MUXTAR ABDUYEV

BAHAR GƏLƏNDƏ

Könlümün ümidi, eşqi, diləyi,
Bəxtimin ulduzu, ömür bəzəyi,
Hər yeni ilimin qönçə çiçəyi,
Müqəddəs sayılır bahar gələndə.

Aşığın sazında dil açır tellər,
Necə gözəl olur mehriban ellər,
Yaxası al-əlvan çiçəkli çöllər,
Yuxudan ayılır bahar gələndə.

Çayın şırıltısı, kəkliyin səsi,
Çölün pıçıltısı, turac nəğməsi,
Gülün vüsalında bülbül naləsi,
Hər yana yayılır bahar gələndə.

Ağbaşlı zirvələr, buzlu diyarlar,
Sır-sıra bağlamış yüksək qayalar,
Buludla örtülü ən uca dağlar,
Şəfəqlə yuyulur bahar gələndə.

Hər yeni hünərin cəngi vurulur,
Hər məclis başında büsat qurulur,
Şairin qəlbində sözlər durulur,
Min ilham duyulur bahar gələndə.

Mahnıyla bəzənir yol, baxça, tarla,
Bahar şer yazır üfüqə nurla,
Neçə ailənin kamanla, tarla,
Təməli qoyulur bahar gələndə.

8.III.1968