqulu oğlunun yarım əsr bundan əvvəlki tövsiyələri bu gün üçün də aktualdır və onları unutmaq olmaz.

XX əsrin ortalarında Kür-Araz Su Tikinti İdarəsinin başında duran Baqramyanın suvarma şəbəkələrinə beton üzlüklərin çəkilməsinə mane olması Kür-Araz ovalığı torpaqlarının əlavə intensiv şoranlaşmasına, bataqlaşmasına şərait yaratdı. Nəticədə Kür-Araz ovalığında əkinçiliyə yararlı torpaqların dövriyyədən çıxması bu gün də davam etməkdədir… Bu, millətimizin məkrli düşmənlərinin—ermənilərin Azərbaycan torpaqlarına qarşı növbəti köklü xəyanətlərindən biri idi.
Ömrünü torpağın tədqiqinə sərf edən, onun dövriyyədən çıxmaması, şoranlaşmaması üçün biliyini əsirgəməyən alimlərin ömrü də torpaq qədər yaşarlı olur. Professor Muxtar Abduyev də məhz belə bir şərəfə layiq alimlərdəndir.
Budaq BUDAQOV, akademik.



Oxunub: 1525

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim