MUXTAR ABDUYEV

DURCA YAYLAGI

Quşqonmaz dağların düzən yeridir,
Qartalın dincəlib süzən yeridir,
Maralın, cüyürün gəzən yeridir,
Möhtəşəm qamətli Durca yaylağı.

Vurğunun olmuşam əzəldən sənin,
Hüsnü təravətli Durca yaylağı.
Əlvan çiçəklərin, yaşıl çəmənin,
Min sözlü-söhbətli Durca yaylağı.

Naxışlı xalıdır düzlərin sənin,
Sıldırım dağların, çöllərin sənin,
Sanki çil-çıraqdır göylərin sənin,
Gözəl təbiətli Durca yaylağı.

Sinəsi çeşməli yamaclarındır,
Qoynunda seyr edən qonaqlarındır,
Qəlbləri ovlayan bulaqlarındır,
Havası şəfqətli Durca yaylağı.

Büllura bənzəyir suyu çayının,
Öz gözəlliyi var hər bir ayının.
Dərmandır havası sərin yayının,
Şəfası hikmətli Durca yaylağı.

Əməyə sövq edən mehli günləri,
Qoyunlar otlayan şehli çölləri,
Çoban tütəyinin şən nəğmələri,
Ülvi məlahətli Durca yaylağı.

16.IV.1968