MUXTAR ABDUYEV

Azərbaycanda delüvial mənşəli şoran torpaqlar və onların islah şəraiti

XÜLASƏ
Azərbaycanda delüvial mənşəli şorakət torpaqlar, əsasən, respublikanın maili düzənlik sahəsində yayılmışdır. Belə torpaqların fiziki-kimyəvi xassələri pis olduğundan onlar kənd təsərrüfatında çox cuzi miqdarda istifadə olunur. Həmin torpaqlardan səmərəli istifadə etmək üçün müəyyən meliorativ tədbirlər görmək lazımdır. Lakin bu işi həyata keçirmək üçün, hər şeydən əvvəl, həmin torpakların əmələgəlmə və meliorasiyaolunma şəraitin bilmək tələb olunur.
Tədqiqatlarımızın nəticəsində müəyyən edildi ki, delüvial mənşəli şorakət və şorakətləşmiş torpaqlar yerləşdikləri şəraitdən asılı olaraq müəyyən qanunauyğunluğa malikdir. Delüvial yamacların yuxarı hissəsində yayılmış boz-qonur şorakətləşmiş torpaqların A qatı ağımtıl rəngdə olub, kövrək quruluşa, gillicəli tərkibə və təbəqəvarı-tozvarı struktura malikdir. Torpaqın B qatında gillilik artmaqla bərabər struktur forması topavarı-kəltənli olur. Torpaqın C qatında çoxlu miqdarda sulfat birləşmələri toplanmışdır.
1-çi cədvəldəki rəqəmlərdən müəyyən olunur ki, torpağın üst qatında humusun miqdarı 1-2%, bəzən 2-3% arasında tərəddüd edir, alt qatlarda isə kəskin surətdə azalır. CaCO3-ün miqdarı çox olmayıb torpaq profilində, ümumiyyətlə, bərabər şəkildə paylanır. Gipsin miqdarı isə azdır.
Torpaq gillicəli və şoranlı olub, şiddətli şorakətləşmişdir. Udulmuş natriumun əksəriyyəti torpağın morfoloji cəhətdən çox şorakətləşmiş orta qatında deyil, ondan aşağıda toplanmışdır. Bütün bunlar delüvial yamacların yuxarı hissəsində torpaqların çox dərin bozqırlaşmasını, yaxud həmin sahədə şorakətləşmə prosesinin yaxın vaxtlarda başlandığını sübut edir.
Delüvial yamacların orta hissəsində yayılan torpaqlar başqa xüsusiyyətlərə malikdir. Buranın torpaqları, əsasən, bozumtul-qonur şorakətlərdən ibarətdir. Torpağın A qatının qalınlığı az, strukturu təbəqəli-prizma şəklindədir. B qatı çox bərk və sutunvarı strukturludur.
2-çi cədvəldəki rəqəmlərdən görünür ki, humus torpaq profilində alt qatlara doğru tədricən azalır. Gips əsasən torpağın alt qatlarında çox toplanmışdır. CaCO3-ün miqdarı nisbətən çoxdur. Torpağın mexaniki tərkibi ağır gilli, şorluğu isə çox yüksəkdir. Çox şorlaşmış qatlarda duzların miqdarı 2%-dən çoxdur. Buranın torpaqları şorakət olduğundan udulmuş natriumun miqdarı, demək olar ki, torpağın bütün qatlarında yüksəkdir. Udulmuş natriumun maksimumu (kationların cəmindən 30%-dən çoxu) torpağın sütünvarı-şorakət qatında toplanmışdır. Bəzən udulmuş natriumun çox hissəsi torpağın şorakət qatından aşağıda da toplanmış olur ki, bu da həmin torpaqlarda şorakətləşmə prosesinin davam etməsini, yaxud bozqırlaşma prosesinin başlandığını göstərir.
Delüvial yamacların şleyf hissəsində boz-qaysaqlı şorakət torpaqlar yayılmışdır. Bu torpaqlar əksərən bitki örtüyündən məhrumdur. Bunların üzəri qalınlığı 3-5 sm olan çox bərkimiş və ayrı-ayrı formalara parçalanmış qaysaqla örtülmüşdür. Qaysaqdan aşağıda 2-3 sm qalınlığında kövrək quruluşlu yarımqat, ondan aşağıda isə çox bərkimiş sütünvarı B qatı yerləşmişdir. Diametri 2-3 sm olan çatlar vasitəsi ilə ayrı-ayrı formalara parçalanmış sütünvarı qat 25-35 sm qalınlığındadır. Torpağn C qatında kristallik gips toplanmışdır.
3-cü cədvəldəki rəqəmlərdən aydın olur ki, bu torpaqlarda humusun miqdarı azdır. CaCO3 5-6%, hiqroskopik suyun miqdarı isə 6-7,5%-dir. Fiziki gilin 80%-dən çox olması bu torpaqların ağır gilli olduğunu göstərir. Torpaqda duzların miqdarı 3%-ə qədərdir. Udulmuş natriumun çoxu (38-40%) torpağın üst qatlarında toplanır. Bu torpaqlar təbii halda bitkilərin inkişafı üçün əlverişsizdir. Bunlardan istifadə etmək üçün torpağı hər hektara 10-1, ton hesabı ilə gips verməklə meliorasiya etmək lazımdır.
Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olar ki, respublikada delüvial mənşəli şorakət torpaqlar yamacların yuxarı hissəsində şiddətli şorakətli olub bozqırlaşmışdır.
Yamacların orta hissəsində yayılan orta sütunvarı şorakət torpaqlar bozqırlaşma prosesinə məruz qalmışdır. Şleyf hissəsinin torpaqları isə tipik şorakət olub qaysaqlıdır.
Yamacların yuxarı hissəsinin torpaqlarından hər hektara 3-5 ton hesabı ilə gips verməklə istifadə etmək olar. Orta və şleyf zonanın torpaqlarından istifadə etmək üçün hər hektara 15 ton hesabı ilə gips, yaxud 10 ton gips və 40 ton peyin vermək lazımdır.