MUXTAR ABDUYEV

MEŞƏLƏR

Arabir ürəyim qəmlənən zaman
Mənim köməyimə çatır meşələr.
Quşlar sinəsində cəmlənən zaman
Məni öz yanına dartır meşələr...

Bu ana torpağa bahar gələndə,
Dağlara, daşlara vüqar gələndə,
Açıq süfrələrə nübar gələndə -
Sanki yer üzündə artır meşələr.

Bülbüllər dəstəylə nəğmə deyəndə,
Yaşıl budaqları külək əyəndə,
Çiçək açılanda, meyvə dəyəndə
Yalqızlıq daşını atır meşələr.

Mavi göllərində sonalar üzür,
Məxmər çəmənində kəkliklər süzür...
Bulaqlar şerini şerimə düzür,
Səsini səsimə qatır meşələr.

Rəhmsiz ovçular pusqu quranda,
Ceyran ovlayanda, maral vuranda,
Gülləsinin səsi dinir aranda,
İllərin yasına batır meşələr.

Qayalardan axan bulaq səsiylə,
Yaxında titrəyən yarpaq səsiylə,
Tetranın, Qu-qunun şaqraq səsiylə
Dincəlir, toxtayır, yatır meşələr...

10.V.1968