Fədakar torpaqşünas alim, qayğikeş insan –Muxtar müəllim

Font:      

Bəşəriyyət yarandığı gündən elm olmuş, o müxtəlif mərhələlər keçərək müasir dövrə gəlib çatmışdır. Tarix boyu alimlər çalışmış, axtarışlar aparmış, öz fikirlərini deyərkən bəzən ölümə də məhkum olsalarda sözlərindən dönməmişlər. Təsadüfi deyilki, qurani-kərimdə deyilir: “alimin qələminin mürəkkəbi şəhidin qanından qiymətlidir”. Budur islamda elmə qiymət.
Haqqında danışmaq istədiyim nəcib insan, yaradıcılığının çiçəklənən, yaşının müdrik çağında aramızdan getmiş torpaqşünas alim, k.t.e.d. (1966), prof. (1971), 1968-1979-cu illərdə Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eləcə də həmin İnstitutun rekultivasiya laboratoriyasının müdiri vəzifələrində çalışmış Muxtar Rzaqulu oğlu Abduyevdir. Cəmisi 53 il ömür sürdü, amma yaşadığı dövr ərzində yazdığı əsərlər onu qısa bir müddətdə dünyada tanıtdı. Onu başa düşən, ondan öyrənən insanlar varlığında ona həsəd aparsalarda, yoxluğundan çox kədərləndilər.
1976-cı ildən Azərbaycan MEA-nın Torpaqşunaslıq və Aqrokimya insitutunda (aspiranturada) SSRİ- EA vitse prezidenti, akademik B.R.Volobuyevin, k.t.e.n., baş elmi işçi Q.Z.Əzizovun rəhbərliyi altında «Naxçıvan muldası (təknəvari çökəklik) torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yolları» mövzusunda namizədlik dissertasiya üzərində işləyirdim.
Naxçıvanda meliorasiya sahəsinə aid elmi tədqiqat işi ilk dəfə idi aparılırdı. Baxmayaraq ki, bizdən öncə S.A.Zaxarov, H.Ə.Əliyev, Ə.Zeynalov, R.H.Məmmədov və başqaları Naxçıvanda müxtəlif səpkidə torpaq tədqiqaları aparsalarda, mövcud şəraitdə melorasiya və su təsərrüfatının sürətli inkişafı dövründə torpaqlarda əmələ gələn təkrar şorlaşma prosesi ilk dəfə olaraq tədqiq olunaraq gündəmə çıxarıldı.
Biu iş mənim üçün də ikiqat çətin idi. Çünki, Azərbaycanın müxtəlif bölgələrində, Mil-Muğan, Qarabağ, Şirvan və s. ərazilərində uzun müddət ərzində torpaq meliorasiyası sahəsində tədqiqatlar aparılmış olsada, Naxçıvan MR-də ilk dəfə idi ki tədqiqata başlanırdı. Demək olarki bu sahəyə dair heç bir məlumata rast gələ bilmirdim.
Buna görə Naxçıvanın təkrar şorlaşmaya məruz qalmış Nehrəm torpaqlarını, Duzdağın aşınma məsulları hesabına şorlaşmış Böyük düz torpaqlarında elmi tədqiqat işi aparmaq olduqca çətin idi. Çıxış yolu isə yox idi, ya işi davam etməli, yada işdən imtina etməli idim.
Mövzumla əlaqədar meliorasiya sahəsində fundamental iş aparan alimlərin işləri ilə maraqlanmağa başladım. Bu sahədə Özbəkistanda, Türkmənistanda, Rusiyada və başqa ölkələrdə aparılmış işlərlə tanış oldum. Lakin bu işlərin nəticələri məni qane etmirdi. Yəni mənim tədqiqatım ilə uyğun gəlmirdi ki, onlardan qismən bəhrələnim. Çətinliklərə baxmayaraq mən Naxçıvan MR-də ilk dəfə olaraq şoran və təkrar şorlaşmış torpaqların yuyulması işinə başladım. Bu işdə demək olarki Muxtar müəllimin əsərləri stolüstü kitablarıma, sahələrdə apardığı çöl tədqiqatı işləri isə gündəlik iş proqamına çevrilmişdi. Beləliklə Naxçıvan MR-in Böyük düz, Xok və Nehrəm kəndləri ərazilərində şoran və təkrar şorlaşmış torpaqlar yuyularaq əkin dövriyyəsinə qaytarıldı. Lakin görülən işlər böyük zəhmət və elm adamlarının köməyi ilə başa çatdı.
Yaxşı yadımdadır, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitunun torpaq meliorasiyası laboratoriyasında elmi hesabatım müzakirə olunurdu. Müzakirədə 1958-63-cü illərdə “Naxçıvan MR torpaqlarının aqrofiziki xassələri və onlardan kənd təsərrüfatında istifadə” üzrə fundamental tədqiqat aparmış mərhum prof. Rəfi Məmmədov da iştirak edirdi. Mən Naxçıvan muldası(təknəvari çökəklik-geoloji termin) torpaqlarında təkrar şorlaşmanın əmələ gəlməsi, onları doğuran səbəblər və ona qarşı mübarizə yollarından danışarkən məruzəmin gedişində mübahisə yarandı. Azərbaycanın Mil-Muğan və Şirvan torpaqlarında tədqiqat ilə məşqul olan alimlər mənim fikrimlə razılaşmayaraq etiraz etdilər. Söhbət Naxçıvanda torpaqların qanunauyğun yayılmamasından gedirdi. Xüsusi ilə torpaq kəsimlərinin qısa məsafədə tez-tez dəyişdiyini qəbul etmirdilər. Belə olan halda isə torpaqlarda baş verən təkrar şorlaşma proseslərinin düzgün şərhini vermək olmurdu.
Mübahisələrin qızğın getdiyi bir zamanda prof. Rəfi müəllim yerindən söz alaraq dedi ki, yoldaşlar aspirantın fikri düzgündür, onun dediyində yanlışlıq yoxdur. Əgər Mil-Muğan və Şirvan zonalarında qeyd olunan torpaq kəsiyindəki dəyişikliklər bir neçə on kilometrlə davam etdiyi halda, Naxçıvanda bu dəyişiklik yüz metrdə hətta onlarla metr məsafədə müşahidə olunur. Beləliklə prof. R.Məmmədovun müdaxiləsi məni mübahisədən xilas etdi. Lakin, məsələ bununla qurtarmadı.
Sabahı günü mənə dedilərki Torpaqşünaslıq və Aqrokimya İnstitunun direktorun elmi işlər üzrə müavini sizi yanına çağırır. Narahat oldum, nəyə görə çağrılıram, bəlkə bir səhv etmişəm. Nə isə sabahı günü direktorun müavinin qəbulunda oldum. İcazə alıb içəri girdim. Məni çağıran alim əslində 1966-69-cu tələbəlik illərindən tanıdığım professor Muxtar müəllim idi. Mən hələ tələbəlik illərində Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya fakultəsində oxuyarkən Muxtar müəllimin bizim fakültədə dərs dediyini bilirdim. O vaxt belə təsəvvür vardı ki, görkəmli alimlərə, professorlara yanaşmaq, onlardan söz soruşmağa hər adam risq etməzdi, biz uzaqdanda olsa onlara həsəd aparardıq. Bu gün isə ilk dəfə idi prof. Muxtar müəllimlə üz-üzə gəlirdim.
Doğrudanda haqqında eşitdiyim professor Muxtar müəllimin qarşısında durub onun suallarına cavab verməkdə həm çətinlik, həm də məsuliyyəti hiss edirdim. İçəri dəvət olundum, bu zaman Muxtar müəllim mənə yer göstərib oturmağımı təklif etdi. Mən isə oturmadım. Çünki, müəllimim qarşısında oturmaq mənim üçün qəbul olunmaz idi. Xülasə, Muxtar müəllim dedi ki, elmi rəhbəriniz akademik B.R.Volobuyev mənə sizinlə görüşüb təkrar şorlaşmış torpaqların yuyulmasına dair məsləhət verməyimi xahiş edib dedi. Düzü təəcübləndim. SSRİ EA-nın vitse prezidenti, dünya şöhrətli alim, akademik niyə adi bir aspirantı onun yanına göndərmişdi. Nə idi məqsədi? Məgər onun üçün bu mövzuya rəhbərlik etmək yəni o qədər çətin idi?
Muxtar müəllimin təkidi ilə oturdum. O, məni sorğuya tutdu. Gördüyüm, görmək istədiyim və məqsədim barədə danışmağa məcbur etdi. Səbrlə dinlədi və sonra mənə bir neçə kitab verərək dedi ki, bunları oxuyub gələrsiz sonra söhbətimizi davam edərik. Maraqlısı bu idi ki, mənə konkret müddət qoydu ki, nə vaxt təkrar görüşürük.
Mən kitabları oxudum, çoxlu suallara oradan cavab tapdım və yeni suallar meydana çıxardım. Təkrar Bakıya qayıtdım. Təbii ki, Muxtar müəllimlə görüşdüm. Oxuduğum və indi görmək istədiyim işlər barədə danışdım. Bu dəfə o mənə 1977-ci ildə dərc olunmuş «Azərbaycanın gilli şoranlıqlarının sürətli meliorasiyası» kitabını imza edərək təqdim etdi. Kitabın ikinci səhifəsində «Aspirant Əlövsət Quliyevə hörmət əlaməti və xoş arzularla» yazmışdı. Bu gün həmin kitabı mən kitabxanamda ən qiymətli kitab kimi saxlayıram. Beləliklə bizim münasibətlər olduqca doğmalaşdı və dostluğa çevrildi. Daha mənim üçün çətinlik olmadı, hər dəfə Bakıya gələndə onunla görüşər gördüyüm işlər və nəticələr ilə maraqlanardı.
Doğrudanda, böyük alimlər, həmdə yüksək insani keyfiyyətə malik olurlar. Nədənsə biz insanların qədrini itirəndən sonra bilirik. Doğrusu içimdən bir sual doğur. Muxtar müəllimin hansı keyfiyyətləri vardır ki, biz onu çox istəyirdik? Cavab çox qısa olurdu. O, əslində böyük qəlbə malik sadə bir elm adamı, işgüzar, elmi araşdırmaları sevən, israrlı və böyük intellekt sahibi idi.
Bir gün Muxtar müəllim mənə dedi ki, mümkünsə mənə bir siqaret tap. Amma mən siqaret çəkən olmadığım üçün siqaretin hansı maqazindən almağı bilmirdim. Bilirdim ki, Politexnik institunun qarşısında maqazin var. O vaxtlar ən yaxşı siqaretlər «BT» və «Opal» siqaretləri sayılırdı. Tez gedib siqret alıb gətirdim. Bu zaman laboratoriyada işləyən qızlardan biri mənim siqaret gətirməyimi bildi. Böyük bir qalmaqal düşdü. Sən demə Muxtar müəllimə həkimlər siqaret çəkməyi qadağan etmişdilər. Çox peşman oldum. Amma Muxtar müəllimin sözünü yerə salmaqda mümkün deyildi. Siqaretin Muxtar müəllimə ziyan elədiyini biləndə günahkar olduğumu başa düşərək daha çox rahatsız oldum. Bunu hiss edən Muxtar müəllim qızları yanına çağırıb dedi ki, aspirantın günahı yoxdur. Mən dedim o da mənim sözümə əməl etdi. Beləliklə bu gün də özümü bağışlamıram.

Təbiiki, Muxtar müəllimin elmi fəaliyyəti onun tədqiqatlarının xüsusən dellüvial mənşəli şoran torpaqların yuyulmasına həsr olunmuş əsərləri mənim namizədlik dissertasiyamın ərsə gəlməsində əvəzsiz rol oynadı. Elə əsərlər var ki, onun 50 səhifəsindən bir cümlə yaza bilmirsən. Amma Muxtar müəllimin ən kiçik həcmli məqaləsi böyük bir əsərdir. Onun hər cümləsi böyük bir kitabın fəslidir. Çünki, alimin səriştəli, elmli, mühakiməli və eksperimental tədqiqata əsaslanmış əsəri qısa bir ömrün salnaməsidir. O cəmisi 53 il yaşadı. Amma qısa müddətdə elm aləmində heç kəsin edə bilmədiyini o yerinə yetirdi.
Elm fədaisi olan Muxtar müəllimin gördüyü işlər və apardığı araşdırmalar o qədər dolğun və sistemlidir ki, onları oxuyarkən bu insanın nə qədər istedad sahibi olduğuna qibtə edirsən. Həm də fəxr edirsən ki, millətimizin Muxtar müəllim kimi alimi, ziyalısı elm xadimi olmuşdur.
Onun qısa ömrü ərzində gördüyü işlərin miqyası böyükdür. Sanki o bilirdi ki, Azərbaycan elmində torpaq meliorasiyasında boşluq var və onu doldurmaq lazımdır. Məhz o bu boşluğu dolduraraq dünyadan getdi.
Onun ölümü də bir alim ömrü nümunəsi oldu. Yəni o qarşısına qoyduğu böyük elmi araşdırmaların bir qismini fundamental şəkildə yerinə yetirərək, hamıya nümunə oldu.
Bəlkə də məni hissə qapılmaqda günahkar edənlər də tapılar. Amma bu mənalı bir alim ömrünün xırda çalarlarıdır ki mən qələmə aldım. Ruhun şad olsun, qəbrin nurla dolsun ey böyük alim Muxtar müəllim. Sizin xatirələriniz həmişə sizi sevənlərin qəlbində yaşayacaqdır.

Naxçıvan Dövlət Universitetinin ÜTF və EKOLOGIYA kafedrasının müdiri, k.t.e.d., professor.
YUNESKO-un “kəhriz-qədim hidrotexniki qurğular”
üzrə 4-cü dövlətlər arası idarə heyətinin üzvü: Ə.G.QULIYEV



Oxunub: 1365

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim