Bioqrafiya

ABDUYEV MUXTAR RZAQULU OĞLU

Abduyev Muxtar Rzaqulu oğlu (14.02.1926 – 16.07.1979)-torpaqşünas, k.t.e.d. (1966), prof. (1971). Abduyev M.R. 1968-1979-cu illərdə Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eləcə də həmin İnstitutun rekultivasiya laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.
Muxtar Rzaqulu oğlu Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbini, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məktəbini bitirmişdir. M. Abduyev 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə «Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluğunun dinamikası» mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır.
1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar nəticəsində Abduyev ilk dəfə olaraq «Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri» mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor dərəcəsi verilmişdir.
M.R.Abduyev 1954-1956-cı illərdə kiçik elmi işçi, 1956-1968-ci illərdə baş elmi işçi vəzifələrində,1968-1979-cu illərdə isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə müavin vəzifəsində çalışmışdır. M.R.Abduyev həmçinin Azərb.SSR EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvi kimi respublikada elmi-tədqiqat işlərinin təşkilində və inkişafında fəal iştirak etmişdir.
Onun əsas tədqiqatları torpaqların şorlaşmasının meliorasiyasına həsr edilmişdir.
M.R.Abduyev torpaq meliorasiyası sahəsində ilk azərbaycanlı elmlər doktorudur.
İlk dəfə dünya miqyasında torpaqların şorlaşmasının delüvial formasının mənşəyini, diaqnostikasını, nəzəri problemlərini öyrənmiş və onların meliorativ yaxşılaşdırılması yollarını tədqiq etmişdir. Bu sahədə alimin fundamental monoqrafiyası Azərbaycan SSR EA Nəşriyyatında çap edilmiş (1968) və dünyada bu əsərin nəşri böyük rəğbətlə qarşılanmışdır. Tanınmış xarici alimlərdən olan prof. S.V.Oprya və prof. Q.Sandu keçmiş SSRİ EA-nın “Torpaqşünaslıq” və Azərbaycan SSR.EA-nın biologiya elmlərinin «Xəbərlər» jurnalında bu əsərin elmi mahiyyəti haqqında məqalələr çap etdirmişlər.
M.R.Abduyev tərəfindən ilk dəfə Respublikanın ağır gilli şoran torpaqlarının kimyəvi meliorasiyası (neft və neft-kimya sənayesinin tullantıları ilə yuyulması) nəticəsində torpaqların münbitləşməsinin effektivliyini göstərilmiş və onun bu mövzuya həsr edilmiş «Ускоренная мелиорация глинистых солончаков Азербайджана» adlı monoqrafiyası çap edilmişdir.
M.R.Abduyevin elmi kadrların: elmlər doktorlarının və elmlər namizədlərinin hazırlanmasında böyük xidmətləri var. O, 1952-ci ilədək Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda, 1959-1966-cı illərdə ADU-da, 1966-1968-ci illərdə isə Azərbaycan Politexnik İnstitutunda torpaqşünaslıq və torpaq meliorasiyasına həsr olunmuş mühazirələr oxumuşdur. Prof.M.Abduyev 1974-cü ildə Moskvada keçirilmiş «X Beynəlxalq Torpaqşünaslar Konqresinin» iştirakçısı və məruzəçisi olmuşdur.
Professor M.R.Abduyev 150 elmi əsərin müəllifidir.Onun bəzi elmi əsərləri xarici ölkələrdə nəşr olunmuşdur.



Oxunub: 5842

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim