Kaspi qəzeti, N:242(2652) 7 Fevral, 2012
Dəyərli torpaqşünas alim, gözəl insan haqqında

Font:      

Cəmisi 53 il ömür sürdü, amma yaşadığı dövr ərzində yazdığı əsərlər onu qısa bir müddətdə dünyada tanıtdı
Bəşəriyyət yarandığı gündən elm olmuş, o müxtəlif mərhələlər keçərək müasir dövrə gəlib çatmışdır. Tarix boyu alimlər çalışmış, axtarışlar aparmış, öz fikirlərini deyərkən bəzən ölümə də məhkum olsalarda sözlərindən dönməmişlər.
Haqqında danışmaq istədiyim nəcib insan, yaradıcılığının çiçəklənən, yaşının müdrik çağında aramızdan getmiş torpaqşünas alim, k.t.e.d. (1966), prof. (1971), 1968-1979-cu illərdə Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eləcə də həmin İnstitutun rekultivasiya laboratoriyasının müdiri vəzifələrində çalışmış Muxtar Rzaqulu oğlu Abduyevdir. Cəmisi 53 il ömür sürdü, amma yaşadığı dövr ərzində yazdığı əsərlər onu qısa bir müddətdə dünyada tanıtdı. Onu başa düşən, ondan öyrənən insanlar varlığında ona həsəd aparsalarda, yoxluğundan çox kədərləndilər.
1976-cı ildən Azərbaycan MEA-nın Torpaqşunaslıq və Aqrokimya insitutunda (aspiranturada) SSRİ- EA vitse prezidenti, akademik B.R.Volobuyevin, k.t.e.n., baş elmi işçi Q.Z.Əzizovun rəhbərliyi altında «Naxçıvan muldası (təknəvari çökəklik) torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yolları» mövzusunda namizədlik dissertasiya üzərində işləyirdim.
Naxçıvanda meliorasiya sahəsinə aid elmi tədqiqat işi ilk dəfə idi aparılırdı. Baxmayaraq ki, bizdən öncə S.A.Zaxarov, H.Ə.Əliyev, Ə.Zeynalov, R.H.Məmmədov və başqaları Naxçıvanda müxtəlif səpkidə torpaq tədqiqaları aparsalarda, mövcud şəraitdə melorasiya və su təsərrüfatının sürətli inkişafı dövründə torpaqlarda əmələ gələn təkrar şorlaşma prosesi ilk dəfə olaraq tədqiq olunaraq gündəmə çıxarıldı.
Biu iş mənim üçün də ikiqat çətin idi. Çünki, Azərbaycanın müxtəlif bölgələrində, Mil-Muğan, Qarabağ, Şirvan və s. ərazilərində uzun müddət ərzində torpaq meliorasiyası sahəsində tədqiqatlar aparılmış olsada, Naxçıvan MR-də ilk dəfə idi ki tədqiqata başlanırdı. Demək olarki bu sahəyə dair heç bir məlumata rast gələ bilmirdim.
Buna görə Naxçıvanın təkrar şorlaşmaya məruz qalmış Nehrəm torpaqlarını, Duzdağın aşınma məsulları hesabına şorlaşmış Böyük düz torpaqlarında elmi tədqiqat işi aparmaq olduqca çətin idi. Çıxış yolu isə yox idi, ya işi davam etməli, yada işdən imtina etməli idim.
Mövzumla əlaqədar meliorasiya sahəsində fundamental iş aparan alimlərin işləri ilə maraqlanmağa başladım. Bu sahədə Özbəkistanda, Türkmənistanda, Rusiyada və başqa ölkələrdə aparılmış işlərlə tanış oldum. Lakin bu işlərin nəticələri məni qane etmirdi. Yəni mənim tədqiqatım ilə uyğun gəlmirdi ki, onlardan qismən bəhrələnim. Çətinliklərə baxmayaraq mən Naxçıvan MR-də ilk dəfə olaraq şoran və təkrar şorlaşmış torpaqların yuyulması işinə başladım. Bu işdə demək olar ki Muxtar müəllimin əsərləri stolüstü kitablarıma, sahələrdə apardığı çöl tədqiqatı işləri isə gündəlik iş proqamına çevrilmişdi. Beləliklə Naxçıvan MR-in Böyük düz, Xok və Nehrəm kəndləri ərazilərində şoran və təkrar şorlaşmış torpaqlar yuyularaq əkin dövriyyəsinə qaytarıldı. Lakin görülən işlər böyük zəhmət və elm adamlarının köməyi ilə başa çatdı.
Yaxşı yadımdadır, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutun torpaq meliorasiyası laboratoriyasında elmi hesabatım müzakirə olunurdu. Müzakirədə 1958-63-cü illərdə “Naxçıvan MR torpaqlarının aqrofiziki xassələri və onlardan kənd təsərrüfatında istifadə” üzrə fundamental tədqiqat aparmış mərhum prof. Rəfi Məmmədov da iştirak edirdi. Mən Naxçıvan muldası(təknəvari çökəklik-geoloji termin) torpaqlarında təkrar şorlaşmanın əmələ gəlməsi, onları doğuran səbəblər və ona qarşı mübarizə yollarından danışarkən məruzəmin gedişində mübahisə yarandı. Azərbaycanın Mil-Muğan və Şirvan torpaqlarında tədqiqat ilə məşqul olan alimlər mənim fikrimlə razılaşmayaraq etiraz etdilər. Söhbət Naxçıvanda torpaqların qanunauyğun yayılmamasından gedirdi. Xüsusi ilə torpaq kəsimlərinin qısa məsafədə tez-tez dəyişdiyini qəbul etmirdilər. Belə olan halda isə torpaqlarda baş verən təkrar şorlaşma proseslərinin düzgün şərhini vermək olmurdu.
Mübahisələrin qızğın getdiyi bir zamanda prof. Rəfi müəllim yerindən söz alaraq dedi ki, yoldaşlar aspirantın fikri düzgündür, onun dediyində yanlışlıq yoxdur. Əgər Mil-Muğan və Şirvan zonalarında qeyd olunan torpaq kəsiyindəki dəyişikliklər bir neçə on kilometrlə davam etdiyi halda, Naxçıvanda bu dəyişiklik yüz metrdə hətta onlarla metr məsafədə müşahidə olunur. Beləliklə prof. R.Məmmədovun müdaxiləsi məni mübahisədən xilas etdi. Lakin, məsələ bununla qurtarmadı.
Sabahı günü mənə dedilər ki Torpaqşünaslıq və Aqrokimya İnstitutun direktorun elmi işlər üzrə müavini sizi yanına çağırır. Narahat oldum, nəyə görə çağrılıram, bəlkə bir səhv etmişəm. Nə isə sabahı günü direktorun müavinin qəbulunda oldum. İcazə alıb içəri girdim. Məni çağıran alim əslində 1966-69-cu tələbəlik illərindən tanıdığım professor Muxtar müəllim idi. Mən hələ tələbəlik illərində Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya fakultəsində oxuyarkən Muxtar müəllimin bizim fakültədə dərs dediyini bilirdim. O vaxt belə təsəvvür vardı ki, görkəmli alimlərə, professorlara yanaşmaq, onlardan söz soruşmağa hər adam risk etməzdi, biz uzaqdanda olsa onlara həsəd aparardıq. Bu gün isə ilk dəfə idi prof. Muxtar müəllimlə üz-üzə gəlirdim.
Təbiiki, Muxtar müəllimin elmi fəaliyyəti onun tədqiqatlarının xüsusən dellüvial mənşəli şoran torpaqların yuyulmasına həsr olunmuş əsərləri mənim elmlər namizədi dissertasiyamın ərsə gəlməsində əvəzsiz rol oynadı. Elə əsərlər var ki, onun 50 səhifəsindən bir cümlə yaza bilmirsən. Amma Muxtar müəllimin ən kiçik həcmli məqaləsi böyük bir əsərdir. Onun hər cümləsi böyük bir məna daşıyır. Çünki, alimin səriştəli, elmli, mühakiməli və eksperimental tədqiqata əsaslanmış əsəri mənalı bir ömrün salnaməsidir. O cəmisi 53 il yaşadı. Amma qısa müddətdə elm aləmində heç kəsin torpaq meliorasiyasında edə bilmədiyini o yerinə yetirdi.
XX əsrin ilk illərində Rusiya torpaqşünaslıq elminin əsasını qoymuş Dokuçayevin Azərbaycanda olması və onun Böyük Qafqaz silsiləsinə doğru etdiyi səfərdə torpaqların yüksəkliyi istiqamətində (şaquli zonallıq) yayılmasını müşahidə etməsi Azərbaycan torpaqşünaslarından biri kimi Muxtar Abduyevin də qarşısında geniş yaradıcılıq üfüqləri açdı. İlk dəfə olaraq 1953-cü ildə “Azərbaycan torpaqları” kitabı çap olundu. Burada torpaq tipləri, növləri müəyyən edilmiş və onların coğrafi yayılması göstərilmişdir.
Muxtar Abduyevin şoran və şorakət torpaqlarda tədqiqat apardığı dövrlərdə SSRİ miqyasında suvarma əkinçiliyinə görə Azərbaycan ikinci yerdə idi. Günəş enerjisinin bol olması boz torpaqlarda pambıqçılığın inkişaf etdirilməsinə imkan verirdi. Nəticədə isə torpaqşünas alim apardığı araşdırmalarla, çöl və laboratoriya təcrübələri ilə müəyyən edirdi ki, həmin torpaqlarda vaxtaşırı şorlaşma dərəcəsi artır, buna müvafiq olaraq məhsuldarlıq aşağı düşür. Beləliklə də, Kür-Araz ovalığında olan torpaq ehtiyatı öz keyfiyyətini itirdi. Buna görə də, Muxtar Abduyev həmin ərazilərdə torpaq tədqiqatını genişləndirir, gətirdiyi torpaq nümunələrini laboratoriya şəraitində analiz edir və onlardan mühüm nəticələr alırdı.
Torpaqşünaslıq elminin mahir bilicisi olan Muxtar müəllim Azərbaycanın şoran və şorakət torpaqlarında apardığı elmi tədqiqatları get-gedə dərinləşdirirdi. Belə axtarışlar nəticəsində hər gün, hər ay daha bir yeniliyə imza atırdı. Şoran və şorakət torpaqlara aid olan elmi yenilikləri Muxtar Abduyev Azərbaycan torpaqşünaslığına gətirmiş, onu inkişaf etdirmək üçün yaradıcı bir mövqe tutmuşdu. Onun bu yaradıcılığı isə öz bəhrəsini verdi. O, yenilikçi alimlər arasında xüsusi imzası ilə seçilən torpaqşünas alimlərin daim diqqət mərkəzində olurdu.
Muxtar Abduyev çox böyük zəhmətlərin, yuxusuz gecələrin hesabına elmi tədqiqat işlərini uğurla davam etdirirdi. Torpaqşünaslıq elminin bütün istiqamətləri kimi, şoran və şorakət torpaqların meliorasiyası da həyata tətbiq edilən, aramsız olaraq gəlir gətirən elmdir. Bu baxımdan Muxtar müəllimin apardığı bütün elmi-tədqiqat işləri başa çatan kimi istehsalatda öz tətbiqini tapırdı.

Azərbaycan torpaqşünaslıq elminin yaranmasında və inkişaf etdirilməsində görkəmli alimlərdən Həsən Əliyev, Cəbrayıl Hüseynov, Vladimir Volobuyev, Məmməd Emin Salayev, Kazım Ələkbərov, Şahalı Həsənov, Xəlil Mustafayev, Rəfi Məmmədov kimi görkəmli torpaqşünas alimlər arasında Muxtar Abduyevin də adı həmişə xüsusi hörmətlə çəkilir.
Belə alimlərlə birgə işləmək həm çətin, həm də şərəfli idi. Muxtar müəllim özünün yaradıcılıq imkanlarını daim elmi problemlərin həllinə yönəltmişdir. Müntəzəm olaraq görkəmli torpaqşünas alimlərlə əlaqədə olması, onlardan məsləhətlər alması, fikir mübadiləsi aparması elmin bu mühüm problemlərinin həllində M.Abduyevə yardımçı olurdu.
Azərbaycan torpaqşünaslıq elminin görkəmli nümayəndələrindən biri böyük elmi potensiala və nadir təşkilatçılıq qabiliyyətinə malik olan tədqiqatçı alim, kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Rzaqulu oğlu Abduyev idi. M.Abduyev akademiklər Həsən Əliyevin və V.R.Volobuyevin müəyyən etdiyi çox böyük elmi-təşkilati yolu uğurla davam etdirmiş, onların torpaqşünaslıq sahəsindəki araşdırmalarını dövrün tələblərinə uyğun elmi kontekstdə inkişaf etdirmişdir. Onun əsas elmi araşdırmaları respublikada yayılmış şoran və şorakət torpaqların tədqiqi ilə bağlı idi. O, torpağın su rejimi və onun öyrənilmə metodikası, torpağın su-duz və şorlaşması dinamikası, torpaqların yuyulması və istifadəsi məqsədilə aqromeliorativ araşdırmalar aparmaqla yanaşı, şorakətlərin vaxtında yuyulması tədbirləri, şorakət torpaqların yayıldığı ərazilərin geomorfologiyası, şoran torpaqlardan meyvə və üzüm bitkiləri yetişdirmək üçün istifadə edilməsi yolları, şorlaşma və onunla mübarizə tədbirləri barədə geniş və dəyərli tədqiqat işlərini də yerinə yetirmişdir.
Şübhəsiz ki, hər bir alimin elmə verdiyi dəyər əsərlərinin aktuallığı və uzunömürlülüyü ilə ölçülür. Sanballı elmi əsərlər alimi ucaldır, ona elm tarixində yer tutmağa əsas verir. Bu baxımdan kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Abduyevin yazdığı kitablar geniş oxucu kütləsinə, mütəxəssislərə, universitetlərdə təhsil alan tələbələrə fayda, bilik verən əsərlərdir.
Muxtar Abduyevin ən böyük əsərlərindən biri onun böyük zəhmət hesabına apardığı elmi tədqiqatların nəticəsi olan “Azərbaycanın gilli şoranlıqlarının sürətli meliorasiyası” adlı monoqrafiyasıdır (Bakı, “Elm”, 1977). Monoqrafiya 10 fəsildən ibarətdir. Bu fəsillərdə Azərbaycanın düzən ərazilərinin təbii və torpaq - meliorativ xüsusiyyətləri; Azərbaycanın düzən şorlaşmış torpaqlarının yaxşılaşdırılmasının əsasları; torpaq hidroloji şəraiti haqqında; torpağın su ilə yuyulması; gips tətbiq etməklə torpağın yuyulması; gips və peyinin birgə tətbiqi ilə torpağın yuyulması; sulfat turşusunun tətbiqi ilə torpağın yuyulması; torpağın üzvi-gips qarışığı ilə yuyulması; torpağın üzvi-mineral turşularla yuyulması və nəhayət şorlaşmış torpaqların meliorasiyasına dair tövsiyələr öz əksini tapmışdır.
Mənim qarşımda Naxçıvan MR-n Arazboyu maili düzənliyin hidrogeoloji rayonlaşdırılması və hidrokimyəvi xüsusiyyətlərinin öyrənilməsi məsələsi dururdu. Olduqca ciddi olan bu məsələnin həlli ərazinin yeraltı sularının su-duz balansı problemi ilə əlaqədar idi.
Alimin Azərbaycanın şoran və şorakət torpaqlarında apardığı elmi tədqiqatları get-gedə dərinləşdirirdi. Apardığı bütün elmi-tədqiqat işləri başa çatan kimi istehsalatda öz tətbiqini tapırdı.
Naxçıvan MR-n Arazboyu maili düzənliyin təbii şəraiti olduqca çox müxtəlif tip sahələrdən ibarətdir. Meliorativ torpaq tiplərinin ayrılması üçün su-duz kütlələrinin miqrasiya amilləri, bu miqrasiyanın yolları, torpaq qruntda onların hərəkət şəraiti, eyni zamanda, torpaqda, qruntda və qrunt suyunda həmin su-duz kütlələrinin toplanması vaxtları öyrənilməli idi. Su-duz miqrasiyası yolları və amillərini təyin etmək üçün geomorfoloji analiz və coğrafi-kimyəvi tədqiqatlar çox əhəmiyyət daşıyırdı. Beləliklə biz V.R. Volobuyev və M. Abduyevin təcrübələrindən bəhrələnərək göstərilən tədqiqatları davam etdirilərək lazımi nəticələr əldə edə bildik.
Muxtar müəllim təkcə elmi xidmətlərinə görə deyil, ən əsası, insana xas olan müsbət keyfiyyətlərinə görə də Azərbaycan alimlərinin, yaradıcı ziyalıların ürəyində əbədi olaraq yaşayır.
Mən bu gün qürurla deyə bilərəm ki ömrümün ən dəyərli dövrünü, gəncliyimin Həsən Əliyev, Vladimir Volobuyev, Muxtar Abduyev, Məmməd Emin Salayev, Qərib Məmmədov, Q.Z.Əzızov, Məhərrəm Babayev, Paşa Zamanov, Sara Məmmədova və başqaları ilə birgə çalışdığım illəri özümüçün ən şərəfli günlər sayıram. Onların həyatda qalanlarına cansağlığı, rəhmətə gedənlərinə isə qəbrlərinin nurla dolmasını, ruhlarının şad olmasını allahdan diləyirəm.

Ə.G.QULIYEV,
Naxçıvan Dövlət Universitetinin ÜTF və Ekologiya kafedrasının müdiri, professor



Oxunub: 1787

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim