MUXTAR ABDUYEV

Siyəzən-Sumqayıt massivi şəraitində delüvial formada şorlaşmış torpaqların kimyəvi səciyyəsi haqqında bəzi məlumatlar

(Azərbaycan SSR EA akademiki V.Ə. Volobuyev təqdim etmişdir)
Dağətəyi düzənliyin torpaqları respublikada əkin sahələrinin genişləndirilməsində böyük ehtiyat mənbəyidir. Lakin bu torpaqlar müxtəlif delüvial formada şorlaşmışdır. Bu torpaqlar çox az öyrənilmişdir. Şorlaşmanın delüvial forması haqqında ilk məlumatı V.A.Kovda [5] və V.R.Volobuyev [4] vermişlər. Bu torpaqların təsnifatı cəhətdən təyini də V.R.Volobuyev tərəfindən verilmişdir. Son zamanlarda delüvial formada şorlaşmış torpaqların bəzi spesefik xüsusiyyətləri aydınlaşdırılmış, bu torpaqların genezis şəraiti, coğrafi yayılması və meliorasiyası təyin edilmişdir [1-3]. Lakin delüvial formada şorlaşmış torpaqların qeyd edilmiş xüsusiyyətləri bununla qurtarmır. Belə torpaqların tam xarakteristikasını vermək üçün bir sıra başqa göstəriciləri də nəzərdən keçirmək lazımdır. Təqdim edilən məqalədə bu göstəriçilərin bəziləri haqqında danışılır.
Delüvial formada şorlaşmanın xassələrinin aydınlaşdırılmasında torpaqlarda kalsium karbonatın miqdarının və yerin mailliyindən asılı olaraq onun yayılmasının aydınlaşdırılması nəzər diqqəti cəlb edən məsələlərdən biridir. Təqdim edilən sxemdən (1-ci şəkil) aydın olur ki, delüvial formada şorlaşmış torpaqlar Siyəzən-Sumqayıt massivi şəraitində başdan-başa karbonatlıdır. CaCO3-un olması (CO2-yə görə) torpağın səthində təsadüf edilir. Torpağın qalınlığı üzrə karbonatın miqdarı 3-8% arasında tərəddüd edir. Qeyd edilməlidir ki, relyefin mailliyi üzrə karbonatın miqdarında əhəmiyyətli dərəcədə dəyişiklik nəzərə çarpmır. Karbonatlıq profili delüvial yamacın şleyf zonasının son hissəsi müstəsna edilməklə, hər yerdə demək olar ki, eyni tipli xarakter daşıyır. Bundan başqa şleyf zonasının dərinlik horizontlarında kalsium karbonatın miqdarı daha böyük kəmiyyətə-8-12%-ə malikdir.
Gipsin paylanmasında başqa səciyyəvi xüsusiyyətlər müəyyən edilir. Gipsin dəyişilməsi hər torparın profili üzrə, həm də yamacların enişliyi boyunça müşahidə edilir.

Ancaq bununla birlikdə gipsin dəyişilməsində ümumi qanunauyğunluq qeyd edilir. Bu qanunayğunluq, hər şeydən əvvəl, torpağın orta qatında gipsin maksimum miqdarına nisbətən (2%-də çox) Siyəzən-Sumqayıt massivinin delüvial yamaclarının bütün zonasında müşahidə edilir. Torpaq profili üzrə gipsin paylanmasında başqa xarakter xüsusiyyətlərdən biri də, delüvial yamacların enişliyi istiqamətində gipsin miqdarının tədricən artaraq yamacların şleyf zonasında böyük miqdar təşkil etməsidir (2-ci şəkil).
Udulmuş natriumun paylanmasını xarakterizə edən 3-cü şəkildən görünür ki, Siyəzən-Sumqayıt massivinin delüvial yamaclarının torpaqları hər yerdə şorakətlidir. Hər yerdə udulmuş natriumun miqdarı udulmuş kationların ümumi miqdarınin 15%-dən artığını təşkil edir. Bununla bərabər, həm torpağın profili üzrə həm də yamacların enişliyi boyunca udulmuş natriumun miqdarında differensasiya qeyd edilir.
3-cü şəkildən göründüyü kimi, udulmuş Na-un maksimum miqdarı (udulmuş əsasən ümumi miqdarından 30% çox) torpaq profilinin orta qatına aiddir. Delüvial yamacın bu hissəsində udulmuş natriumun miqdarı tədricən torpağın orta qatına doğru artır, eyni zaman həmin ardıcıllıqla torpaq profilinin dərinliyində azalır.
Delüvial yamacın o biri hissələrində, xüsusən şleyf zonası hissəsində udulmuş natrium paylanmasında başqa ardıcıllıq müşahidə edilir. Burada udulmuş natriumun yüksək miqdarı torpağın üst qatına aiddir və bu miqdar torpaq profili dərinliyinə doğru tədricən azalır.
Yamacların enişliyi boyunca udulmuş Na-un miqdarı delüvial yamacların şleyf zonası istiqamətində nəzərə çarpacaq dərəcədə artır.
Beləliklə, yuxarıda qeyd edilənləri yekünlaşdıraraq belə nəticəyə gəlmək olar ki, delüvial formada şorlaşmış torpaqlar bütün profil boyu həm karbonatlı və həm də gipslidir. Yüksək dərəcədə şorlaşma bu torpaqların fərqləndirici əlamətlərindən biridir. Göstərilən göstəricilərin kəmiyyəti dağətəyi düzənliyin şleyf zonası istiqamətində yamacların enişliyi boyunca tədricən dəyilir.
Delüvial formada şoranlaşmış torpaqların qeyd edilən xüsusiyyətləri, kuman etmək olar ki, başqa anoloji hadisələrə də aid edilə bilər, çünki təsvir edilən profil Azərbaycanın quraqlıq zonasının dağətəyi düzənliyi üçün tipikdir.