MUXTAR ABDUYEV

Fiziki- kimyəvi udma qabiliyyəti

Fiziki- kimyəvi udma qabiliyyəti

Şəraitdən asılı olaraq, məhlulun daxilində birləşmələr dissosiasiya olunursa, bu halda ayrı-ayrı ionlar torpaq tərəfindən udula bilər. Əgər torpaq tərəfindən kimyəvi reaksiya nəticəsində ancaq kationlar udulmuş olursa və bu reaksiya müəyyən fiziki qüvvə altında keçirsə, belə udulmaya torpağın fiziki-kimyəvi udma qabiliyyəti deyilir. Aşağıda yazdığımız reaksiya bunu aydınlaşdıra bilər:
[torpaq] Ca + 2Na Cl = [torpaq] Na + Ca Cl2
Fiziki kimyəvi udma qabiliyyətinin bir xüsusiyyəti var, dəyişmə reaksiyası nəticəsində torpaq ilə məhlulun kationları bir-birini əvəz edir. Bu reaksiya ilə udulan kationlara “dəyişmə” kationları və yaxud “udulmuş” kationlar deyilir. Xüsusən qeyd etmək lazımdır ki, udma prosesində torpağın bütün kütləsi iştirak etmir. Udma prosesini yaradan torpaqda olan ən narın kolloid zərrəcikləridir.
Bu kimi kolloid zərrəciklərə torpağın “udma qabiliyyəti” deyilir. Bu kompleksin ən səciyyəvi əlaməti, özündə olan kationu məhlulun kationu ilə əvəz etmə qabiliyyətidir. Tərkibcə udma kompleksi çox müxtəlif kimyəvi birləşmələrdən ibarətdir. Buraya istər mineral və istərsə üzvi kalloidlər daxil edilir. Bu səbəbədən də buna kompleks adı verilmişdir. Müxtəlif torpaq tiplərində udma kompleksinin miqdarı çox müxtəlif olur. Belə ki, bəzi torpaqlarda udma kompleksi çox yüksək, bəzilərində isə çox az olur. Narın zərrəli, gilli, gillicə və üzvü maddələrlə zəngin torpaqlarda udma kompleksinin miqdarı yüksək, qumsal humus maddəsi az olan torpaqlarda isə udma kompleksinin miqdarı az olur.
Kimyəvi udma qabiliyyəti:
Yuxarıda qeyd etdiyimiz müxtəlif növlü udulma üsullarından başqa, qida maddələrinin torpaq tərəfindən kimyəvi udma qabiliyyəti üzrə tutulub mühafizə oluna bilirlər. Məhlulun tərkibində olan müxtəlif birləşmələr, və yaxud məhlullar torpaq ilə təmasda olduqdan (birləşdikdən) sonra burada olan duzlar bir-biri ilə reaksiyaya girərək, yeni birləşmələr əmələ gətirirlər. Torpağın bu udulma qabiliyyəti ancaq müəyyən kimyəvi reaksiya üzrə keçdiyinə görə, buna kimyəvi udma qabiliyyəti deyilir. Bu udma qabiliyyətinin əsas xüsusiyyətlərindən biri reaksiya nəticəsində bəzən zəif həll olunan, bəzən isə heç də həll olunmayan birləşmələr verir.
Bildiyimiz kimi, torpaq məhlulunun tərkibində müxtəlif duzlar vardır. Ms: “Na3 CO4” duzu “Ca Cl” duzu ilə müəyyən kimyəvi reaksiyaya girərək nəticədə çətin həll olunan kalsium fosfat duzu verir.
3Ca2 Cl + 2Na3 PO4 =
=Ca3 (PO4) + 6Na Cl
Bu reaksiya nəticəsində çətin həll olunan “Ca3 (PO4)2” duzu məhlulun tərkibindən tamamilə çöküb, torpaq tərəfindən tutula bilir. Bütün həll olunan duzlar kimyəvi udma prosesi nəticəsində torpaq tərəfindən tutula bilmir, ancaq reaksiya nəticəsində çətin birləşmələr verən duzlar kimyəvi üsulla tutulub torpaqda saxlanıla bilər.
Udma enerjisi: Müxtəlif kationlar müxtəlif udma energilərinə malikdirlər. Bəzi kationlar torpaq tərəfindən tez, bəziləri isə gec udula bilir. Ümumilikdə kationların udma enerjisi onların valentliyindən asılıdır. Bir valentlik kationlar: Na, K, NH4. Bir qədər zəif iki valentli kationlar: - Ca, Mg torpaq tərəfindən nisbətən şiddətlə udula bilir. Bu kationlar arasında “H” ionunun bir valentliyinə baxmayaraq, onun udma enerjisi yuxarıda qeyd etdiyimiz bütün kationlardan yüksəkdir. Buna görə də, hidrogen ionu udulmuş kationlar arasında xüsusi bir yer tutur. Bir sözlə demək olar ki, torpağın udma komleksi daima kationlarla doymuş halda olur. Torpaq əmələ gəlmə şəraitindən asılı olaraq, udma kompleksinin də tərkibi çox müxtəlif olur. Bəzi hallarda, udma kompleksi hidrogen, bəzi kalsium və bəzən isə natrium kationu ilə doymuş halda olurlar.
Udulmuş kationlardan asılı olaraq torpaqlar “əsaslarla doymuş” və “əsaslarla doymamış” deyə iki yerə ayrılır. Əsaslarla doymuş torpaqların udma kompleksində Ca, Mg, Na yerləşmişdir. Əsaslarla doymamış torpaqların udma kompleksində isə hidrogen ionu yerləşmişdir. Buna görə də birincilərin reaksiyası neytral və zəif qələvi olduğu kimi, ikincilərin reaksiyası isə turş olur. Əsaslarla doymuş torpaqlardan qara torpaqları, şabalıdı, boz, qonur, şoran, şorakət torpaqları qeyd etmək olar. Əsaslarla doymamış torpaqlar isə podzol və bataqlıq torpaqlar sayılır. Bundan başqa, hər torpaq tipində udulmuş kateonlar çox müxtəlif olur. Qara torpaqların udma kompleksində Ca, Mg, şorakət torpaqların udma kompleksində Na əsas götürülür. Nəhayət podzol torpaqların udma kompleksində hidrogen ionu yerləşmişdir. Udulmuş kationların tərkibindən asılı olaraq, torpaqlar çox müxtəlif fiziki- kimyəvi tərkibə və struktura malik olurlar. Ms: Ca, Mg, torpağın kolloid zərrələrini möhkəm püxtələştirdiyinə görə bu torpaqların da çox aydın və davamlı strukturu olur. Bir torpağın strukturu nə qədər aydın olursa, torpağın fiziki xassəsi daha doğrusu havalanması və suyu keçirməsi bir o qədər yüksək olur. Ona görə də, qara torpaqlar daima yüksək məhsuldarlığını mühafizə edə bilir. Şorakət torpaqların udma kompleksində qeyd etdiyimiz kimi, Na kationu ötürmüşdur. Bu kation bir valentli olduğuna görə, kolloidlərində püxtələşdirilməsi zəif keçdiyinə görə əmələ gələn torpağın strukturu da suya o qədər davamlı olmur və suvarılma nəticəsində torpaq tədricən öz quruluşunu itirir. Bu kimi torpaqların strukturu pozulduqca onların fiziki xassəsi korlanır və get-gedə öz məhsuldarlığını itirə bilir. Nəhayət, podzol tipli torpaqlarda udma kompleksində hidrogen ionu olduğuna görə, torpaq məhlullarında bəzən yüksək turşuluq yaranır. Bu da torpaqda humusun yuyulması üçün əlverişli şərait yaradır. Bu kimi torpaqlarda çürüntü maddələrinin və xüsusən humusun miqdarı get-gedə azaldığına görə onların məhsuldarlığı azala bilər.

Bioloji udma qabiliyyəti.

Torpaqda qida maddələrin udulımasında və mühafizə olunmasında bioloji udma qabiliyyətinin böyük rolu vardır. Torpağın bioloji udma qabiliyyətini yaradan, onun tərkibində olan xırda orqanizmlərdir. Bu orqanizmlərin fəaliyyəti nəticəsində torpaqda bir çox qida maddələri mənimsənilir və beləliklə, bu maddələrin torpaqdan yuyulmasını mühafizə edirlər.
Bioloji udma qabiliyyətində bitkilərin də əhəmiyyəti böyükdür. Bitki kökləri torpağın dərin qatlarına keçərək, orada olan qida maddələrini üst qata çıxarır və bitki qalıqları şəklində torpaqda toplayırlar. Torpaqda nitratların əmələ gəlməsində və tutulmasında bioloji udma qabiliyyəti xüsusi bir yer tutur. Nitratlar torpaqda ancaq bioloji udma qabiliyyəti vasitəsilə tutula bilər. Ümumiyyətlə, bioloji faktorun nəinki udma qabiliyyətində, hətta bir çox qida maddələrinin törəməsində və torpaq məhsuldarlığının eyni səviyyədə saxlanmasında yaxından iştirakı danılmazdır.
Torpağın mexaniki tərkibi.
Aşınma prosesi təsiri altında süxurlar torpağa çevrilərkən çox dərin kimyəvi və mexaniki dəyişmələrə rast gəlinir. Aşınmış süxurlarda biz aydıncasına müxtəlif ölçü və diametrdə mexaniki zərrələrə təsadüf edə bilərik. Süxurun pertoqrafik və kimyəvi tərkibindən asılı olaraq, aşınmış süxurlarda diametri bir neçə sm. olan iri süxur qırıntılarına daha sonra qum və gil zərrələri belə yayılmışdır. Torpağın mexaniki elementlərinin əmələ gəlməsində bitki köklərinin və torpaqda yaşayan həşaratların da belə böyük rolu vardır. Bitki kökləri və həşaratlar iri süxur qırıntılarını get-gedə parçalayaraq narın zərrə şəklinə salırlar. Torpaqda olan müxtəlif diamertli mexaniki zərrələrə, həmin torpağın mexaniki tərkibi deyilir. Normal torpaqlarda bu kimi mexaniki zərrələr biri- birinə yapışaraq torpağın strukturunu əmələ gətirir.
Əgər biz torpağın nümunəsini suda bulandırmış olsaq, tədricən zərrələrin diametrdən asılı olaraq suyun dibinə çökməsini aydınca görə bilərik. Torpaqda olan bu mexaniki zərrələr istər öz şəklinə görə, istərsə də zərrələrin diametrinə görə çox müxtəlif olurlar. Mexaniki tərkibcə torpağı 2 yerə ayırırlar:
1. Torpağın skeleti - > 1mm
2. Narın hissəsi - < 1mm/
Torpağın skeletinə 1 mm-dən yuxarı olan zərrələr, narın hissəsinə isə diametri 1 mm-dən az olan zərrələr daxil edir. Xüsusən qeyd etmək lazımdır ki, torpağın əsas xassəsi onun narın hissəsində toplanmışdır. Bundan başqa torpağın narın hissəsində olan qum, qaz və lil hissəcikləri ayrı-ayrı mexaniki fraksiyalarla fərqləndirilirlər. Torpağın mexaniki tərkibinin öyrənilməsi ilə bir çox praktiki məsələlərin sıx əlaqəsi vardır. Bir sözlə demək olar ki, torpağın fiziki xassəsi daha doğrusu, onun suvarılma, hava və isti ilə əlaqəsi torpağın mexaniki tərkibindən asılıdır. Nəhayət torpağın strukturu, onun kimyəvi tərkibi, udma qabiliyyəti və məhsuldarlığı bilavasitə mexaniki tərkiblə sıx əlaqədardır. Əksər torpaqların hansı kənd təsərrüfatı alətləri ilə becərilməsi, həmin torpağın mexaniki tərkibi ilə əlaqələndirilir. Buna görə də, qədimdən xalq arasında ağır gilli torpaq, yüngül torpaq, qumsal torpaq adlandırılan torpaqları bir-birindən fərqləndirirlər. Torpaqların mexaniki tərkibini müəyyən etmək üçün çox müxtəlif metodlar təklif olunmuşdur. Ümumilikdə torpağın mexaniki tərkibini təyin edən metodlara, torpağın mexaniki analizi deyilir.
Təklif olunan metodlar aşağıdakılardır:
1. Metod, professor Sabaninin təklif etdiyi metoddur. Bu üsula görə torpağın mexaniki tərkibi xüsusi aparatda təyin olunur. Sabanin metodunun prinsipi zərrələrin həcmindən və ölçüsündən asılıdır. Bu metoda görə torpağın narın hissəsi 4 ayrı-ayrı mexaniki fraksiyaya ayrılır:
I fraksiya 1-0,25 MM – QUM
II fraksiya 0,2-0,05 mm – qumlu toz
III fraksiya 0,05-0,01 mm – toz
IV fraksiya < 0,01mm – lil
Yuxarıda qeyd etdiyimiz fraksiyaların faizindən asılı olaraq torpaqları: gilli, gillicə, qumsal və qumlu deyə ayrı-ayrı mexaniki növə ayırırlar. Xüsusən qeyd etmək lazımdır ki, mexaniki zərrələrin məhlulun içərisində çökmə qabiliyyəti: onun xüsusi vəznindən, şəkilindən və boyundan asılıdır. Sabaninin metodunu sakit suda analiz metodu da adlandırılar.
Sabanin metodundan başqa torpağın mexaniki analizində professor Şenenin də metodundan istifadə edirlər. Bu metodun əsas prinsipi torpağın mexaniki tərkibini axar suda təyin etməkdir. Bu alimin xüsusi aparatı vardır ki, bu aparatda torpağın mexaniki tərkibi suyun sürətindən asılı olaraq, ayrı-ayrı mexaniki fraksiyalara ayrılır.
Nəhayət, 3-cü metod Fadeyev-Vilyams metodudur. Bu alimlər də öz metodlarında Sabanin metodunu əsas prinsip kimi götürmüşlər. Sabanin ümumiyyətlə mexaniki tərkibi aşağıda qeyd etdiyimiz ayrı-ayrı qruplara ayrılmışdır.
Diametri mm-lə
Daş >10 mm çox
Xırda daş 10 – 3 m

İri 1 – 05 m
Qum Orta 0,5 – 0,25
Narın 0,25 – 0,01

Orta 02,01 – 0,005
Narın 0,005 – 0,001
Lil < 0,001
Torpaq üçün əhəmiyyətli mexaniki fraksiya torpağın lil fraksiyası sayılır. Çünki bu fraksiyada torpağın ən aktiv hissəsi – kolloidləri toplanmışdır.
Bu faraksiyalarda:
Kvars, feldşpat, avgit, qranat, limonit, kalsit və dolomit adlanan mineral qırıntıları yayılmışdır.

Torpağın morfolojisi

Hər bir torpaq kütləsi öz inkişafı müddətində müxtəlif fiziki, kimyəvi, bioloji proseslərin təsiri altında özünə aid xüsusi xarici morfoloji əlamətlər mənimsəyir. Torpağın morfoloji əlaməti torpaq əmələ gəlmə prosesinin şəraitindən asılıdır. Bu şəraitin dəyişməsi ilə əlaqədar torpaqlar müxtəlif morfoloji əlamətlərə malik olurlar. Demək olar ki, torpağın morfoloji əlaməti onun daxili kimyəvi xassəsini və məhsuldarlığını əks etdirir. Hal-hazırda torpağın morfoloji metodu çöl tədqiqatlarında əsas metodlardan biri sayılır. Birinci növbədə torpağın morfoloji metodunu inkişaf etdirən rus torpaqşünasları olmuşlar. Akademik Ruprext, professor Dokuçayev, Sibirtsev öz geniş torpaq tədqiqatlarında morfoloji metodları daha da inkişaf etdirib, təkmilləşdirmişdilər. Adi gözlə xarakterizə edilən torpaqların xarici əlamətlərinə həmin torpağın “morfoloji əlamətləri” deyilir. Torpağın morfoloji əlaməti onun daxili keyfiyyətini göstərir. Ms: torpağın rənginin tünd olaması həmin torpaqda üzvü maddələrin zənginliyini, sarımtıl rəngdə olması isə torpaqda olan dəmir birləşmələrini, ağumtıl rəngdə olması isə torpaqda kalsium-karbonat duzlarının olmasını göstərir. Bundan başqa, torpağın morfoloji əlamətinə görə, biz həmin torpağın törəməsini və hansı növə aid olmasını təyin edə bilərik. Bu səbəbdən də, torpaq morfolojisinin istər teoretik, istərsə də praktiki böyük əhəmiyyəti vardır. Xalq arasında torpağın rənginə görə onun məhsuldarlıq dərəcəsi də təyin edilir; ms: qara torpaqların boz, qonur torpaqlara görə məhsuldarlığının yüksək olması artıq məlum olan bir faktdır. Torpaqların əsas morfoloji əlamətləri aşağıda qeyd etdiklərimizdən ibarətdir:
1. Torpağın rəngi
2. Torpağın strukturu
3. Torpaöın kipliyi
4. Torpaq layının və torpaq qatlarının qalınlığı
5. Torpağın yeni törəmələri və mədxulları
6. Torpağın skeleti
7. Torpağın quruluşu

1. Torpağın rəngi: Torpağın rəngi aydın gözə çarpan morfoloji əlamətlərdən sayılır. Qədim zamanlarda torpağın adını onun rənginə görə veriblər: qara, sarı, boz, qonur və s. torpaqlar. Torpaqlar rənginə görə çox müxtəlif olurlar. Torpağın rəngini xarakterizə etdikdə onu sadə bir rənglə adlandırmaq çətindir. Buna görə də torpaqların rəngini təyin etdikdə birinci növbədə rənginin tonunu və çeşidini ayırmaq lazımdır. Bundan başqa rəngin dərəcəsini də vermək lazımdır. Ms: qara, tünd qara, qaramtul, boz, açıq boz, tünd boz, bozumtul və sairə. Torpağın rəngi onun kimyəvi tərkibindən və fiziki vəziyyətindən asılıdır. Birinci növbədə torpağa rəng verən torpağın daxilindəki kimyəvi birləşmələrdir. Ms: dəmir birləşmələri torpağa; sarı və qırmızımtraq, üzvü birləşmələr torpağa qara, silisium o iki (Si O2) və Ca CO2 torpağa ağımtıl rəng verir bu 3 əsas qeyd etdiyimiz rənglər bir-birinə müxtəlif sürətdə qarışdıqda çox müxtəlif rəngli torpaqlar əmələ gəlir. Yuxarıda qeyd etdiyimiz kimi torpağın rənginin kənd təsərrüfatında böyük əhəmiyyəti vardır. Çünki torpağın rənginə görə onun təsərrüfat yararlığını təyin etmək mümkündür. Qara torpaqlarda üzvü maddə çox olduğuna görə ən yararlı torpaqlardan sayılırlar. Boz və açıq rəngli torpaqlar isə o qədər də yüksək təsərrüfat dəyərinə malik deyildirlər.
2. Torpağın strukturu: müəyyən fiziki qüvvə təsiri altında bir torpaq kütləsinin, müxtəlif şəkildə, boyca ayrı-ayrı hissələrə ayrılmasına o torpağın stukturluğu, ayrılmış hissələrə isə torpağın strukturu deyilir.
Torpağın strukturası o torpaqda olan istər üzvü istərsə mineral kolloidlərdən və əhəng duzlarından asılıdır. Buna görə də bəzi qumsal torpaqlarda biz torpağın strukturasına təsadüf etmirik. Bunu əsas tutaraq ümumən torpaqlar strukturlu və srukturasız deyə iki yerə ayrılır. Şəkilcə torpağın strukturası dənəvari, qozvari, kəltənli və kəsəkli deyə bir neçə yerə ayrılır. Xüsusən qey etmək lazımdır ki, hər torpaq tipinin özünə aid strukturası vardır. Ms: qara torpaqlarda dənəvari meşə, boz, şabalıdı torpaqlarda qozvari, şorakət torpaqlarda isə nazik layvari struktura təsadüf edilir. Torpaq strukturunun bilavasitə öz fiziki xassəsinə təsiri vardır. Suyun, havanın və istiliyin keçməsində torpaq strukturunun əlverişli olması, ilkin şərtlərdən sayılır. Buna görə də, kənd təsərrüfatında dənəvari struktur ən dəyərli strukturlardan sayılır.
3. Torpağın kipliyi: Torpaqda olan məsamələrin az və ya çoxluğu torpaqda müəyyən bir kiplik yaradır. Bu cəhətdən torpaqları bərk, çox bərk, yumşaq və boş kiplik adlanan ayrı-ayrı qruplara ayırırlar. Bəzi halda torpaqda kiplik dərəcəsi olmur, onlar səpici halda olurlar. Ümumiyyətlə, torpağın kiplik dərəcəsi yuxarı qatdan aşağı qatlara endikcə yüksəlir. Bu bir tərəfdən aşağı qatlarda üzvü maddələrin az olması və duzların çox miqdarda toplanması ilə əlaqədardır. Xüsusən şorakət torpaqlarda aşağı qatlarda olan duzlar çox yüksək kiplik verir. Bu da şorakət torpaqların əsas morfoloji əlamətlərindən sayılır.
Torpğın və torpaq qatlarının qalınlığı.

Təbii şəraitdən və torpaq əmələ gəlmə prosesin təsirindən asılı olaraq, torpaqların qalınlığı çox müxtəlif olur.
Torpağın üst qatından ana süxuruna qədər olan qalınlığa- torpaq layının qalınlığı deyilir. Bir çox hallarda torpağın qalınlığı 40-150 sm-ə qədər olur. Bəzi hallarda isə xüsusən tipik qara torpaqlarda torpağın qalınlığı 2,5 metrə qədər çata bilir. Coğrafi vəziyyətdən asılı olaraq, torpağın qalınlığı bəzən az, bəzən də çox ola bilir. Yüksək dağ rayonlarında torpağın ümumi qalınlığı 30-40 sm-dən yuxarı olmur. Bu bir tərəfdən dağlıq rayonlarda torpaq əmələ gəlmə prosesinin zəif keçməsi, o biri tərəfdən isə törəmiş torpaqların sellər vasitəsilə yuyulması ilə izah oluna bilər. Dağ ətəyi rayonlarda torpaq layınınn qalınlığı 90-100 sm-ə qədər olur. Nəhayət düzənlik rayonlarda isə torpağın qalınlığı 150-200 sm-ə qədər çata bilir. Bu kimi rayonlarda torpaq layının qalın olması dağ ətəklərindən yuyulmuş çöküntülərin düzənliklərdə çökməsi və get-gedə torpağın qalınlığını artması ilə də izah oluna bilir. Torpağın təsərrüfat dəyəri ayrı-ayrı qatların qalınlığı ilə təyin edilir. Ms: qara torpaqlarda humus qatının qalın olması, həmin torpaqlarda üzvü maddələrin zənginliyini göstərir. Bəzi hallarda humus qatı zəif qalınlığa malik olursa, həmin torpaqlarda yuylma təsiri altında üzvü maddələrin tədricən itirməsi qeydə alınır:

Torpağın yeni törəmələri və mədxulları.

Torpaq boşluğunda torpaq əmələ gəlmə prosesi təsiri altında törənmiş birləşmələrə həmin torpağın yeni törəmələri deyilir. Torpağın yeni törəmələrinin öyrənilməsində əsas əhəmiyyət həmin torpağın kimyəvi tərkibini təyin etməkdir. Torpağın yeni törəmələri, müəyyən şəraitin dəyişilməsinə əsasən torpaq məhlullarından çökmüş birləşmələrdən ibarətdir. Ümumiyyətlə, törəmələr kimyəvi və bioloji deyə 2 qrupa ayrılır. Yeni kimyəvi törəmələrdən CaCO3, CaSO4 H2 O (gips), dəmir birləşmələri və SiO2-ni göstərmək olar. Ca Ca3-in yeni törəmələri əksərən torpağın 50-60 sm dərinliyində yayılmışdır. Bu kimi törəmələrə ağ gözcüklər deyilir.
Ağ gözcüklər şabalıdı tipli torpaqlar üçün xarakterik morfoloji əlamətlərdən sayılır.
Gips yeni törəmələrə əksərən şoranlaşmış torpaqlarda təsadüf olunur. Bu törəmələr bəzən xırda kristal şəklində, bəzən isə iri druza şəklində şoran torpaqların dərin qatlarında yayılmışlar. Bataqlıq torpaqlarda yeni törəmələrdən dəmir oksidlərinin birləşmələri yayılmışdır. Bu kimi birləşmələr torpağın müəyyən dərinliyində yaşıla çalan od rəngində bir qat əmələ gətirir ki, buna da qrey qatı deyilir. Bəzi hallarda isə xüsusən podzol torpaqlarda dəmir oksidlərinin birləşmələri torpaq layında yuvacıqlar əmələ gətirir ki, bu kimi törəmələrə ortşteyn törəmələri deyilir.
Tipik podzol torpaqlarda ortşteyn törəmələrinin miqdarı o qədər çox olur ki, bu hətta ortşteyn qatı əmələ gətirir. Nəhayət, SiO2 –nin törəmələri bəzən kristallik, bəzən isə amorf şəklində ağımtıl rəngdə podzol torpaqlarda rast olunur. Bu kimi törəmələr podzol torpaqlarda ayrıca bir qat əmələ gətirir ki, buna da podzol qatı deyilir.
Üzvü yeni törəmələrdən bitki köklərinin və həşaratların qalıqlarını qeyd etmək olar. Bəzi torpaqlarda torpaq layının içərisində qırıntı süxur parçalarına təsadüf etmək olar. Bəzən isə ağac və bitkinin iri qalıqlarına da rast gəlinir, bu kimi qalıqlar torpaq əmələ gəlmə prosesi ilə törəmiş birləşmələrdən sayılır. Buna görə də bu kimi qalıqlara torpağın mədxulları deyilir. Subtropik zonalarda torpağın qırmızımtıl olmasına səbəb, buradakı ana süxurlardakı Fe2 O3 (hematit)-in yüksək temperatur və çox miqdarda yağıntının təsiri nəticəsində aşınmasıdır. Bu aşınma o qədər sürətli gedir ki, dəmiri ana süxurdan ayrılaraq torpağa keçir, onun rəngini və tərkibini dəyişdirir.