Fizuli Əhmədov

Font:      

Mən professor Muxtar Abduyevin çoxsaylı tələbələrindən biriyəm

8-10 iyun 2012-ci il tarixində Bakı və Qəbələ şəhərlərində professor Muxtar Abduyevin 85 illiyinə həsr olunmuş “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi.
Beynəlxalq konfransın təşkilatçıları milli ənənələrə sadiq qalaraq konfrans iştirakçılarına yüksək qonaqpərvərlik nümayiş etdirdilər. Azərbaycanın görkəmli alimləri və tanınmış xarici alimlər öz elmi nailiyyətlərini bölüşdülər, gənc alimlər isə yeni təcrübə qazandılar. 20-dən çox ölkəni təmsil edən ən aparıcı alimlərin çıxışları, çıxışlar ətrafında qızğın müzakirələr, diskusiyalar bu tədbirin nə qədər mühüm və arzuolunan tədbir olmasını göstərirdi. Professor Muxtar Abduyevi şəxsən tanıyan və ya onun əsərləri ilə yaxından tanış olan tanınmış alimlər öz xatirələrini və elmi mülahizələrini konfrans iştirakçıları ilə bölüşdülər.
Yüksək maraq kəsb etdiyi üçün seksiyalarda edilən çıxışlar və onlar ətrafında aparılan müzakirələr bunun üçün ayrılmış vaxt çərçivəsinə sığmır, asudə vaxtlarda belə davam edirdi.
Ümumiyyətlə tədbirin belə yüksək səviyyədə keçirilməsi məni bir azərbaycanlı kimi, bir elm adamı kimi çox qürurlandırdı.
Həmişə xatırlayıram, 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alırdıq. İlhamla ilk gündən etibarən yaxından dostluq etmişik. Bu səbəbdən tez-tez bir-birimizin evinə gedərdik. Evlərimizdə oxşarlıq çox idi. Bizim evləri çoxsaylı kitablar “bəzəyirdi”. Mənim də anam Səyyarə xanım kimi gözəl, xanım-xatın idi. Analarımızın dadlı yeməkləri də bir-birinə oxşayırdı. Atalarımız elmlər doktoru, professor idilər. Lakin bizim təhsil aldığımız sahə Muxtar müəllimin sahəsinə yaxın olduğu üçün o, bizə daha çox dəyərli məsləhətlər verir, bizi istiqamətləndirirdi.
Universitetin 3-cü kursunda oxuyarkən ixtisas və diplom mövzusu seçmək lazım idi. Mövzu seçimi bir problem idi. Bu səbəbdən biz özümüzü Muxtar müəllimin yanına çatdırdıq. Professor Muxtar Abduyev Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq İnstitutunun direktor müavini idi. O, bizə bir-birindən fərqli maraqlı mövzular verdi. Mənim mövzum “Neftlə çirklənmiş torpaqların rekultivasiyası prosesində müxtəlif bitki növlərinin rizosfera (kök sistemində) mikroflorasının rolu” çox maraqlı və yeni bir mövzu idi. Mən böyük ruh yüksəkliyi ilə mövzu ilə əlaqədar bütün təcrübələri uğurla yekunlaşdırıb, diplom işini “əla” qiymətlə müdafiə etdim. Lakin mənim ən böyük mükafatım Muxtar muəllimin tərifi oldu. Bu hadisə məni çox ilhamlandırdı və mənim həyat yolumu belə dəyişdirdi. Mən Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasınin mikrobiologiya fakültəsinin aspiranturasına daxil oldum. Kafedranın müdiri tanınmış professor Vsevolod Yemtsev mənim elmi mövzumu müəyyən edərkən professor Muxtar Abduyevin diplom işi kimi mənə verdiyi mövzunu əsas götürərək “Müxtəlif bitki növlərinin rizosferasında (kök sistemində) qeyri-simbiotik azotfiksatorların rolu” mövzusunu təyin etdi. Mən uğurla bu elmi işi müdafiə etdim və bioloji elmlər namizədi adını aldım. Torpaq biologiyasına xüsusi önəm verən professor Muxtar Abduyev hələ o vaxtlardan neftlə çirklənmiş torpaqların rekultivasiyası prosesində mikrofloranın rolunu, xüsusən də müxtəlif növ bitkilərin rizosferasında mövcud mikrofloranın öyrənilməsi sahəsində ilk dəfə olaraq öz unikal təcrübələrini qoyur və bu sahənin gələcəyini gördüyü üçün gənc alimləri bu təcrübələrə cəlb edirdi. Sonralar bu sahə müxtəlif ölkələrin alimləri tərəfindən inkişaf etdirildi və bu gün dünya elminin geniş tədqiq olunan sahələrindən birinə çevrilmişdir.
Qürur hissi ilə qeyd etmək istərdim ki, mən professor Muxtar Abduyevin çoxsaylı tələbələrindən biriyəm.
Hesab edirəm ki, keçirilmış Beynəlxalq konfransın miqyasınının geniş olması və belə yüksək səviyyədə keçirilməsinin əsas səbəbi təşkilat komitəsinin profesionallığı və böyük əməyidir.
Bu səbəbdən mən öz adımdan və konfransda iştirak edən bir çox həmkarlarım adından başda Ruhəngiz xanım Heydərova olmaqla bütün təşkilat komitəsinin üzvlərinə və başda akademik Qərib Məmmədov olmaqla AMEA-nın Aqrar Elmlər Bölməsinin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Beynəlxalq konfransın belə yüksək səviyyədə keçirilməsində professor Muxtar Abduyevin övladları İlhamın, Sevincin və Ruhəngizin rolunu xüsusilə qeyd etmək istərdim. Bütün tədbirin ən önəmli iştirakçısı isə Muxtar müəllimin ömür-gün yoldaşı Səyyarə xanım idi.
Mən öz adımdan və həmkarlarım adından bir daha bu möhtəşəm tədbirin təşkilatçılarına dərin minnətdarlığımı bildirir və professor Muxtar Abduyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın mütəmadi olaraq keçirilməsini arzu edirəm.

Biologiya elmləri üzrə fəlsəfə doktoru
Fizuli Əhmədov



Oxunub: 2130

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim