MUXTAR ABDUYEV

ÇİNAR

Yaşın çox az idi o vaxtlar sənin
Tərifın dillərdə gəzərdi, çinar!
Boyuna «qamətli», hüsnünə «məğrur»
Hər keçən, hər ötən söylərdi, çinar!

Şumal duruşunla qürrələnərdin
Sənin boy atdığın kollar içində.
Özündən çox razı sən görünərdin
Gövdənə sığınıb mamır bitəndə.

Deyərdin ucadır hamıdan başın –
Vələsli, palıdlı qalın meşədə.
Sənə qibtə edir dostun, yoldaşın –
Sənin tərifındən söhbət düşəndə.

Belə xəyallarla sən hey ucaldın
Çətirin altında şamı görmədin.
O, boy atdıqca sənsə qocaldın
Səndən alınacaq kamı görmədin.

Dolandı çox illər, ötdü qərinə,
Nəhayət sənin də sonun yetişdi.
Çürümüş kökünə, quru gövdənə
Hər keçən sadəcə baxıb ötüşdü.

8.11.1969