Torpağın mineral hissəsi

Font:      

Ümumiyyətlə, torpaq kütləsi 2 hissədən ibarətdir:
1) mineral
2) üzvü hissəsi.
Torpağın mineral hissəsi süxurların aşınması, parçalanması və bəzən üzvü qalıqların tamamilə yanmasından törənə bilər. Üzvü hissəsi isə əksər halda bitki və üzvü qalıqlarının çürüməsindən əmələ gəlir. Hər bir torpaq kütləsində yuxarıda qeyd etdiyimiz mineral və üzvü hissələri bərabər miqdarda deyildirlər. Əksərən mineral hissəsi üzvü hissəyə nisbətən çox olur ancaq bəzi hallarda xüsusən bataqlıq torpaqlarda üzvü hissə mineral hissəyə görə üstün olur. Bildiyimiz kimi, torpaqların mineral hissəsi bilavasitə süxurlardan toplandığına görə və torpağın mineral hissəsi süxurun istər mineraloji tərkibindən və istərsə də kimyəvi tərkibindən asılı olduğuna görə biz ətraflı surətdə əsas torpağın “ana süxurları” ilə tanış olmalıyıq. Torpaq əmələ gətirən süxurlardan birincisi “püskürmə süxurlardır”. Bu süxurlar bildiyimiz kimi maye maqma qatının donub əmələ gəlmiş süxurlarından sayılır. Püskürmə süxurları torpağın əmələ gəlməsində çox az rol oynayırlar, çünki bu süxurlara cavan geoloji çöküntülərin altında basdırılmış halda təsadüf olunur. Ancaq çox nadir hallarda dağ zonalarında püskürmə süxurlarının bir ana süxuru kimi torpaq əmələ gətirməsi qeydə alınmışdır. Ms: Azərbaycanda Kiçik Qafqazda, Ermənistanda, Krımda və Uralda püskürmə süxurları torpaq əmələ gətirirlər. 2-ci qrup ana süxurlardan “Metamorfik süxurlar” hesab olunur. Bu süxurlar yüksək temperatura və təzyiq altında əmələ gəlmiş süxurlardandır. Metamorfik süxurlar, püskürmə süxurları kimi torpaq əmələ gəlməsində çox cüzi iştirak edirlər çünki bu süxurlar da hal-hazırda xarici faktorların təsiri altında dərindən dəyişdirilmişdir.Nəhayət 3-cü qrup süxurlar “Çöküntü süxurları” hesab olunur. Bu süxurlar torpaq əmələ gəlməsində böyük bir yer tuturlar. Bildiyimiz kimi, çöküntü süxurları istər hava, və istər su mühitində çökmüş süxurlardan ibarətdir. Xüsusən qeyd etmək lazımdır ki, SSRİ ərazisi daxilində əksərən torpaq tipləri çöküntü süxurlarından törəmişdir. Torpağın törəməsi üçün böyük əhəmiyyəti olan çöküntü süxurların cavan hissəsidir. Xüsusən 4-cü dövrə aid olan çöküntü süxurlardır. Bu dövrün süxurlarını əmələgəlmə şəraitindən şəraitindən asılı olaraq, 2 böyük qrupa ayrılırlar:
1. Kontinental çöküntülərdir.
2. Dəniz çöküntüləridir.
Bizim ölkədə ən çox yayılmış kontinental çöküntülərdir, dəniz çöküntülərinə gəlincə isə, bunlara ancaq keçmiş dəniz hövzələrində və dəniz sahillərində təsadüf olunur.
4-cü dövrün kontinental çöküntüləri aşağıda qeyd etdiyimiz növlərə ayrılır.
1. Buz çöküntüləri.
2. Su-buz çöküntüləri.
3. Göl-büz çöküntüləri.
4. Göl çöküntüləri.
5. Allüvial çöküntülər.
6. Göl-allüvial çöküntülər.
7. Prolüvial çöküntülər.
8. Elüvial törəmələr.
9. Delüvial törəmələr.
10. Elüvial-delüvial çöküntülər.
11. Eol çöküntüləri.
1. Buz çöküntüləri: Buraya müxtəlif morenlər aiddir. Bildiyimiz kimi, moren süxurları nəhəng buzlaqların hərəkəti əsnasında gətirilib toplanmış süxurlar hesab olur. Əgər süxurlar buzun altında çökmüş olursa, buna “dib morenlər” yan tərəflərində çökmüş olursa buna “yan morenlər” və baş tərəfində çökmüş olursa buna “son morenlər” deyilir. Ümumiyyətlə, moren çöküntüləri mexaniki tərkibcə çox müxtəlif olurlar. Əksər hallarda moren çöküntüləri gilli, qumsal, qum və daşlı çöküntülərdən ibarətdir.
2. Su-buz çöküntüləri: bu çöküntülər buzlaq suları vasitəsilə gətirilib toplanmış çöküntülərdən ibarətdir. Mexaniki tərkibcə bunlar daşlı çöküntülərdir. Bəzi hallarda su-buz çöküntüləri o qədər toplanır ki, müəyyən relyef formaları belə əmələ gətirirlər. Bəzi hallarda isə su buz çöküntüləri əyri-üyrü xətt şəklində relyef əmələ gətirirlər. Bu formada relyefə “öz” deyilir. Başqa halda su buz çöküntüləri geniş bir sahəyə ayrılır belə ki, çılpaq, xırda çınqıl daş məntəqəsi əmələ gətirir. Bu forma relyefə “zandr” deyilir.
3. Göl-buz çöküntüləri: bu çöküntülərə buzlaq sahilli göllərdə təsadüf olunur və çox vaxt onlar relyefin enişlərində yayılmışlar. Bu çöküntülərin əsas xüsusiyyətlərindən biri, zolaqlı gil əmələ gətirmələridir.
4. Göl çöküntüləri: bu kimi çöküntülərə çox vaxt aran və düzənlik yerlərdə təsadüf edilə bilər.Əksər hallarda onlar iri çala-çuxurlu yerlərdə çökürlər. Səciyyəvi əlamətləri isə, çöküntülərdə zolaqlığın olmamasıdır. Mexaniki tərkibcə çox ağır gillərdən ibarətdirlər.
5. Allüvial çöküntülər: bu çöküntülər çay vadilərində və çay ağızlarında yayılmışlar, bu çöküntülər çayların müəyyən vaxtdan bir daşıb çökməsindən əmələ gəlmiş çöküntülərdir. Mexaniki tərkibcə çox müxtəlif və laylı olurlar. Belə ki, bəzən qumsal, gil, daş layları bir-birini əvəz edirlər.
6. Göl-allüvial çöküntüləri: bu çöküntülər göl və allüvial çöküntüləri kimi qarışıqlı olur. Əsasən aran rayonlarında yayılmışlar. Mexaniki tərkibcə bəzən ağır gilli və bəzən isə qumsal olurlar.
7. Prolüvial çöküntülər: Müvəqqəti sellər vasitəsilə gətirilmiş çöküntülərə deyilir. Əksərən dağlıq və dağ ətəyi rayonlarında yayılmışdır. Mexaniki tərkibcə daşlı, çınqıllı olurlar. Bəzi hallarda prolüvial çöküntülər müəyyən relyef formaları belə əmələ gətirirlər. Ms: Dağ ətəyi rayonlarında bildiyimiz çayların gəlmə konusu misal ola bilər.
8. Elüvial çöküntülər: Süxurların aşınması nəticəsində heç bir təbii vasitə ilə bir yerdən başqa yerə aparılmırsa, bu kimi aşınma məhsullarına elüvial törəmələr deyilir. Elüvial törəmələr istər tərkibcə və istərsə də görünüşcə çöx müxtəlif olurlar. Belə ki, yüksək dağ zirvələrində elüvial törəmələr çılpaq daş formasında isti aran nəmli yerlərdə isə bu kimi çöküntülər əksərən gil şəklində olurlar. Elüvial çöküntülərin xarakterik bir əlaməti bu çöküntülərin süxurlarla olan bilavasitə əlaqəsidir. Süxurun tərkibi, rəngi və mineraloji quruluşu necə olursa, elüvial çöküntülər də o xassələri özündə mənimsəyir. Azərbaycanda elüvial çöküntülərə torpağın bir ana süxuru kimi Böyük və Kiçik Qafqaz dağları zonasında təsadüf olunur.
9. Delüvial çöküntülər: Müvəqqəti yağış suları vasitəsilə aşınmış məhsulların qısa bir məsafəyə aparılıb toplanan çöküntülərə delüvial çöküntülər deyilir. Delüvial çöküntülər ən çox dağların yamaclarında, relyefin enişlərində və dağ ətəyi zonalarda yayılmışlar. Bu kimi çöküntülər nisbətən narın olurlar. Mexaniki tərkibcə bəzən gil və bəzən də gil şəklində olurlar. Delüvial çöküntülər yuxarıda qeyd etdiyimiz çöküntülərdən əsas fərqi, onların tərkibində milli zolaqların olmasıdır.
10. Elüvio-delüvial çöküntülər: Bəzi hallarda yuxarıda qeyd etdiyimiz elüvial və delüvial çöküntülərə təbiətdə qarışıq halda təsadüf olunur. Belə hallarda bunlara elüvio-delüvial çöküntülər adı verilir. Çöküntülərin qarışıq halda törəməsi onların əmələ gəlmə şəraitindən asılıdır. Xüsusən burada yerin relyefi böyük yer tutur. Mis: Əgər elüvial çöküntülər öz aşındığı yerdə qalırsa yerin enişliyindən asılı olaraq, bunlar delüvial çöküntülərlə basdırıla bilərlər, məhz bu şəkildə bu iki süxurlar bir-birinə qarışırlar. Elüvio-delüvial çöküntülərə çox vaxt dağ ətəyi zonalarda təsadüf etmək olar.
11. Eol çöküntülər: Küləklər vasitəsilə gətirilib çökmüş qalıqlara eol çöküntüləri deyilir. Əksərən eol çöküntülərə qumsal və qum çöküntüləri aiddir. Bu kimi çöküntülərə çox vaxt səhra və yarım səhralarda, bəzən isə dəniz sahillərində təsadüf etmək olur. Eol çöküntülər bəzən o qədər toplana bilər ki, relyefi formaları belə əmələ gətirirlər. Səhralarda eşitdiyimiz “barxanlar” dəniz sahillərində gördüyümüz qum təpələri buna aydın misal ola bilər. Bir çox alimlər SSRİ ərazisində yayılmış olan (Orta Asiya) löss çöküntülərini də eol çöküntülərindən sayırlar. Beləliklə, yuxarıda qeyd etdiyimiz IV-dövrin çöküntüləri istər dünya miqyasında və istərsə SSRİ ərazisində bir ana süxuru kimi torpağın törəməsində iştirak edirlər. Bu çöküntülərin müxtəlifliyindən asılı olaraq, torpaq örtüyü istər mineraloji tərkibcə və istərsə də mexaniki tərkibcə çox müxtəlifdir. Aparılan tədqiqatlar nəticəsində qeyd olunmuşdur ki, ümumən morenlər üzərində törəmə torpaqlar turş reaksiyaya, delüvial çöküntüləri üzərində toplanmış torpaqlar qələvi, neytral reaksiyalara malikdirlər.

Püskürmə və metamorfik süxurların tərkibi.
Torpaqların əmələ gəlməsində süxurların mineraloji tərkibinin böyük təsiri vardır. Bu mineralların torpaq əmələ gəldikcə onun mexaniki tərkibi ilə və torpaqda əmələ gələ biləcək qida maddələri ilə bilavasitə əlaqəlidir. Buna görə də, qısa da olsa bu süxurlarda əsas minerallarla yaxından tanış olmalıyıq. Ümumən püskürmə və metamorfik süxurlardan iki qrupuna minerallar yayılmışdır.
1.Əsas minerallar
2. İkinci dərəcəli minerallar.
Əsas minerallar süxurların cinsinin növünü təyin edir.
İkinci dərəcəli minerallar isə süxurun tərkibində az yayılmasına baxmayaraq, gələcəkdə torpağın tərkibində qida maddələrini əmələ gətirir. Əsas minerallara aşağıda qeyd etdiyimiz minerallar aiddir.
1. Kvars.
2. Çöl şpatları
3. Feld şpatları
4. Piroksen və anfibollar
5. Olivenlər
6. Mikalar
Bu minerallardan kvarsdan başqa qeyd etdiyimiz minerallar çox mürəkkəb və bəzən sadə silikatlara aiddirlər.
İkinci dərəcəli minerallara:
1. Apatit və pirit mineralları daxildir. Bu hər iki mineral qeyd etdiyimiz kimi, torpaqda qida maddələri üçün bir mənşə sayılır. Apatit mineralları torpaqda fosfor turşusu və fosfor duzlarının birləşməsini əmələ gətirir. Pirit mineralları isə kükürd turşusu və kükürd duzlarını əmələ gətirir.
2. Kvars: Bu mineral rəngsiz və kremni turşusunun susuz oksididir.
Çöl şpatları: Bu minerallar H2 Al2 Si6 O16 (alimo-kremni) turşusunun duzlarıdır. Bəzi hallarda alimo-kremni turşusunda hidrogen kaliumla əvəz olunursa onda K2 Al2 S16 O16 ortoklaz mineralları, əyər natrium ilə əvəz olunursa N2 Al2 S16 O16 albit olur.
Feld şpatları: Bu mineralların tərkibində alüminiumdan başqa xlor və kükürd duzlarına da təsadüf etmək olar. Bu qrupa daxil olan minerallar bunlardır:
Leysit - K2 Al2 Si4 O8
Sodalit- 3Na2 Al2 S2 O8
Nefelin- Na2 Al2 S2 O8
Piroksen və anfibollar: Bu qruppaya mürəkkəb və bəsit silkatların duzları daxildir. Ən çox yayılmış minerallar bunlardır:
Enstatit- Mg Si O3
Diopsid- Ca Mg Si2 O6
Vollastant- Ca Si O3
Avqit-Ca (Mg Fe) Si2 O6 + Ca Al2 Si O6
Horimblent- Ca (Mg Fe)3 Si4 O12
Olivin- (Mg Fe)2 SiO4
Bu qrup minerallar ən çox əsas süxurlara yayılmışdır.
Mikalar: Bu qrupa minerallar 2 böyük qrupa ayrılır:
1. Muskavit.
2. Biotit.
Muskovid miniralı rəngcə açıq, biotit isə rəngi tünd qaramtıl olur.
II-DƏRƏCƏLI MINERALLAR.
Bu qrupa minerallar nisbətən az inkişaf tapmışlar ancaq bunların torpağın tərkibində böyük əhəmiyyəti vardır. Çünki bunlar gələcəkdə torpaqda bir qida maddəsinin mənbəyi ola bilər. Bu qrupa pirit və apatit mineralları daxildir. Pirit mineralı torpaqda kükürd turşusu və kükürd duzları yaradır, apatit mineralı isə torpaqda əsas fosfor birləşmələrini əmələ gətirir.

Süxurların aşınma prosesi.
Hər bir süxur geoloji şəraitdən asılı olaraq bilavasitə yer üzünə çıxırsa bunlar təbiətin xarici qüvvələrinin təsiri altına məruz qalırlar. Bu xarici qüvvələrin təsiri altında süxurlar istər öz fiziki quruluşunu, istərsə kimyəvi tərkibini dəyişmiş olurlar. Nəticədə hec də ibtidai süxura oxşamayan yeni bir çöküntü alınır ki, buna “aşınma” məhsulu deyilir. Təbiətin xarici qüvvələri təsiri altında süxurlar öz tərkib və quruluşunu dəyişərsə bu prosesə “aşınma prosesi adı verilir”. Süxurların parçalanma şəraitindən və səbəblərindən asılı olaraq aşınma prosesi 3 növ olur:
1. Mexaniki aşınma.
2. Kimyəvi aşınma.
3. Bioloji aşınma.
Mexaniki aşınma: bu aşınma süxurun fiziki təsiri altında parçalanıb xırda qırıntı halına keçmə prosesinə deyilir. Mexaniki aşınmanın bir xüsusiyyəti varsa, o da süxurda aşındıqca öz səthlərini artırır. Mexaniki aşınmanı yaradan əsas faktorlar bunlardır:
1. Temperaturların dəyişməsi.
2. Donmuş suların təsiri.
Bildiyimiz kimi, hər bir cism kimi süxurlar da hərarətin təsiri altında öz həcmini genişləndirə bilər və gecənin ayaz vaxtl isə əksinə süxur öz həcmini mümkün gədər azaltmağa başlayacaqdır. Bu proses təbiətdə uzun müddət davam edir və temperaturun təsiri altında gah böyüyüb, gah da sıxılmasından asılı olaraq, bunların üzərində nazik bir tük kimi yarıqlar əmələ gəlir.
Süxurlarda nazik yarıqların əmələ gəlməsi onların mineraloji tərkibindən asılıdır. Çünki hər bir mineralın özünə görə şişmə əmsalı vardır. Bəzi minerallar temperaturun təsiri altında öz həcmini böyüdürsə, başqaları həcmini az dəyişə bilər və süxurun tərkibində müxtəlif minerallar olması şübhəsiz ki, həmin süxurun mexaniki aşınmaya tez məruz qala biləcəyini göstərir. Temperaturun təsiri altında mexaniki aşınmaya ən çox quru və mülayim iqlimli ölkələrdə təsadüf etmək olar. Soyuq, mülayim iqlimli ölkələrdə və Arktikada, yüksək dağlıq zonarda süxurların mexaniki aşınmasında donmuş suların böyük təsiri vardır. Atmosferin nəmliyi və yağıntı sular süxurların üzərində əmələ gəlmiş yarıqlarda tədricən süzülərək süxurun dərin qatlarına süzülürlər. Bu rayonlarda şaxta əsnasında süxurların içində su donaraq buza çevrildikcə öz həcmini genişlədərək get-gedə süxurlarda əmələ gəlmiş yarıqları daha da genişləndirir. Əgər süxur bu növ donmuş sular vasitəsilə parçalanırsa, buna “şaxta” aşınması deyilir.
Yuxarıda qeyd etdiyimiz amillərdən başqa, süxurlar küləklərin təsiri vasitəsilə mexaniki sürətdə aşınırlar. Küləklərin özləri ilə bərabər gətirdikləri qum zərrələri onları tədricən hamarlayıb yonurlar. Küləklər vasitəsilə ən çox yumşaq süxurlar aşınırlar ms: əhəng daşı. Bu şəkildə aşımmaya ən çox səhra ölkələrində təsadüf etmək olur. Mexaniki aşınmanın böyük amillərindən biri də buzlaqların təsiridir.
Buzlaqlar hərəkət etdikcə, süxurları tədricən yonur və beləliklə süxurların get-gedə xırdalanmasına səbəb olurlar. Mexaniki aşınmaya ən çox yüksək dağ zonalarında, Arktikada və quru səhralarda təsadüf etmək olur. Bəzi hallarda mexaniki aşınma o qədər şiddətli keçir ki, süxurlar böyük bir sahələri tuturlar.
Kimyəvi aşınma: Təbiətdə süxurlar mexaniki sürətdə aşındığı kimi kimyəvi sürətdə də aşına bilirlər. Bu iki prosesin bir-biri ilə sıxı əlaqəsi vardır. Hətta bunları bir birindən ayırmaq düzgün deyildir. Çünki süxurlar mexaniki və kimyəvi sürətdə eyni zamanda aşına bilərlər. Yuxarıda qeyd etdiyimiz kimi, süxurlar mexaniki sürətdə aşındıqda onlar öz səthini artırılar və kimyəvi aşınma üçün əlverişli şərait yaradırlar. Beləliklə demək olar ki, süxurların mexaniki aşınması kimyəvi aşınma üçün bir hazırlıq prosesidir. Kimyəvi aşınmada süxurlar öz tərkiblərini və mineraloji quruluşunu dərindən dəyiştirirlər. Kimyəvi aşınmanı yaradan əsas faktlar: su, karbon qazı və oksigendir. Su kimyəvi aşınmanın əsas faktorlarından sayılır. Çünki suyun vasitəsilə karbon qazının və oksigenin təsiri artır. Bundan başqa suyun özünün də bilavasitə təsiri vardır. Suyun süxurlara birinci təsiri onun həll etmə qabiliyyətidir. Süxurların suda ərimə dərəcəsi az olsa da təbətdə bu proses o qədər uzun müddət davam edir ki, su da öz tərkibində mümkün qədər süxurlardan bəzi maddələri yuya bilir. Bundan başqa, su ayrı-ayrı minerallarla reaksiyaya girərək susuz mineralları sulu birləşmə mineralları şəklinə çeviirir. Bu da onun fiziki quruluşuna təsir edir. Daha doğrusu, su öz möhkəmliyini itirir və getdikcə onun da suda həll olunma dərəcəsi artır. Bundan başqa suyun həll olunma dərəcəsini artıran faktorlardan biri karbon qazıdır. Suyun tərkibində karbon qazı olarsa, onun həll etmə dərəcəsi daha da yüksək olur. Bildiyimiz kimi, təbiətdə “təmiz” su anlayışı yoxdur. Bu sular daima karbon qazı ilə doymuş halda olurlar. Suyun həll etmə dərəcəsi çox böyükdür,buna misal olaraq göstərmək olar ki, hər il bütün çaylar böyük mühit dənizlərinə 4 miliyard kq gədər müxtəlif duzlar aparırlar. Donmuş su nəinki süxurları həll edir, hətta süxurları parçalaya da bilir və beləliklə çox müxtəlif yeni birləşmələr əmələ gətirirlər. Suyun parçalanma qabiliyyəti onun dissesiasiya dərəcəsindən asılıdır. Su dissesasiya nəticəsində HOH adlanan ionlara ayrılır. Burada H ionu süxurlarda olan əsaslarla reaksiyaya girərək, yeni birləşmələr əmələ gətirir və beləliklə süxurun kimyəvi tərkibini dərindən dəyişdirir. Suyun dissesasiya dərəcəsi onun temperaturadan asılıdır. Temperatur yüksəldikcə suyun dissesasiya dərəcəsi də artır ms:
0º-1
10º - 1,7
18º - 2,4
34º - 4,5
50º - 8,0
Bu rəqəmlərdən belə nəticəyə gəlmək olar ki, temperatur artdıqca suyun da parçalanma qabiliyyəti artır. Süxurların müxtəlif iqlim qurşaqlarında kimyəvi aşınması bərabər şəkildə baş vermir soyuq, mülayim qısa yaylı mövsümlərdə kimyəvi aşınma zəif, isti ölkələrdə isə kimyəvi aşınma şiddətlə keçir. Kimyəvi aşınma dediyimiz kimi süxurların tərkibində yeni birləşmələr əmələ gətirir. Aydın olmaq üçün feldşpatın kimyəvi sürətdə aşınmasını bir misal olaraq göstərmək olar.

Ortoklaz 1) K2 Al2 Si6 O16 + 2 H2 O + CO2 =
= H2 Al2 Si2 O8 • H2O + K2 CO3 + 4Si O2

Apartit 2) Ca Al 2 Si O8 + 2H 2 O + CO2 =
= H2 Al2 Si2 O8 • H2O + Ca CO3

Albit 3) Na2 Al2 Si6 O16 + H2O + CO2 =
= H2 Al2 Si2 O8 • Na2 CO3 + 4Si O2
Soda
Yuxarıda yazdığımız reaksiyalardan belə nəticəyə gəlmək olar ki, suyun təsiri altında alimosilikatlar aşınarsa bir çox yeni birləşmələr əmələ gətirərlər ms: Sərbəst kvars CO2, soda Na2 CO3, potaş K2 CO3 və kaolin H2 Al2 Si2 O8 • H2O əmələ gətirir.
Kimyəvi aşınma nəticəsində feld şpatların kaolin əmələ gətirmə prosesinə kaolinləşmə prosesi deyilir. Bu reaksiyada əmələ gəlmiş Si O2 törəmə şəraitindən asılı olaraq, bəzən həll olunub sular vasitəsilə yuyulub, bəzən isə susuz kvars şəklində çöküb gələcəkdə torpağın əsas hissəsini törədir. Kaolin maddəsi isə tərkibcə çox bəsitdir. Ancaq çox yüksək temperatur və yüksək nəmlik şəraiti altında (tropik ölkələri) kimi kaolin maddəsi də ayrı-ayrı birləşmələrə parçalanır:
Fe (OH)2
Al (OH) 2
Demək kimyəvi aşınma nəticəsində hər hansı süxur sadə kimyəvi duzlara, hidratlara və oksidlərə parçalanır ms: Ca CO3, Na2 CO3, Fe OH2, Al OH2, K 2 CO3, Si O2 və sairə. Yuxarıda qeyd etdiyimiz kimi, kimyəvi aşınmanın əsas alimlərindən biri havanı təşkil edən oksigenidir. Bu amil süxurların tərkibində olan mineralları oksidləşdirərək bir mineraldan başqa bir minerala çevirə bilir. Bunu aydınlaşdırmaq üçün, maqnit minerallarının oksidləşməsi nəticəsində hematit mineralına çevrilməsini göstərmək olar.
4Fe3 O4 + O2 = 6Fe2 O3 hematit
Hematit mineralı çox davamsız olduğuna görə suyun təsiri altında dəmir hidratına çevrilir.
Fe2 O3 + 3H2 O = 2Fe (OH)3 dəmir hidratı.
Daha bir misal pirit mineralının oksidləşməsini göstərmək olar.

Fe Si2 + O + H2 O =
Dəmir turşusu = Fe SO4 + H2 SO4 sulfat turşusu

Burada əmələ gəlmiş FeSO4 duzu dəmir hidratına çevrilir və sonra dəmir oksidinə çevrilir.
Sulfat turşusu isə mineralların əsasları ilə reaksiyaya girib müxtəlif sulfat duzları əmələ gətirirlər. Deməli, kimyəvi aşınma nəticəsində çox müxtəlif proseslərin təsiri altında süxur parçalanaraq bir çox yeni birləşmələr əmələ gətirir. Ümumiyyətlə süxurlar tərkibcə müxtəlif olduqlarına görə aşınma prosesində çox müxtəlif aşınma məhsulları əmələ gətirirlər. Əgər əsas süxurlar aşınırsa bunların aşınma məhsulunda ən çox gil, kalsium karbonat, maqnezium karbonat, dəmir hidratları kimi birləşmələr yayılmışlar. Si O2 birləşməsi isə bu məhsullardan əmələ gəlir. Əksinə turş süxurlar aşınarsa (qranit kimi) bunların aşınma məhsulunda yuxarıda qeyd etdiyimiz birləşmələrdən başqa qum cöküntüsü kimi ən çox Si O2 birləşmələrinə də təsadüf etmək olar.
Xüsusən qeyd etmək lazımdır ki, alınan aşınma məhsulunun tərkibi ümumən aşınma prosesinin mərhələsindən (pilləsindən) asılıdır. Aşınma prosesinin 1-ci mərhələsində aşınma məhsulları çox kobud olurlar. Bunların tərkibində ən çox zəif aşınmış minerallar və süxur qırıntıları olur. Başqa birləşmələridən isə misal üçün: kalsium, maqnit, karbonat duzlarını göstərmək olar. Dəmir alüminum birləşmələri isə çox az yer tuturlar. Aşınma prosesi süxurda axıra qədər davam edirsə, daha doğrusu axırıncı mərhələdə əksinə aşınma məhsullarının tərkibində çox az zəif aşınmış mineral qırıntılarına ən çox isə yeni kimyəvi birləşmələr yayılmışdı.Beləliklə demək olar ki, aşınma məhsullarının tərkibi həmin süxurun yaşından asılıdır. Cavan süxurlar həmişə zəif aşınmış olurlar, qədim süxurlar isə çox dərindən aşınırlar. Bunu əsas tutaraq ümumən aşınma məhsullarını 4 qrupa ayırmaq olar. Birinci qrupa aid olan aşınma məhsulları, elə məhsullara deyilir ki, bu məhsulların tərkibində hələ də tamamilə aşınmamış və yaxud zəif aşınmış mineral qırıntılarına təsadüf etmək olur. İkinci qrup aşınma məhsullarına keçid aşınma məhsulları deyilir. Bunların tərkibində sərbəst kvarsa və gilə də təsadüf etmək olur. Ücüncü qrup aşınma məhsullarına son aşınma məhsulları deyilir. İstər süxur parçaları və istərsə də mineral qırıntıları axıra qədər aşınırlar və bu məhsulların tərkibində qeyri- kristal şəklində olan silikat hidratına, alüminiuma və dəmir hidratına təsadüf etmək olar. Dördüncü qrupa aşınma məhsulları olan karbonat, sulfat və fosfat turşusunun duzları daxildir. Birinci və ikinci qrupa daxil olan aşınma məhsullarının torpaq əmələ gəlmə prosesində o qədər də böyük rolları yoxdur.



Oxunub: 2951

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim