MUXTAR ABDUYEV

Mən və O

İnsan həyatı xoş arzularla yaşayıb onu səadətlə başa vurmağa çalışırsa da, lakin bu, əksər hallarda mümkün olmur. Çox az şəxs tapılar ki, o, öz taleyindən tamamilə razı qalmış olsun. Bəzən elələri də olur ki, onların keçirdikləri bütün günlər acı və iztirablı olur. Mən bu ikinci qrup şəxslərə aidəm. Mən öz əlilə taleyinin sükanını daşa toxundurub parçalamış olan gənc bir qız idim. Bu gənc yaşlarımdan həyat mənə öz iztirablı və acı dəqiqələrini bəxş edə bilmişdi. Ancaq, oxucum, siz elə zənn etməyin ki, mən keçirmiş olduğum bu həyatda kimdən isə, başqasından, şikayətlənirəm. Yox. Mənim həyatımda olan bütün kədərli dəqiqələrin hamısının səbəbkarı məhz mən özüm olmuşam. Özü də mən bu həyata başa düşmədən yox, düşüncəli, hər şeyin istiqbalını əvvəlcədən dərk etdikdən sonra atılmışam.
Bəs o, kimdir? Bu suala mən indidən cavab verməyəcəyəm. Onun kim və necə bir şəxs olduğunu bir qədər sonra özünüz müəyyənləşdirərsiniz.
***
Bizim mənzilimiz şəhərin kənarında, ən kədərli və qüssəli bir yerdə yerləşirdi. Mənzilimizin rahatlığı da o qədər yaxşı deyildir. O, qaranlıq, alçaq və kiçik iki otaqdan ibarət idi. Bunların birində ancaq mən yaşayırdım. Çünki burada ikinci bir şəxs yerləşə bilməzdi. Mənim çarpayım hətta giriş və aralıq qapıların yarısının qarşısını tuturdu. Bu otaq eyni zamanda bizim mətbəximiz hesab olunurdu. Otağın qapısının sağ tərəfində olan balaca pəncərə həyət qapısına baxırdı. Buradan həyətə daxil olan hər kəs aydın görünürdü.
Mənzilimizin ikinci otağı da, çox kiçik idi. Burada bir çarpayı, bir miz və bir şkaf qoyulmuşdu. Bura atam, anam və balaca qardaşımın yataq otağı, həm də yemək otağımız idi. Evimizə əgər gecələməli qonaq gələrdisə mən çarpayımı ona təqdim edər, özüm isə qonşuda gecələrdim. Mənzilimizin şəraiti və məhəlləmizdə yaşayan qonşular mənim ruhumu oxşamırdı. Mənə hər şey maraqsız və sönük görünürdü. Hətta qonşularımızın mənimlə etdikləri məzhəkəli söhbətlər belə mənim könlümü açmırdı. Həyətimizdə yaşayan qadınlar və qızlar mənimlə danışmağı çox xoşlayırdılar. Onlar öz sərgüzəştlərindən, sevgililəri ilə olan münasibətlərdən mənə çox danışırdılar. Ancaq bütün bunlar məndə heç bir hissiyyat oyatmırdı. Baxmayaraq ki, artıq mənim iyirmi yaşım vardı, lakin sevginin nə olduğunu, demək olar ki, hələ anlamırdım. Qızlar öz sevgilərindən, sevdikləri oğlanların eşqilə yaşadıqlarından, onlara qarşı olan hissiyyatlarından danışanda mənə elə gəlirdi ki, guya bunlar hamısı insanın qəlbində yaranan süni bir hissiyyatdır. Qızlar məni də sevməyə təbliğ edəndə onlara acıqlanır və bunu bacara bilməyəcəyimi söyləyirdim. Bir sözlə sevgi sanki mənə yad bir hissiyyat kimi görünürdü.
Mən məktəbdə oxuyurdum. Ailəmizin inadına baxmayaraq, onu da başa vurmadım. Yeddinci sinifdən təhsildən ayrıldım və işə girdim. Lakin yenə də heç bir əyləncə məni özünə cəlb etmədi. İndi daha da bədbin olmuşdum. İşdən qayıtdıqdan sonra yatır və bəzən evdə oturub kədərlənirdim. Anam məni həmişə danlayardı ki, cavanlara qarışmıram. Daima vaxtımı təklikdə keçirirəm.
Payızın ilk günləri idi. Havalar xeyli sərinləmişdi. Ara-bir çiskin yağışlar yağırdı. Belə günlərdə ürəyim çox sıxılırdı. Bir gün işdən gəlib nahar edirdim. Anam mənə bizimlə bir eyvanda olan qonşu otağa iki nəfər cavan oğlanların köçdüyünü bildirdi. Mən sual vermədimsə də, lakin anam, mənim mənalı baxışlarımdan nə demək istədiyimi başa düşürmüş kimi, həmin oğlanları təsvir etməyə başladı. Anam onların ortaboylu sadə görünüşlü və bir qədər də utancaq olduqlarını bildirdi. Onlardan birisi çox nəzakətli və mədəni idi. Deyəsən oxumuş adama oxşayırdı. Anamın yaşının ötməsinə baxmayaraq, həmin oğlan onun çox xoşuna gəlmişdi. Hətta, mən deyərdim, bəlkə də ona vurulmuşdu.
- Yaxşı, ay arvad, az təriflə. Ola bilsin ki, səninlə bir qədər şirin dillə danışıb, sən də elə bilmirsən ki. . . Burada anam mənim sözümü kəsərək, fikrini davam etdirdi.
- Ay bala, olanı söyləyirəm də. Yaxşıya yaxşı, pisə pis deyərlər. Daha bundan ötrü nə üçün acığın tutur.
Bu anda pəncərədən tanımadığım bir nəfərin həyətə girdiyini gördüm. O, kimdir deyərək, həmin şəxsi anama göstərdim. Anam onun həmin təriflədiyi oğlan olduğunu bildirdi. Həyət qapısı ilə bizim eyvanın arası çox uzaq deyildisə də, mən oğlanın bu məsafəni keçdiyi vaxta kimi , onu tamamilə seyr edə bildim. Bir neçə saniyə keçməmişdir ki, bizim ev qapısı döyüldü. Mən yeməyin üstündən durub cəld qapını açmağa tələsdim. Qapını döyən həmin oğlan idi. O, çox mənalı bir nəzərlə məni süzərək, xoş bir təbəssümlə-sizə zəhmət olmasa idi ev sahibəsini çağırmağınızı xahiş edərdim - deyərək o mənə müraciət etdi. Mən özümü sanki itirmiş bir halda, özünüz evə buyurunuz dedim. O, mənə təşəkkür edib çox tələsdiyi üçün evə girə bilməyəcəyini bildirdi. Bu anda anam da qapıya gəldi və ona:
 Oğul nə üçün utanırsan, buyur gəl evə.
 Yox, xalacan, çox sağ olun tələsirəm. Mənim balaca qardaşım bura gəlməmişdi ki?
 Oğul mən onu tanımıram.
 Səhər mənimlə gələn oğlanı xəbər alıram.
 Yox, gəlməmişdi.
 Yaxşı bağışlayın, narahat etdim sizi.
O, tələsik eyvandan düşüb getdi. Mən yenə də yeməyin üstünə qayıtsam da, amma iştaham tutulmuşdu, anama qabları götürməsini buyurdum. Məndə nə isə qeyri adi bir hal əmələ gəlmişdi. Mən, ən qiymətli şeyini itirmiş adamlar kimi, evdə o baş-bu baş gəzişməyə başladım.
- Qızım bizim evin uzunluğu cəmisi üç metrdir, onun da yarısını ev əşyaları tutmuşdur. Odur ki, bura sənin gəzməyinə darlıq edər. Yaxşısı budur ki, çıx bir qədər şəhərdə gəzin. Görürəm, çox pərişansan. Deyəsən o cavan oğlanın münasibəti sənin də xoşuna gəlmişdir. İndi nə deyirsən, mənim tərifimə sən də şərik olursanmı?
Mən anamın sualını cavabsız buraxdım və çarpayıma uzanıb bir qədər dincəlmək istədim. Baxmayaraq ki, çox yorulmuşdum, ancaq yata bilmədim. Mən onun mehriban və cəlb edici təbəssümünü, incə danışıqlarını və fövqəladə mədəniliyini xatırlayırdım. Eyni zamanda beynimdə coşqun bir hissiyyat duyurdum. Bəlkə də bu sevgi hissiyyatı idi?! Yox, bu ola bilməzdi. Axı, insanda ani bir görüşdə sevgi duyğusu yarana bilərdimi? Mən ki onu heç tam bir dəqiqə belə görə bilmədim. Onda elə bir gözəllik də yox idi. Bəs bu, nədir mənim beynimi yeyir? Bəlkə də xəstələnmişəm. Yox, qızdırmam yoxdur. Mən yata bilməyəcəyimi hiss edib qonşu qızlardan birisinin yanına getdim.
 Ay qız aşiq olmuş adamlar kimi, halın nə pərişandır, gəl əyləş görək nə olub.
 Ancaq aşiqlərin halı pərişan olurmu?
 Nə üçün, başqa kədəri olan adamların da halı pərişan ola bilər. Ancaq sən sevmiş adama oxşayırsan. Bəlkə də kiməsə vurulmusan?
 Mənə heç bir şey olmayıb, bir qədər xəstə kimiyəm. Yaxşısı budur ki, sən sevdiyin oğlandan, onunla olan görüşlərinizdən danış. Yeri gəlmişkən qeyd edim ki, bu cür söhbətlər əvvəllər məni heç maraqlandırmazdı. Hətta qızlar bu barədə danışanda onların sözlərini kəsərdim.
Bir qədər onlarda söhbət etdikdən sonra evə qayıtdım. Mən pəncərənin yanında oturub həmin oğlanın gəlməsini gözləyirdim. Hər dəqiqə, hər saniyə onun həyət qapısından girəcəyinə ümid idim. Lakin axşama kimi onun gəlmədiyini gördükdə təəccübləndim və həm də çox təəssüfləndim.
Çöldə qaranlıq çökmüşdü. Artıq burada oturub pəncərədən həyətə baxmağın mənası yox idi. Çünki həyətdə heç bir şeyi görmək olmurdu. Çox böyük təlaş içində idim. Özümü ələ almağa çalışırdımsa da, ancaq bacara bilmirdim. Demək olar ki, anam də mənim bu təlaşımı hiss etmişdi. Ancaq o, mənim xəstələnmiş olduğumu düşünürdü. Çünki adətən mən çox tez-tez soyuq dəymə ilə xəstələnərdim və bəzən çox başım ağrıyırdı.
Bir qədər keçmədi ki, atam gəldi. Atam məni çox sevirdi. O, həmişə işdən gələndə məni öpər, bir qədər əzizlər və sonra anamla söhbətə başlardı. Anam qonşumuza yeni adam köçməsini ona da söylədi. Bu an mən, fürsətdən istifadə edib, onların nə üçün evdə olmadıqlarını xəbər aldım. Anam isə onların hələ tamamilə köçmədiklərini və qalan şeylərini sabah gətirəcəklərini bildirdi.
Sabah mənim istirahət günüm idi. Səhər tezdən durmaq üçün ertədən yatağa uzandım. Lakin yuxulaya bilmirdim. Çarpayıda o tərəf bu tərəfə çevrilirdim. Gecə çox gec yuxuya getdim. Səhər hələ saat altı deyildi ki yuxudan ayıldım. Adətim üzrə durub həyətə düşdüm və püstə ağacının dibində əyləşib bir qədər şəhəri seyr etdim. Şəhər sirk səhnəsini bənzədən amfiteatra oxşayırdı. Bizim evimiz isə həmin «amfiteatrın» ən hündür hissəsində yerləşirdi. Odur ki, həyətimizdən baxanda, demək olar ki, şəhərin hər yeri görünürdü. Şəhərin şərq hissəsi böyük dəniz ilə əhatə olunmuşdur. Buradan dənizdə hər kiçik qayığın üzməsi belə aydın seçilirdi. Dənizin bir qədər orta hissəsində meşəni xatırladan neft buruqları ucalırdı. Bir sözlə, səhərlər buradan şəhər çox gözəl və cazibədar görünürdü. Yenicə qalxmaqda olan günəşin zərif şüaları isə dənizin üzərində əks edərək bu görünüşü ülvi bir gözəlliyə çevirirdi.
Saat on radələrində qapıda bir yük maşını dayandı. Aradan bir neçə dəqiqə keçmədi ki, həmin oğlan, təxminən özü boyda başqa birisi ilə əllərində kitab bağlamaları həyətə girdilər. Mən eyvanda paltar yuyurdum. Onu görcək mənim sifətimdə əsrarəngiz bir qızartı əmələ gəldi, bədənimi tər basdı. Onlar mənə salam verib içəri keçdilər. Üçüncü dəfə onlar kitab bağlamalarını gətirəndə mən kitabların hələ çox olduğunu hiss edib, onlara kömək etmək istədiyimi bildirdim. Məni məftun edən o gənc-çox təşəkkür edirəm, diqqətinizə qarşı minnətdaram, gözəl qız, deyərək mənalı bir nəzərlə mənə cavab verdi. Onun incə səsi və süzgün baxışları məni bir daha məftun etdi. Qəlbim böyük bir həyəcanla döyünməyə başladı. O, mənim qəlbimdə müqəddəs bir varlıq kimi canlanmağa başladı. O, çox çevik və cəld idi. Əlində iri kitab bağlamalarının olmasına baxmayaraq pilləkənlərin ikisini birdən addımlayırdı. Onun sifətində sağlam bir görünüş vardır. Əynindəki qara kostyum ona çox yaraşırdı. Onlar kitabları boşaltdıqdan sonra getdilər. Bu halda elə hiss etdim ki, guya mənim qəlbim də onlarla getdi.
Paltarı necə yuduğumu bilmirdim. Ancaq və ancaq onu düşünürdüm. Bütün bu həyəcanın nə olduğunu indi dərk etməyə başladım. Bu, sevgi idi! İndi mən sevginin nə olduğunu artıq başa düşürdüm. Doğrudan da, sevgi bir od olaraq insanı yandıra bilərmiş. O insanın qəlbinə qeyri adi bir qüvvə kimi təsir edib, onu bihuş edir. Şərab içib məst olmaq sevginin təsiri qarşısında bir heçdir. Mən indi Məcnuna, Fərhada haqq qazandırmalı oluram. Onlar öz sevgilərində, doğrudan da, haqlı imişlər. Məni bir şey çox düşündürürdü-mən öz sevgimə hansı yolla nail ola bilərəm? Bunu mən özümmü ona açmalıyam? Yox, mən bunu edə bilməyəcəyəm. Mən qızam, öz qızlıq qürurumu, mənliyimi güdməliyəm. Mənim mənliyim, qürurum mənə hər şeydən üstündür. Mən öz mənliyimin alçalmasına heç cürə razı ola bilmərəm. Bu, mənim üçün toxunulmazdır. Mən qızam, mən ancaq başqasının mənə olan münasibətini dinləməliyəm. Axı mən nə üçün tələsirəm. Mən onu hələ cəmisi iki dəfə görmüşəm. Mən onu gözləməliyəm. Bəlkə o da məni sevəcək. Onun mənə olan münasibəti pis deyildi. Başqa qızlar mənim yerimə olsa idilər belə hesab edərdilər ki, guya o oğlan onları sevir, çünki onun baxışları çox mənalı, danışıqları isə çox mehriban idi. Yox, o, məni sevə bilməz. O, çox oxumuş adamdır. O, evə bir maşın kitab gətirdi. Deməli o, bu kitabların hamısını oxuyub. O, bəlkə də bir alimdir. Birdə ki, kim bilir bəlkə də o, bu vaxta kimi neçə-neçə qızlarla sevişib. Şübhəsiz ki, o, elə qızları sevmişdir ki, onu başa düşə bilsinlər, oxumuş olsunlar. Amma mən heç yeddinci sinifi də qurtarmadım. Mən onu necə başa düşə bilərəm. Bir də ki, mən kasıb bir qızam. Onun sevgilisi olmaq üçün gərək mən yaxşı geyinməliyəm. Bütün yeni modalarda paltarım olmalıdır. Bunlar isə mənim üçün çətindir, çünki bizim ailəmizin aylıq gəliri ancaq adi yaşayışımızı təmin edə bilir. Bəs belə olduqda, mən onun sevgisinə necə nail olmalıyam?
***
Günlər keçdi. Artıq onlar bizim ən yaxın, ən əziz qonşumuz idi. Bizim qapılarımız yan-yana idi. Bununla belə mən onu çox az-az görürdüm. O həmişə işdən qayıtdıqdan sonra evdə əyləşib səliqə ilə rəflərə yığdığı kitabları vərəqləyir və bəzən uzun müddət mizin arxasında oturub nə isə yazırdı. Gecələr çox gec yatırdı. Adətən o, yatmaqdan əvvəl həyətdə yarım saata qədər gəzişərdi. Mən isə bu vaxtlar, qonşuya getmək bəhanəsi ilə həyətə düşərdim və onunla salamlaşardım. O, ancaq salamımı almaqla kifayətlənərdi. Onun bu münasibətinin qarşısında mən də onu danışdırmaqdan çəkinərdim. Bəzən o, daha gec yatardı. Bu halda mən onu görə bilmirdim. Elə hallar olurdu ki, o, səhərə kimi balaca mizin arxasında oturub nəyi isə kitablara baxar, yaxud yazardı. Mənə elə gəlirdi ki, o, yazıqdır, kitab yazır. Bir günü mən qəzetdə onun imzası ilə yazılmış böyük bir məqalə gördüm. Ancaq məqaləni həqiqətən o, yazdığına şübhələndim, çünki mən onun adını bilmirdim. Familiyasını isə poçta işçisinin qəzet və jurnallar gətirdiyi zaman onu çağıranda eşitmişdim. Mən məqaləni üç dəfə oxuyaraq onun məzmununu yaxşı hazırladım və həmin məqalədən bir-iki sual hazırladım ki, bu sualları öyrənmək məqsədilə onunla söhbət edim.
Bir gün işdən gələrkən onunla qapının astanasında rastlaşdım. O, mənə salam verib keçmək istəyərkən, bağışlayın mənim sizdən öyrənməli olacağım bir iki sualım var, icazə versəniz, bir qədər sonra sizin yanınıza gələrdim onları mənə aydınlaşdırarsınız, deyərək onu saxladım. O, böyük məmnuniyyətlə bacardığını mənə izah edəcəyini söylədi və məndən ayrılarkən, axşam gözləyəcəyəm gəlməmiş olmayın, dedi. Mənim qəlbim imtahana girməyə hazırlaşan tələbənin qəlbi kimi böyük bir təlaş içində döyünməyə başladı.
Axşam krepdeşindən təzə tikdirdiyim paltarımı geyindim, ucunda ürək şəkilli bənövşəyi rəngdə uran daşlı olan boyunbağımı boğazıma keçirdim və onlara getdim. Qapını döyərkən, məhzun bir səs buyurun dedi. Mən qapını açıb, gəlmək olarmı, deyərək təkrarən icazə aldım. O, buyurunuz, buyurunuz, qəşəng qız, deyərək, ayağa qalxdı və qarşıma gələrək qolumdan tutub mənə əyləşmək üçün yer göstərdi. Mən yazı mizinin qarşısında qoyulmuş kürsüdə əyləşdim. Mizin arxa tərəfində rəflərdə səliqə ilə zərli kitablar düzülmüşdü. Lap üstündəki rəfdə isə böyük bir atlas qoyulmuşdur. Evin qarşı-qarşıya duran baş divarından iki ədəd böyüdülmüş foto şəkil asılmışdır. Bunlar ikisi də onun şəkilləri idi. Şəkilin ikisi də eyni pozada çəkilmişdir. Birisində o, çox şad görünürdü. Onun qıvrım saçları səliqəli daranmış və dalğavarı bir görünüş almışdı. Özü də gülümsünürdü. Digər şəkildə isə, o, məyus durmuşdu. Saçları da çox dağınıq idi. Bu onun çox dalğın olduğunu əks etdirirdi. Otağın yan divarlarının qarşısında iki çarpayı qoyulmuşdu. Burada yataq paltarları böyük məharətlə, sanki qadın əlilə, yığılmışdır. Çarpayının birisinin arxasında on-on iki yaşlı bir qızın tufanlı gündə dalında balaca bir qız uşağı ilə körpüdən keçdiyi zaman çəkilmiş portreti asılmışdı. İkinci çarpayının arxasından isə fırtınalı dənizdə sahilə çıxmağa tələsən bir gəmi çəkilmiş şəkil vardır. Bir sözlə evin qadınsız olmasına baxmayaraq, o, səliqə və zövqlə düzəldilmişdi. Mən evdə olan bu şeylərin bəzilərini pəncərədən görmüşdüm. Ancaq yaxından bunlara birinci dəfə idi ki baxırdım.
Mən evin içini çox tələsik nəzərdən keçirdikdən sonra ona-sizin vaxtınızı almıram ki, dedim. O mən gələndə vərəqlədiyi qalın kitabı artıq büküb bir kənara qoymuşdu və məni dinləməyə hazır imiş kimi üzümə baxırdı. Mənim sualımın cavabında o, «yaxşı qonşunu mən həmişə dinləməyə hazıram» dedi.
 Axı siz bizim yaxşı qonşu olmağımızı haradan bildiniz. Biz ki hələlik sizə heç bir yaxşılıq etməmişik.
 Yaxşılıq etmək şərt deyildir. Sizin mehriban münasibətinizi mən ilk gündən müəyyən etdim. Elə bu, hər şeydən artıq deyilmi?
Mən onun fikrinin doğru olduğunu söylədim. O, mənim paltarıma böyük bir diqqətlə baxırdı. Sanki bu, onun çox xoşuna gəlmişdi. O, hətta özünü saxlaya bilməyib donumun və boyunbağımın xoşuna gəldiyini bildirdi və göstərdi ki, o, bu rəngdə və bu modada tikilmiş paltarları çox xoşlayır. Mən indi bir daha müəyyən etdim ki, o, qadınların yaxşı və modalı paltar geymələrini xoşlayır. Məhz buna görə, mən sonralar cürbəcür paltar tikdirməyə can atırdım ki, onun xoşuna gələ bilim.
Bir qədər ümumi söhbətdən sonra mən öz suallarımı ona verdim. O, əvvəl gülümsündü və bir qədər sükuta getdikdən sonra suallara cavab vermək məqsədilə, demək olar ki, həmin məqalədə olan məsələlərin hamısını ardıcıl olaraq izah etməyə başladı. Yaxşı başa düşməyim üçün, yeri gəldikcə, eyni misallar da göstərirdi. O, bir saata qədər mənə bu barədə danışdı. Doğrusu, onun bu qədər çox vaxtını almağıma narahat olurdum. Çünki o, öz vaxtını çox qiymətləndirirdi. Onun istirahət vaxtları belə az olurdu.
Suallarımın izahını verdikdən sonra «aydınlaşdıra bildimmi» deyərək məndən xəbər aldı. Hərçənd ki mən onu yaxşı başa düşməmişdim, lakin cavabın aydın olduğunu söylədim və ona öz təşəkkür və minnətdarlığımı bildirdim. O, sonra əlavə olaraq, mənim hansı təhsilə malik olduğumu xəbər aldı. Mən onun bu sualının qarşısında acizlik çəkirdim. Çünki həqiqəti deməyə çəkinirdim yalan danışmağı isə özümə rəva bilmirdim. O, mənim bu təşvişimi görüb, əlavə etdi ki, onun təhsili xəbər almaqda məqsədi verdiyi izahatı nə dərəcədə dərk etdiyimi özü üçün müəyyənləşdirməkdir. Lakin mən yenə də doğrunu söyləməyə çəkindim. Ancaq buna baxmayaraq yeddinci sinifi qurtardığımı bildirdim. Bu halda o, həmin məsələni bir daha mənə izah edəcəyini söylədi və göstərdi ki, bu dəfə daha sadə dildə izah edəcəkdir. Mən böyük inadkarlıqla onu tamamilə başa düşdüyümü söylədim. Onda o, əgər belədirsə çox şad olduğunu bildirdi. Mən bir qədər də söhbət etdikdən sonra onun vaxtını aldığım üçün üzr istədim və xudahafizləşib ayrıldım. Evdən çıxarkən qapıda balaca qardaşı ilə rastlaşdım. O, gəzməkdən gəlirdi. O, bir qayda olaraq böyük qardaşının əksinə, həmişə işdən gəldikdən sonra nahar edib şəhərə gəzməyə gedərdi.
Mən evə qayıdıb yatağıma uzandım. Onunla xeyli söhbət etdiyimə o qədər sevinirdim ki, hətta uzun müddət yata bilmədim. Artıq mən onu bütün varlığımla sevirdim. Onu demək olar ki, mənim kimi heç kim sevməmişdi və sevə də bilməzdi. Mən ancaq onun üçün yaşayırdım. Mən onun xoşuna gələn bütün şeyləri eləməyə çalışırdım. Hətta vaxtilə məktəbi buraxmağıma baxmayaraq o, çoxlu kitablar oxumağı xoşladığı üçün , indi mən də kitabı çox sevirdim. Bütün boş vaxtlarımı kitab oxumaqla keçirirdim. O, işə gedəndə qapılarının açarını bizə verirdi. Mən bu fürsətdən istifadə edib, onun evinə girir və kitablarını vərəqləyirdim. Onun kitabları demək olar ki, hamısı rus dilində və elmi kitablar idi. Mən bunları başa düşməsəydim də, lakin onları tez-tez vərəqləyirdim. Axı bu kitablara, anların vərəqlərinə onun əli dəymiş və xumar gözləri ilə bu vərəqlərdə olan sətirləri oxumuşdu. Məhz buna görə mən də istəyirdim ki, onun baxdığı və oxuduğu sətirləri nəzərdən keçirdim. Xüsusilə onun yazdığı məqalələri və kitabçaları mən dönə-dönə oxuyardım. çünki o yazdığı bu işləri çox sevirdi, onlardan zövq alır və fərəhlənirdi. Mən bunu onda açıq hiss edirdim. Artıq mən onu elə bir ehtirasla sevirdim ki, bunu sözlə ifadə edə bilmirəm. O, mənim üçün hər şey idi. Həyatda mən ancaq onu görürdüm. Ondan gözəl oğlanlar mənə dəfələrlə öz sevgilərini bildirmişlərsə də mən onları ancaq rədd etmişdim. Onların sevgiləri mənim qəlbimi oxşamırdı. Mən həyatımı ondan başqa heç kimlə bağlamağı istəmirdim. Mən ancaq və ancaq onu düşünür, onun xəyalı ilə yaşayırdım. Lakin bütün bunlar onun sevgisinə müyəssər olmaq üçün mənə ümid verirdimi? Əlbəttə, yox. Çünki onu anlamaq mənim üçün çox çətin idi. Onun mənimlə olan danışıqlarında ümumi mehribanlıq və yüksək nəzakət duyulurdu. O, sözsüz ki, hamı ilə-tramvayda bilet satanla, mağazada satıcı ilə, restoranda yemək paylayanla, institutda iş yoldaşları ilə və hətta mənim qoca anamla bu cür danışırdı. Məhz buna görə də mən onun rəftarında və danışığında xüsusilə mənə deyiləcək fərqli bir cümlə tapa bilmirdim.
Doğrusu baxmayaraq ki, mən onu dəlicəsinə sevirdim, amma daima öz sevgimi ondan gizlətməyə çalışırdım. Mən heç cürə istəmirdim ki, onda mənim münasibətlərimə qarşı münasibət yaransın. Bu məni qane edə bilməzdi. Mən istəyirdim ki, özündən asılı olmayaraq mənə qarşı olan sevgi hissi bilaixtiyar onun qəlbində yurd salsın və o da mənim eşqimlə yaşasın.
***
Bu əhvalatdan təxminən yarım il keçmişdi. Havalar get-gedə isinir, təbiət qış yuxusundan ayılırdı. Hər yerdə baharın yaxınlaşması özünü hiss etdirirdi. Bağlarda, parklarda ağaclar, çəmənliklər cana gəlirdi. İnsanların da ruhundu canlanma duyulurdu.
Adətən ilin bu vaxtından başlayaraq axşamlar qonşular bizim eyvana yığılar və cürbəcür maraqlı söhbətlər edərdilər.
O, hələ çölə çıxmamışdı. Həmişə olduğu kimi axşamlar evdə oturub məşğul olurdu. Doğrusu, onun eyvanda məşğul olması üçün şərait də yox idi.
Bir gün mən onun işdən gəlməsinə bir qədər qalmış eyvanda miz və kürsü qoydum. Bir qədərdən sonra o gəldi. mən ona «nahar etdikdən sonra eyvanda məşğul ola bilərsiniz, sizin üçün yer rahatlamışam» dedim. O, süzgün nəzərlə mənə baxaraq təşəkkür etdi və böyük məmnuniyyətlə gəlib məşğul olacağını bildirdi. Mən sanki böyük müvəffəqiyyətə nail olmuş kimi çox sevinirdim. O, gələnə kimi mən tələsik eyvanı bir daha sildim ki, təmiz və sərin olsun.
O, eyvanda işləməyə gəldisə də, amma ümumi söhbətə qarışmadı; başını aşağı dikib öz işi ilə məşğul olmağa başladı. Saat on bir radələrində hamı yatmaq üçün evlərinə dağılışdılar o, isə tək oturub əvvəlki kimi, öz işi ilə məşğul idi. Anamgil də yatmışdılar. Mən tərəddüd içərisində qalmışdım onu tək buraxıb yatağa keçə bilmirdim tez-tez evə girib, çölə çıxırdım. Bu vəziyyətimi hiss etdikdə o, mənim nə üçün yatmamağımı xəbər aldı. Mən hələlik yuxumun gəlmədiyini söylədim. Ancaq o, mənim bu cavabımdan kifayətlənməyib və məni başa düşürmüş kimi, kağızlarını yapışdırırdı. Sonra mənə bir daha təşəkkür edib xudahafizləşdi və öz otağına keçdi. Mən bu vaxtdan etibarən hər axşamüstü onun üçün miz və kürsü qoyub iş yerini hazırlayırdım. Ancaq o, bahar günlərindən sanki ruha gəlmiş kimi, bəzən axşamlar işləməyib hara isə şəhərə gedirdi. Bu vəziyyət məni çox narahat edirdi. Son vaxtlar o, hara getdiyini bizə bildirirdisə də, mən həqiqətən onun dediyi yerə getdiyinə inanmırdım. Hərçənd ki onun yalan danışmasını gözləmirdimsə də ancaq yenə də qəlbimdə ona qarşı bir inamsızlıq yaranırdı. Mən onu qısqanırdım. O, gecələr evə qayıdana kimi qəlbimi qısqanclıq hissi qurd kimi didirdi. Mən onun axşamlar evə qayıtmasını böyük gərginlik içərisində gözləyirdim. Xəyalıma cürbəcür fikirlər girirdi. Düşünürdüm, bəlkə də indi o, xoşbəxt bir gözəl ilə qol-qola verib dənizkənarı bulvarda, yaxud dağüstü parkdakı sıra ilə əkilmiş ağacların altında əyləşib həmin qızla öz ehtiraslı sevgilərindən danışırlar. Bəlkə də mənim onu gözlədiyim bu anlarda, həmin xoşbəxt qayığa minib gözəl Xəzərin mavi suları üzərində sahildən aralanıb ay işığının gümüşü şüaları altında dənizin içərisinə doğru üzərək özlərinin quracaqları gələcək həyatdan şirin-şirin danışır və sevgilisini məhəbbət eşqilə özünə çəkərək onun püstə dodaqlarından uzun-uzadı busə alır. Bəlkə də onun heç bir sabit gözəli yoxdur. Ola bilsin o, gündə hər budaqdan bir gül dərib, onu qoxuladıqdan sonra atan bir şəxs kimi, öz şirin və cəlb edici dili ilə gündə birisinin qəlbini ovlayır.
Onun gəlməsini gözlədiyim bütün axşamlar bu kimi boş düşüncələr mənim qısqanclığımı bir daha artırır və məni dəli vəziyyətinə salır. Bu kədəri mən ancaq yanaqlarımdan yuvarlanaraq yastığıma düşən göz yaşları ilə bir qədər yüngülləşdirirdim. Ancaq buna da həmişə rahatlıqla müyəssər ola bilmirdim. Qonşu otaqda anamgilin ağlamaq hıçqırığımı eşitməməsi üçün yorğanı başıma çəkirdim ki, səs çıxmasın. Nəhayət o, gəlib çıxardı. Onun gəlməsi ilə sanki ayrılmış qəlbimin ikinci parçasını mənə yenidən bəxş edirdilər. Ürəyimin döyüntüsü dayanır və şirin yuxuya gedirdim.
Onun eşqi mənə hər şeyi unutdurmuşdu hətta öz ata və anamdan belə soyumuşdum. Bəzən anam məni yanına çağırıb nəsihətyana söhbətlər edərdi. Bu halda mən elə zənn edirdim ki, guya anam mənim ona olan münasibətimi başa düşüb. Odur ki, anamın bu nəsihətlərinin qarşısında mən oğlanlara, xüsusilə ona, heç bir münasibətin olmadığını söyləyirdim. Lakin buna baxmayaraq, mənə elə gəlirdi ki, anam mənim hərəkət və davranışımdan ona olan münasibətimi açıq-aydın müəyyən etmişdi. Çünki mən daima onu görəndə özümü itirir və qızarırdım.
***
Günlər ötüb keçirdi. Ona olan məhəbbətim çılğınlaşıb məni sərsəri vəziyyətə qədər gətirmişdi. Ancaq onun münasibətində, məhəbbət yabançı zahid insanlar kimi, heç bir dəyişiklik hiss olunmurdu. Axır zamanlar mən artıq ondan öz münasibətlərimi gizlədə bilmirdim. O, mənim üzümdən ona olan sevgimi oxuyurdu. Bunun qarşısında onda da nə isə məhəbbətə bənzər bir hissiyyat duyulurdu. Lakin təsdiq edə bilmərəm ki, bu, sadəcə hörmət əlaməti idimi, yoxsa doğrudan da sevgi idimi. Bizim bu münasibətlərimiz sonradan iti və ehtiraslı baxışlarla məni məftun edən xoş bir nəzərə çevrildi. Bu halda mən elə zənn edirdim ki, o da məni mənim qədər olmasa da hər halda sevir. Ancaq bütün bunlara baxmayaraq, onun mənə yaxınlaşacağı hiss olunmurdu. Odur ki, mənə elə gəlirdi ki, o, təkəbbürlü və bir növ zövqcə soyuq adamdır.
Mən onu, onun xarakterini daha dərindən öyrənirdim. O, sadə , təvazökar və öz işində şücaət göstərən şəxslərə böyük qiymət verirdi. Qəzetlərdə haqqında dərc olunmuş qabaqcıl adamlardan məmnuniyyətlə danışırdı və bütün insanları bu və digər qabaqcıllar kimi olmağa təbliğ edirdi. Ürəkdən və vicdanla işləməyi bizə məsləhət görürdü. Yoldaşlığa sadiq olmağı, çətin dəqiqələrdə yoldaşdan qaçmayıb, onun kədərinə şərik olub ona kömək etməyi insanın ən yaxşı cəhəti olduğunu söyləyirdi. Qeyd etməliyəm ki, o, özü belə bir şəxs idi. Onun haqqında dəfələrlə qəzetlərdə oçerklər dərc edilmiş və iş prosesində çəkilmiş şəkilləri verilmişdi. Onun rayonda bir dostu var idi. Onunla çox yaxından əlaqə saxlayırdı. Bəzən xüsusilə onu görmək üçün rayona gedirdi. Vaxtı olmayıb gedə bilmədiyi halda onu şəhərə çağırıb yanına gətirirdi.
O, belə şeyləri xoşladığı üçün mən də öz işimdə böyük səy göstərirdim. Artıq mənim də haqımda qəzetdə oçerk dərc olunurdu. Mən buna çox sevinirdim. Lakin bu sevinc şöhrət xatirəsi üçün yox, onun xoşuna gəlməyim üçün idi. Yadımdadır, birinci dəfə haqqımda «kommunist» qəzetində oçerk dərc olunan günü o, qəzeti götürüb bizə gəlmişdi. O, məni təbrik edərək ilk dəfə əlimi sıxdı. Bu, mənim üçün böyük səadət idi. Özümü arzuma yetmiş kimi xoşbəxt sanırdım. O, çox şən idi. Bir saata qədər bizdə əyləşdi. Mənimlə mehribancasına söhbət etdi və bəzən məni anama təriflədi. Ancaq bu tərif mənim gözəlliyimin yox, iş bacarığımın tərifi idi. Axı o, anamın yanında başqa cür tərifləyə də bilməzdi, çünki bu onun üçün nəzakətsiz olardı. Nəzakətsizlik isə ona yabançı idi.
Onun bizə bu gəlişi mənim onunla olan gələcək görüşlərim üçün böyük bir başlanğıc oldu. Mən bu gündən etibarən onunla nəinki adi söhbətlər, onu güldürüb şənləndirmək üçün hər yaxın zarafatlar belə edirdim. Mənim bu zarafatlarım isə həmişə lazımı müvəffəqiyyətə çatmırdı. Belə ki, onun sifəti payız günləri kimi çox dəyişkən olurdu-bəzən çox xoş və şən, bəzən isə yağışın yağmağı xəbərdarlıq edən qara buludlu hava kimi çox boğunuq bir vəziyyət alırdı. Onu kədərli vaxtında heç bir şey maraqlandırmır və ruhunu oxşamırdı. O, bu halında soruşduğum suallara belə cavab vermək istəməzdi. O, özünün bu vəziyyətini nə qədər gizlətmək istəsə də, bunu yenə də çox asanlıqla onun sifətində aydın oxumaq olurdu. O, şən dəqiqələrində isə çox gözəl görünərdi. Qısa, lakin maraqlı söhbətlər, ürək açan məzhəkələr söyləyirdi. Bu məzhəkələr müəyyən çərçivə daxilində olduğu üçün onun özünə məxsus olan məğrurluğuna xələl törətmirdi. Bu anda o, çox sadə görünürdü. Bu isə öz növbəsində, onu bir daha gözəlləşdirirdi. Onun belə dəqiqələri çox nadir hallarda və az vaxt içərisində olurdu.
İsti yay günlərində o, uzun vaxt eyvanda əyləşir və nəyi isə düşünürmüş kimi, böyük sükut içərisində gözünü bir nöqtəyə zilləyirdi. O, bu dəqiqələrində hətta çox maraqlı keçən söhbətləri belə eşitməzdi. Bəzən evdən təmiz dəftər gətirib ona lazımı qeydlər edərdi və yaxud ayrı-ayrı kitabların müəyyən səhifələrində etdiyi işarəli hissələri bir daha nəzərdən keçirərdi.
***
Dənizdən əsən sərin xəzri küləyi avqust ayının bürkülü günlərini bir qədər mülayimləşdirmişsə də lakin onu insan üçün çox darıxdırıcı vəziyyətə salmışdı. Geniş şəhərdə adam sanki özünü qoymağa yer tapmırdı, hara gedirsə nəyinsə çatışmadığını hiss edirdi.
Saat altı radələri olardı, havada ümumi sərinlik duyulurdu. İşdən qayıdıb həyətə girərkən onu eyvanın astanasının yanında əkilmiş qoca tənək ağacına üzü bizim evə doğru söykənib durduğunu gördüm. O, eyvanda oturmuş atamla şirin söhbət edirdi. Onun şən olduğu hiss olunurdu. Nəzərlərində olan sevinc və adi yüngüllük onun sakit duruşunda müəyyən dinamikliyin olduğunu göstərirdi. O, mənim salamımı ancaq almaqla kifayətlənməyib ibarəli sözlərlə mənə bir kopliment də söylədi. Bununla mən onun əhvalının, həqiqətən yaxşı olduğunu bir daha müəyyənləşdirirdim.
Mən yorulduğumu və aclığımı unudub çöl paltarımı dəyişərək eyvana çıxıb atamla onun söhbətlərinə qarışmağa tələsərdim. Eyvana çıxıb hələ əyləşməmişdim ki, atam rayonda olan qardaşımın məni telefon danışığına çağırdığını bildirdi və cibindən poçta çağırışı qəbzini çıxarıb mənə uzatdı. Mən danışığın vaxtını müəyyən etmək üçün tələsik qəbzə baxdım. Danışıq vaxtına az qalmışdı. Odur ki, bir qədər əyləşdikdən sonra geymək üçün evə girib hazırlaşdım. Eyvandan düşüb gedərkən o, danışığın saat neçədə və hansı danışıq məntəqəsində olacağını xəbər aldı. mən onun bu sualına təəccübləndiyim üçün bir qədər durduqdan sonra cavab verdim. Belə ki, o, adətən belə şeyləri adamdan xəbər almazdı. Mən telefon stansiyasına çatana qədər və gözləmə vaxtında onun bu sualı haqda cürbəcür fikirləri nəzərimdən keçirdim. Danışığım təyin olunması vaxtdan yarım saat keçməsinə baxmayaraq hələ telefona çağırılmamışdım. Gözləmək üçün qoyulmuş stullardan birində əyləşib hələ də onun sualı haqda düşünürdüm.
Danışıq məntəqəsinin küçəyə olan pəncərəsi çox hündür və enli idi. O, böyük bir ayna ilə bərkidilmişdi. Pəncərənin küçə tərəfində üç ədəd böyük lampa asılmışdı. mənim kimi danışığa gələn vətəndaşların bir qismi yerin az və otağın isti olmasından gözləmə otağında oturmayıb küçədə durmuşdular. Onlardan bəziləri yavaş-yavaş gəzişir və bəziləri isə iki-bir, üç-bir dayanıb söhbət edirdilər.
Danışıq üçün təyin olunmuş vaxtdan bir saatdan bir qədər az vaxt keçməsinə baxmayaraq hələ də telefona çağırılmamışdım oturub pəncərədən küçədə gəzişən adamlara baxırdım. Bu an pəncərənin qarşısında bir nəfər göründü. O, dayanıb gözləmə otağındakı adamları ani bir nəzərdən keçirərək yenə də gəldiyi tərəfə dönüb gözdən itdi. O, mənə tanış kimi göründü. O, bir növ ona oxşayırdı. Lakin mən bunun nə qədər həqiqi olduğunu müəyyən etməkdə çətinlik çəkirdim. Mənə elə gəlirdi ki, o xəyalımın nəticəsi olaraq gözümə görünmüşdü. Axı mən daima onu düşünürdüm. Xüsusilə onun bir saat bundan əvvəlki sualından sonra onu xəyalımdan çıxarda bilmirdim. Onun sifətini baxışlarını gözümün qarşısında canlandırırdım.
Aradan bir-iki dəqiqə belə keçməmişdi ki, o, yenə də əvvəlki kimi görünüb və az vaxt içərisində yox oldu. Mən böyük həyəcan keçirməyə başladım. Gözlərimə inanmırdımsa da, ancaq burada həqiqətin olduğuna da şübhə edə bilmirdim. Belə ki, bu mənalı və süzgün baxışlar həmin onun baxışlarını əks etdirirdi. Yaşıl zolaqlı qolsuz köynək və həsir silindir onda da vardı. Özü də axşamlar gəzməyə gedərkən o, əksər hallarda həmin köynəyi geyərdi. Belə olduqda məni qara basdığına şübhələnirdim. Lakin həqiqətən onun olmasına da inana bilmirdim, çünki ondan belə hərəkətləri gözləmirdim. Bir də ki, axı o, nə üçün belə edə idi? Əgər mənim yanıma gəlmişdisə, bəs nə üçün içəri girmir. O, ki məndən çəkinmir və mənim ona yaxşı münasibətimin olduğunu bilir.
Artıq mən qardaşımla danışmağı belə unutmuşdum. Bayaqdan hər beş dəqiqədən bir nə vaxt məni telefona çağıracaqlarını xəbər aldığım halda, indi təyin olunmuş vaxtdan bir saatdan da artıq keçməsinə baxmayaraq mən heç darıxmırdım. Əksinə telefona çağırılacağımın bir qədər ləngidilməsini istəyirdim ki, mənə möcüzə kimi görünən bu hadisənin nə olduğunu müəyyən edə bilim. İndi mən daha gözlərimi pəncərədən ayıra bilmirdim. Elə bir diqqətlə bəlli nöqtəyə baxırdım ki, hətta harada olduğumu unutmuşdum. Birdən o, yenə göründü. Ancaq bu dəfə o, bir yerdə dayanıb gözlərini mənə zilləmişdi. O, böyük arzu və əməllərlə dolu olan sinəsini dik tutmuşdu. Mən gözlərimə inana bilmirdim. Bir iki dəfə gözlərimi yumub açdımsa da o, əvvəlki vəziyyətində yenə də gözümün qarşısında canlanırdı. Mən tilsimə düşmüş adama bənzəyirdim. Bu dəfə gözlərimi əllərimlə bərk sildim və ondan gözlərimi ayıraraq ətrafımdakıları nəzərdən keçirərək təkrarən ona baxdım. İndi məndə heç bir şübhə yeri qalmamışdı. Bu yuxu, yaxud tilsim yox, həqiqətən o idi. Mən özümü idarə edə bilmirdim. Ayağa qalxıb qapıdan çıxdım və ona tərəf addımladım. O, durduğu yerdə yox idi. Küçənin o biri səkisi bir qədər qaranlıq olmasına baxmayaraq, gözümə görünən adamın bu dəfə həmin səkidə dayanıb gözləmə otağına tərəf baxdığını gördüm. Mən nə edəcəyimi bilmirdim. Geri qayıtmaq istədimsə də ayaqlarım tərpənmədi. Gözlərimi ondan ayıra bilmirdim. mən ona doğru istiqamət aldım. O, daha qaçmırdı, mənim hərəkətim istiqamətində uyğun olaraq öz nəzərlərini dəyişirdi. Mən çox yavaş-yavaş lakin elə bir diqqətlə yolun ortası ilə ona doğru gedirdim ki, üstümə gələn «pobeda» maşının məni az qala basmasını hiss etməmişdim. Bu halda o cəld mənə doğru irəliləyərək qolumdan tutub tez səkiyə doğru çəkdi. Bu, o, idi. Mən böyük həyəcan və təlaş içərisində idim. Danışa bilmirdim, elə bil dilim tutulmuşdu. O da danışmırdı aramızdakı bu sükutu pozmaq üçün sanki başqasının köməyinə ehtiyac duyurdu. Nəhayət o, sükutu pozaraq küçə hərəkəti zamanı ehtiyatlı olmağı mənə tövsiyə etdi. Mən hələlik danışmadığımı bildirdikdə, o, mənimlə gözləmə otağına gəldi. Az keçmədi ki, mənim yeddinci kabinetə telefona gəlməyimi xəbər verdilər.
Biz danışıq məntəqəsindən çıxanda saat doqquza işləyirdi. Mən onun hərəkət istiqamətində gedirdim. O heç bir təklif etmədən məni dənizkənarı bulvara sarı aparırdı. Uzun yay günləri olduğundan qaranlıq hələ çökməmişdi. Hava toran idi. şəhərə gəzməyə çıxanların, demək olar ki, hamısının istiqaməti bulvara doğru idi. Adama elə gəlirdi ki, guya bütün Bakı bulvara axışırdı. Bəziləri hara isə gecikirmiş kimi tələsir, bəziləri öz sevgililərinin qolundan mehribancasına tutaraq şirin və səmimi söhbət edərək yavaş-yavaş addımlayırdılar, bəziləri isə tək-tənha qarşısına gələnləri ani bir nəzər salaraq irəliləyirdilər. Danışıq məntəqəsindən bir qədər aralamışdıq ki, o qolumdan tutmaq üçün icazə aldı. Mən etiraz etmədim. Axı bu, mənim həyatda yeganə arzum idi. Mən buna necə etiraz edə bilərdim?! Mən nə qədər sevinir və özümü xoşbəxt sanırdım. Şəhər də bu anda mənə çox xoş görünürdü. Dəniz kənarı bulvar nə qədər gözəl idi. Mən şəhərdə yaşadığım müddətdə birinci dəfə idi bura gəlirdim. Bulvarın bu qədər aşiqanə cəlb edici görünüşünü təsəvvür edə bilməzdim. Buranın hər guşəsi bir tamaşa idi. Bir tərəfdə adamlar çalıb-oynayır, digər tərəfdə dənizin içərisinə dil kimi soxulmuş körpüdən, dəniz gəzintisindən çıxmaq üçün katerə minirlər, başqa bir tərəfdə paraşütlə vışkadan tullanır və yaxud yelləncəkdə yellənirdilər. Bir sözlə, burada adamı əyləndirə biləcək hər cürə məşğuliyyət vardı. O, məni bu əyləncələrdə iştirak etməyə dəvət etdi. Lakin mən burada öz etirazımı bildirdim, çünki mən cəmiyyət içərisinə indidən onunla girə bilməzdim. Belə ki, hələlik məni tanıyırdılar, hətta bəziləri xüsusilə öz qonşularımın qızları, mənə həyatda geri qalmış kimi baxırdılar. Bir də ki, mən hələlik onun məqsədini bilmirdim. Ola bilsin ki, o təsadüfən bu axşam mənimlə vaxt keçirmək üçün çıxıb. Bəlkə də mən onun ruhunu oxşaya bilməyəcəyəm və bizim bu gəzməyimiz birinci və axırıncı dəfə olacaqdı. Belə olduqda, sonra mən qohumlarımın üzünə necə baxa bilərdim. Bu mənim üçün böyük təkan olmazdımı. Bütün bunlar onun təklifinə etiraz etməyimə səbəb olmuşdu. Elə bil o da mənim etirazımın səbəbini başa düşmüşdü. Mənim cavabımda o, təklifinin hələ çox tez olduğunu bildirdi. Sonra biz bulvarın qərb tərəfinə yönəldik və iri qollu-budaqlı bir ağacın altında qoyulmuş skamyada əyləşdik. Mən indi hiss edirdim ki, tamamilə öz arzuma çatmışam. O, mənimlə yanaşı əyləşərək mehribancasına söhbət edirdi. Münasibət və hərəkətləri o qədər nəvazişli, nəzakətli və xoşrəftarlı idi ki, mən onu əvvəldən bu qədər sevməmiş olsaydım belə bu anda ona böyük ehtiraslı sevgi münasibəti bəsləyə bilərdim. Bu halda mən onun edə biləcəyi və qız üçün qeyri mümkün olan təkliflərinə də hazır ola bilərdim. Bizim bu görüşümüz çox çəkmədi, evdə ləngiyəcəyimi xəbər vermədiyim üçün , az bir vaxtdan sonra geri qayıtdıq. Lakin biz evə birlikdə gəlmədik. Onun məndən təxminən bir saat gec gəlməsini xahiş etdiyim üçün o, şəhərdə ləngiməli oldu. Ayrılarkən o, növbəti görüş üçün vaxt təyin etmək istədi. Mən onun istədiyi hər bir dəqiqədə hazır olduğumu bildirdikdə o, bir qədər təəccübləndisə də lakin özünü büruzə vermədi. O, mənim münasibətimə təəcüblənməkdə haqlı idi. Axı mən onun bütün təkliflərinə heç bir müqavimətsiz razılaşırdım. Adətən qızlar ehtirasla sevdikləri oğlanların belə təklifinə müəyyən şıltaqlıq yaxud etiraz etmədən razılıq verməzdilər. Onlar oğlanlara mənəvi əzab və iztirablar vermədən nə isə xüsusi zövq alırlar. məndə isə bunlar yox idi. Axı mən onu həqiqi bir məhəbbətlə sevirdim. O, mənim üçün həyatda bütün varlıq idi. mən ona əzab verib incidə bilərdimmi? Sözsüz ki, yox.